Bu maraqlıdır!

Uzunömürlü uşaq jurnalı- "Məktəb"

Uşaq mətbuatında unudulmaz iz qoyan "Dəbistan" jurnalı ondan sonra dərc olunacaq "Rəhbər", "Məktəb" jurnalları üçün əsas nümunəyə çevrildi.


"Məktəb" jurnalının fəaliyyətə başlaması ilə uşaq mətbuatı yeni mərhələyə qədəm qoydu. Jurnalın ilk nömrəsi 1911-ci ildə işıq üzü gördü. Redaktorlar Qafur Rəşad Mirzəzadə və Əliisgəndər Cəfərzadə idi. "Məktəb" jurnalının nəşri dərs vısaitlərinin demək olar ki, tapılmadığı dövrdə fəaliyyət göstərirdi. Jurnal müəllim və şagirdlər üçün məhz vəsait rolunu oynayırdı. Jurnalda çap olunan mövzuların əhatə dairəsi olduqca geniş idi. Çünki yalnız kiçik yaşlı uşaqlar üçün deyil, eyni zamanda böyük yaşlı uşaqlar üçün də yazılar nəşr olunurdu. Bu xüsusiyyəti "Məktəb"i digər uşaq jurnallarından fərqləndirirdi.


Jurnalda müxtəlif rubrikalar ("Tərcümeyi-əhval", "Tarixi-təbii", "Yazı dərsi", "Lüğəti-məktəb", "Böyüklər sözü", "Atalar sözü", "Məsəllər", "Lətifələr", "Tapmacalar" və s.) fəaliyyət göstərirdi.


"Tarixi-təbii" rubrikasında, əsasən H.Zərdabinin yazılarına yer ayrılırdı. "Yazı dərsi" rubrikası uşaqların inşa yazmaq qabiliyyətini artırmaq məqsədi ilə yaradılmışdı. "Lüğəti-məktəb" son səhifələrdə yer alırdı. Burda çətin ərəb-fars sözlərinin mənaları yazılırdı. "Məsələlər" bölməsində uşaqlara müxtəlif məsələlər təqdim olunurdu. "Məsələlərin həlli"ndə isə izahları nəşr edilirdi.


Jurnalda həmçinin, S.Ə.Şirvani, H.Zərdabi, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, Ü.Hacıbəyov, H.Cavid, C.Cabbarlı, M.Hadi, S.S.Axundov kimi ziyalıların əsərlərinə də yer verilirdi.
"Məktəb" jurnalı fasilələrlə dərc olunurdu. Bəzi məsələlər onun fəaliyyətinə mənfi təsir göstərirdi. Məsələn, birinci dünya müharibəsinin başlaması, maliyyə problemi, mətbəədə yaranan çətinliklər və s. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində jurnal məcbur olaraq fəaliyyətini dayandırdı. Q.R.Mirzəzadə 1920- ci ildə jurnalın fəaliyyətini davam etdirməyə çalışsa da, bu dəfə də siyasi məsələlər mane oldu. Beləliklə, jurnal fəaliyyətinə birdəfəlik son qoydu.


Bütün çətinliklərə baxmayaraq, "Məktəb" jurnalı adını Azərbaycan uşaq mətbuatı tarixinə uzunömürlü uşaq mətbuatı orqanı olaraq həkk etdi...

 

Aysel Mübarizqızı
BDU Jurnalistika fakültəsinin tələbəsi