Qoltuq nağara
Adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilən nağaranın bu növünün üzərinə əvvəllər qurd dərisi çəkilərmiş. Nağara ərəb sözü olub, “döyəcləmək”, “taqqıldatmaq” mənasını verir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır.
Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də “Cəngi”, “Yallı” və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir. Sağanağı qoz, ərik və müxtəlif növ ağac materiallarından hazırlanan silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir.
Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir:
Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi zara.