Ümiddən parlayan işıq- Rəhbər jurnalı
Azərbaycan ziyalıları üçün milli uşaq mətbuatı mövzusu daim aktual olmuşdur. Onlar bu sahəni inkişaf etdirmək üçün əllərindən gələni əsirgəmədilər. Bu yolda böyük səy göstərərək bir çox uşaq mətbu orqanının fəaliyyətinə işıq saçdılar.
Digər uşaq jurnalları kimi "Rəhbər" jurnalı da Azərbaycan maarifçilərinin zəhmətinin bəhrəsidir. "Rəhbər" jurnalı 1906-cı il 23 sentyabrda fəaliyyətə başladı. Baş redaktor Mahmud bəy Mahmudbəyov idi. "Rəhbər" jurnalı pedoqoji yönümlü idi. Tərəqqini yalnız maariflənməkdə, təhsildə görürdü. Bu mövzuda jurnalın ilk nömrəsində belə qeyd olunmuşdu: "Artıq qol gücünün rol oynamadığı bir dövrdə zəif millət də elm gücü ilə qalib gələ bilər". Həmçinin, qeyd olunurdu ki, xalqın tarxinin, milli kimliyinin, dilinin unudulmaması üçün daim maariflənmək əsas şərtdir.
Mətbuatımızın bir çox görkəmli nümayəndələri "Rəhbər" jurnalının fəaliyyətini alqışlayırdılar. Hətta C.Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında "Rəhbər" felyetonunu çap etmişdir. M.Ə.Sabir, A.Səhhət və s. kimi ziyalılar "Rəhbər" jurnalının əməkdaşları idilər.
Uşaqların milli ədəbiyyatı unutmamaları maarifçilərin əsas qayələrindən idi. "Ədəbiyyatımıza dair" bölməsində Azərbaycan klassiklərinin həyat və yaradıcılığına yer ayrılırdı. Jurnal hər zaman ünvanladığı auditoriyanın yaşını, bilik və bacarıqlarını, maraq dairəsini nəzərə alırdı. Jurnalın hər nömrəsinin sonunda lətifələr, tapmacalar, məsəllər və s. kimi materiallar olmurdu. Çünki daha çox pedoqoji sahədə fəaliyyət göstərirdi.
"Rəhbər" jurnalı da digər uşaq jurnalları kimi maddi cəhətdən çətinliklə qarşılaşdı. Jurnalın son nömrəsi 1907-ci il 17 yanvarda nəşr olundu. Cəmi 4 ay fəaliyyət göstərdi. 5 nömrəsi işıq üzü görsə də, qısa, lakin parlaq ömür sürdü.
Aysel Mübarizqızı
BDU Jurnalistika fakültəsinin tələbəsi