Fövqəladə hallarda davranış qaydaları
Fövqəladə hallar zamanı müxtəlif qaydalara əməl edilməlidir.
Zəlzələ - qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir. Zəlzələ baş verdikdə ilk təkanı hiss edən kimi binanı tərk etmək lazımdır. Əgər bunu bacarmasanız, mənzilin yükdaşıyan divarının, möhkəm ayaqları olan masanın altında gizlənə bilərsiniz. Bu vaxt diz üstə çökməli, yaxud böyrü üstə uzanıb ayaqlarınızı bükməlisiniz. Başı əllərlə qorumaq lazımdır. Dağıntı altında qalmısınızsa, qışqıraraq yerinizi bildirməyə çalışın.
Fırtına, qasırğa və ya güclü külək olarkən qapı və pəncərələri bərk bağlayın və mənzildəki içəri otaqlardan birində qorunun.
Nüvə partlayışı olduqda ərazidən küləyin əks istiqamətində uzaqlaşın. Çünki külək zəhəri daha tez yayır. Zəhərli kimyəvi maddələrlə bağlı qəza baş verdikdə əleyhqaz, tibbi maska, rezin çəkmə və plaşdan istifadə edin. Təhlükəli ərazidən uzaqlaşana qədər onları çıxarmayın. Təhlükəli ərazini tərk edə bilmirsinizsə, çoxlu maye, süd, su və çay qəbul edin.
Yanğın baş verdikdə onun şiddətlənməməsi üçün qapı və pəncərələri açmaq olmaz. Tüstü yarandığından ağız və burnunuzu nəm dəsmalla bağlayın və evin içində əyilərək hərəkət edin. Evdən çıxa bilmirsinizsə, pəncərəyə yaxın yerdə durub yanğınsöndürənləri gözləyin.
Qaz sızmasından şübhələnərsinizsə, elektriki yandırmayın. Dərhal qapıpəncərələri açın. Unutmayın ki, hər bir ailənin fövqəladə hallara hazırlıq planı olmalıdır. Onu da yaddan çıxarmayın ki, müxtəlif təbii fəlakətlərin, qəzaların qarşısını almaq mümkün olmasa da, onlardan qismən də olsa, sığortalanmaq olar. Sığorta qəzalar və təbii fəlakətlər zamanı insanların həyatına, sağlamlığına, mallarına və mülklərinə dəyən zərərin aradan qaldırılması üçün edilir. Bu işi sığorta şirkətləri həyata keçirir.
04.04.2025