Nağıllar, hekayələr

Oskar Uayld. Xudbin div

Uşaqlar hər gün günortadan sonra məktəbdən qayıdanda Divin bağçasına gedib oynayardılar. Bura yumşaq, yaşıl otlarla örtülmüş, böyük, gözəl bir bağça idi. Yaşıllıqların hər tərəfində göy üzündəki ulduzlar kimi parlayan güllər və bahar gələndə çəhrayı rəngdə zərif çiçəklər açan, payızda isə bərəkətli meyvələr verən on iki şaftalı ağacı vardı. Ağaca qonan quşlar elə coşqu ilə cəh-cəh vururdular ki, uşaqlar oyunlarını yarımçıq qoyub onları dinləyirdilər. Bir-birinə: “Biz burada necə də xoşbəxtik”, – deyirdilər.

 

Bir gün Div geriyə – qəsrinə qayıtdı. Yeddi il idi ki, buralarda yox idi, yaxın dostu Bədheybət Kornvolu görməyə getmişdi. Danışqan bir div olmadığından yalnız dostunu görüb sözünü deyəndən sonra geri qayıtmışdı və bu gediş-dönüş düz yeddi il çəkmişdi.

 

Qayıdıb nə görsə, yaxşıdır? O tərəf-bu tərəfə qaçışan, gülüb-oynayaraq əylənən bir dəstə uşaq onun bağçasını “zəbt” edib.

 

Onları görüncə: “Sizin burada nə işiniz var?!” – deyə gur və xırıltılı səslə bağırdı. Uşaqlar bu dəhşətli səsi eşidincə quş balaları kimi pərən-pərən olub gözdən itdilər.

 

– Mənim bağçam mənimdir! – deyə Div arxalarınca qışqırdı. – Hər kəs bunu bilsin! Burada məndən başqa heç kim oynaya bilməz! Buna icazə vermirəm!

 

Div ürəyindəkiləri söyləyib bağçanın ətrafına yüksək bir hasar çəkdi, üstəlik, lövhəyə “Mənim bağçam mənimdir. Girmək olmaz!” yazaraq hasarın divarından asdı.

 

Bəli, bizim Div xudbin idi.

 

Yazıq uşaqların artıq oynamaq üçün başqa yeri yox idi. Yolda oynamaq istədilər, amma ora da toz-torpaq içində idi, həm də sərt daşlarla dolu olduğundan xoşlarına gəlmədi. Dərsləri qurtarandan sonra uşaqlar hündür divarların ətrafında gəziner, hasarın o üzündə qalan bağçadan söhbət açar, orada keçirdikləri xoş günləri yadlarına salardılar: “Orada necə də xoşbəxt idik!” – deyib bağçanın həsrətini çəkərdilər.

 

Beləcə, bahar gəlib çatdı, çöllər, çəmənlər xırdaca çiçəklərlə bəzəndi, quşlarla doldu. Ancaq xudbin Divin bağçasında hələ də qış mövsümü idi. Bağçada uşaqların şən səsi gəlmədiyindən quşlar oxumağı, ağaclar çiçək açmağı unutmuşdular. Bir dəfə bir çiçək otların arasından başını qaldırdı, amma lövhəni görüb uşaqlara görə o qədər kədərləndi ki, başını yenidən torpağa əydi və yuxuya daldı. Bu hal təkcə Qarı və Qırovu sevindirirdi. “Görünür, bahar bu bağçaya gəlməyi unudub, deməli, bütün ilboyu burada yaşayacağıq”, – deyib gülüşürdülər.

 

Qar geniş, bəyaz örtüyü ilə yaşıl otların üstünü örtdü. Şaxta bütün ağacları gümüşü rəngə boyadı. Sonra Şimal Küləyini də yanlarına çağırdılar, o da böyük həvəslə dəvəti qəbul etdi. Kürkünə bürünmüş Şimal Küləyi günboyu bağçada kükrəyərək dolaşır, bacaları vurub dağıdırdı. “Bəh, bəh, bura nə gözəl yerdir belə, – dedi, – ancaq Dolunun yeri yaman görünür. Bəlkə, onu da dəvət edək, yanımıza gəlsin?” Dostları: Qar, Qırov, Şaxta onunla razılaşdılar. Beləcə, Dolu da gəldi. Hər gün üç saat dayanmadan Divin qəsrinin kirəmitlərini döyəcləməyə başladı. Elə yağırdı ki, axırda kirəmitlərin çoxunu qırdı, bəzilərini də çatlatdı. Elə bu sürətlə də bağçanın dörd bir tərəfində fırlandıqca fırlandı, heç “yoruldum” deyib dayanmadı. Boz paltarını geyinmişdi, nəfəsi də buz kimi olduğundan hər yeri dondururdu. Soyuq nəfəs kəsirdi.

 

Xudbin Div düşüncəli halda pəncərənin qarşısında oturub ağappaq donunu geyinmiş bağçasına baxaraq öz-özünə dedi: “Baharın nə üçün belə gecikdiyini heç anlaya bilmirəm. Görəsən, niyə gəlmir? Ümid edirəm, tezliklə hava dəyişər.”


Bu minvalla günlər keçdi… Ancaq bahar gəlmədi ki, gəlmədi. Yay da yolunu heç buralardan salmadı. Hətta nəinki yay, bütün bağ-bostana bir-birindən dadlı meyvələr verən payız da: “O, çox xudbindir. Ona meyvə verməyi ürəyim istəmir”, – deyib Divin bağçasının kənarından ötüb-keçdi. Beləcə, o bağçada ilboyu qış hökm sürdü. Şimal Küləyi ilə Dolu, Qırovla Qar ağacların arasında gülüb-oynayaraq rəqs edir, elə hey əylənirdilər. Onlara “dayanın” deyən olmurdu.

 

Bir səhər Div yatağında uzanıb şirin yuxuya dalarkən birdən qulağına çox gözəl musiqi səsi dəydi. Eşitdiyi musiqi o qədər gözəl idi ki, deyərdin, bəs buralardan kral çalğıçıları keçir. Ancaq bu səs pəncərənin qarşısında ötən kiçik bir kətanquşunun cəh-cəhi idi. Yəqin, Divin bağçasında uzun müddətdən bəri heç bi…


Dırmaş görüm, balaca!” – dedi ağac və bacardıqca budaqlarını aşağı endirdi. Amma oğlan lap balaca idi, axı necə dırmaşsın?

 

Bu mənzərəni görən Divin buz qəlbi əridi. Öz-özünə söyləndi: “Ah, mən necə də xudbin olmuşam, yekəxana davranmışam. Baharın buraya nə üçün gəlmədiyini indi anladım. O balaca oğlancığazı ağacın lap başında oturdacağam, sonra da hasarı dağıdacağam. Qoy bağçam daim uşaqların oyun yeri olsun”. Div öz əməllərinə görə çox peşman olmuşdu.

 

 

Elə bu düşüncə ilə də qəsrinin pilləkənlərindən aşağı düşdü. Qabaq qapını yavaşca açıb bağçaya çıxdı. Ancaq uşaqlar onu görüb elə qorxdular ki, hamısı qaçıb gizləndi. Uşaqlar qaçınca da baharı yenə qış əvəz etdi. Təkcə kiçik oğlan qaçmadı, gözləri yaşla o qədər dolmuşdu ki, Divin gəldiyini görməmişdi. Div arxadan yaxınlaşdı, onu belindən tutub ağacın başında oturtdu. Elə o andaca ağac çiçək açdı, quşlar onun ətrafında dövrə vurub oxumağa başladılar. Balaca oğlan da gözünün yaşını sildi, qollarını arxasınacan geniş açıb Divin boynunu qucaqladı, üzündən öpüb gülümsədi. Kənardan baş verənlərə tamaşa edən uşaqlar artıq Divin əvvəlki kimi daşqəlbli olmadığını anlayıb geri qayıtdılar. Onların gəlişi ilə bahar da özünü yetirdi.

 

Div: “Bura artıq sizin bağçanızdır, əziz uşaqlar”, – deyib əlinə böyük bir balta götürərək divarı darmadağın etdi. Günortadan sonra bazara gedən adamlar gördülər ki, ən gözəl bağçada Div uşaqlarla birlikdədir. Həmin gün onlar axşamacan birlikdə oynadılar, axşam sağollaşıb hərə öz evinə dağılışanda Div uşaqlardan soruşdu: “Yaxşı, bəs balaca yoldaşınız hanı? Ağaca çıxartdığım oğlan haradadır?” Div o balacanı çox sevmişdi, çünki uşaq onu öpmüşdü. Uşaqlar: “Bilmirik”, – dedilər və çıxıb getdilər.

 

Div arxalarınca qışqırdı: “Ona deyin ki, sabah mütləq gəlsin”.

 

Amma uşaqlar oğlanın harada qaldığını bilmədiklərini, onu ilk dəfə gördüklərini söylədilər. Bu, Divi çox məyus etdi.

 

Hər gün günortadan sonra – dərs bitən kimi uşaqlar gəlib Divlə oynayırdılar. Ancaq Divin çox sevdiyi balaca oğlan gəlmirdi ki, gəlmirdi.

 

Onu bir də “gördüm” deyən olmadı. Div isə bütün uşaqlarla mehriban rəftar edir, qayğıkeş davranırdı. Di gəl ki, balaca dostu üçün çox darıxırdı, elə hey ondan söz açıb: “Onu görmək üçün lap burnumun ucu göynəyir”, – deyirdi.

 

Aylar ötdü, fəsillər bir-birini əvəz elədi, illər keçdi. Div qocalıb əldən-ayaqdan düşdü. Daha oyun oynaya bilmirdi, odur ki, böyük bir taxtın üstündə oturub uşaqları seyr edir, heyranlıqla bağçasına baxırdı. “Nə gözəl çiçəklərim var, – deyirdi, – ancaq ən gözəl çiçəklər uşaqlardır”.

 

Bir qış səhəri əynini geyinərkən pəncərədən çölə boylandı. Artıq qışa nifrət etmirdi, çünki onun baharın yuxusu olduğunu, çiçəklərin və təbiətin məhz bu zaman dincəldiyini anlayırdı.

 

Birdən gözlərinə inanmadı. Gözlərini ovuşdurub yenidən baxdı…

 

Bu bir möcüzə idi. Bağçanın ən uzaq küncündə başdan-ayağa gözəl, zərif, ağappaq çiçəklərlə bəzənmiş bir ağac görünürdü. Budaqları qızıla çalır və hər tərəfindən gümüşü meyvələr sallanırdı. Ağacın altında isə illərdir axtardığı, çox sevdiyi balaca oğlan dayanmışdı.

 

Div böyük bir sevinc və xoşbəxtlik hissi ilə aşağıya qaçdı, tez bağçaya çıxdı. İri addımlarla qarla örtülmüş otları yarıb uşağın yanına tələsdi. Yaxınına gəlincə hirsindən üzü qıpqırmızı oldu.

 

“Söylə görüm, səni yaralamağa kim cürət edib?” – dedi. Çünki oğlanın ovuclarında iki mismar izi var idi.

 

Div: “Səni yaralamağa kim cürət edib?! – deyə bir də qışqırdı. – Mənə de, gedib onu öldürüm!”

 

“Yox, – dedi uşaq, – bunlar Sevginin açdığı yaralardır”.

 

Divin bədəninə qəribə bir ürpərmə gəldi, uşağın qarşısında diz çöküb soruşdu: “Sən kimsən?”

 

Uşaq Divə baxaraq gülümsədi və ona: “Sən mənə bağçanda oynamağa icazə vermişdin, indi də mən səni öz bağçama – Cənnət bağçasına aparmağa gəlmişəm”, – dedi.

 

Uşaqlar həmişəki kimi o gün də axşamtərəfi qaçaraq bağçaya gələndə Divin cansız cəsmini ağacın altında tapdılar. Onun bədəni başdan-ayağa bəyaz güllərlə örtülmüşdü.