Lev Tolstoy. Pyotr I və kəndli
Bir gün kral meşədə gəzərkən ağac kəsən bir kəndli ilə rastlaşdı.
— Allah köməyin olsun! — dedi kral.
— Elə Allahın köməyindən başqa bir şey istəmirəm, — deyə kəndli cavab verdi.
— Ailədə çoxsunuzmu? — kral soruşdu.
— İki oğlum, iki qızım var.
— O qədər də çox deyilsiniz. Pulunu nə edirsən?
— Pulumu üç yerə bölürəm, — kəndli cavab verdi, — birinci hissə ilə borclarımı verirəm. İkinci hissəni borc verirəm. Üçüncünü də havaya atıram.
Kral düşündü, düşündü, ancaq kəndlinin nə demək istədiyini başa düşmədi.
Kəndli dedi:
— Borcumu verirəm, yəni anamla atama baxıram. Borc verirəm, yəni oğullarımı böyüdürəm. Havaya atıram, yəni qızlarıma baxıram.
Kral dedi:
— İti zəkan var, qoca. İndi mənə yolu göstər, görüm meşədən çıxa bilərəm? Yolu azmışam.
Kəndli cavab verdi:
— Yolunu özün tap. Dümdüz get, sonra sağa dön, sonra sola, sonra yenə sağa.
— Bu söylədiyin sözlərlə yolumu tapa bilmərəm. Yolu sən göstər.
— Sizə yol göstərəsi vaxtım yoxdur, cənab. Biz əkinçilər üçün vaxt puldur.
— Yaxşı. Sənin üçün vaxt puldursa, mən sənə bunun qarşılığını ödəyəcəyəm.
— Haqqını verəcəksinizsə, sizə yolu göstərərəm, buyurun gəlin.
Birlikdə yola düşdülər. Bir az gedəndən sonra kral soruşdu:
— Qoca, söylə mənə, heç buralardan uzaqlara getmisənmi?
— Ara-sıra ora-bura gedirəm.
— Yaxşı, kralı heç görmüsənmi?
— Xeyr, onu heç görməmişəm, amma görmək istəyərdim.
— Düzənliyə çatanda kralı görəcəksən.
— Bəs onu necə tanıyacağam?
— Kraldan başqa hər kəsin başı açıq olacaq. Ancaq onun başında papaq olacaq. Ondan tanıyarsan.
Beləcə, gedib düzənliyə çatdılar. Orada bir dəstə adamla qarşılaşdılar. Həqiqətən də, kralı görən kimi hamı papağını çıxardı.
Əkinçi diqqətlə ətrafına baxdı, ancaq heç cür axtardığı adamı görmədi.
— Yaxşı, bəs kral haradadır? — deyə soruşdu.
Kral da ona belə cavab verdi:
— Bu qədər adamın arasında bir sən, bir də mən papaqlıyıq. Deməli, ikimizdən biri kraldır!..
20.08.2026