Təbiət

Yerin müasir üfüqi və şaquli hərəkət sahələri

Dağlarda yol çəkilən zaman süxurların müxtəlif yatım formalarına rast gəlinir. Onları dağların sıldırım yamaclarında, çayların sahillərində də görmək olar. Bu ərazilərdə süxurlar çox vaxt üst-üstə toplanır, bəzən maili və ya müxtəlif formalar da olur. Onların belə vəziyyətlərdə toplanması Yer qabığının üfüqi və şaquli istiqamətli hərəkəti nəticəsində baş verir. Bu zaman süxurlar bir-birinə qarışır, biri digərinin üzərinə keçir. Nəticədə müxtəlif mənşəli və tərkibli süxurların növbələşməsi baş verir. Bu zaman süxurların mütləq və nisbi yaşını müəyyən etmək tələb olunur. Mütləq yaş süxurların yarandığı dövrdən indiyə qədər olan vaxtdır. Süxurların nisbi yaşını canlı orqanizmlərin daşlaşmış qalıqlarının yatım ardıcıllığına görə müəyyən etmək olar.

 

Yerin daxilində gedən proseslərlə əlaqədar Yer qabığında baş verən üfüqi və şaquli yerdəyişmələrə tektonik hərəkətlər deyilir. Tektonik hərəkətlər zamanı Yer səthində qırılmalar, qalxmalar, enmələr baş verir, qırışıqlıqlar yaranır. Aşağı çökmüş ərazilər dəniz və okean suları ilə örtülür. Qırılmalar ərazilərin kənarlaşması nəticəsində, qırışıqlıqlar isə yaxınlaşması nəticəsində yaranır.

 

Bir zamanlar okean və dənizlərin dibində toplanan canlıların qalıqlarına müxtəlif ərazilərdə və süxurların arasında laylar formasında rast gəlinir. Onlar bir çox hallarda hazırkı su hövzələrindən yüzlərlə kilometr kənarda yerləşir.

 

Dünyanın ayrı-ayrı əraziləri şaquli qalxmalara və enmələrə məruz qalır. Hazırda Skandinaviya sahilləri ildə 1 sm yuxarı qalxır, Şimal dənizinin sahilləri isə aşağı enir. Bu enmə ildə 3 mm təşkil edir. İndiki Şərqi Avropa düzənliyindən 70 mln. il əvvəl sular çəkilmiş və ərazi quruya çevrilmişdir. Hazırda onun mərkəzi sahələri ildə 2-4 mm enir, qərbi isə qalxır. Vulkan və zəlzələlər baş verən ərazilərdə şaquli hərəkətlər daha intensiv olur.

 

Azərbaycanda Qafqaz dağları ildə 1-3 mm qalxırsa, Kür-Araz ovalığı aşağı enir. Abşeron yarımadasında balıqqulağından ibarət olan mişar daşı (əhəng daşı) yataqlarının olması vaxtilə bu ərazilərin okean suları altında olması ilə əlaqədardır.