Asim Yadigar. Torağay və fil
Bir filin yolu üstə
Yuva qurdu torağay.
Bilmədi qismətinə
Nədir tanrı yazan pay.
Yumurtalar çıxartdı,
Sevinci aşdı-daşdı.
Fil bir gün torağayın
Başına oyun açdı.
Su içməyə gedən fil
Əzdi yumurtaları.
Torağayın göylərə
Ucaldı ahu-zarı.
Anladı ki, bu işi
Görən ancaq fil olar.
Uçub filin başına
Qonub dedi: - sözüm var.
Söylədi ki, ey şahım,
Niyə bu yolla getdin?
Əzib yumurtaları
Balaları məhv etdin?!
Özünü güclü sanıb,
Мənі zəif bilmisən?
Ona görəmi, söylə
Belə iş tutmusan sən?
Fil dedi: - Bəli səndən
Min dəfə güclüyəm mən.
Get sən də eylə mənə
Nə gəlirsə əlindən.
Filin bu tənələri
Yaman kar etdi ona.
Uçub getdi bir başa
О, quşların yanına.
Torağay öz dərdini
Dedi bir-bir quşlara.
Quşlar dedi: - fil bizdən
Çox güclüdür, yox çara.
Torağay üz tutaraq
Sağsağan, qarğalara.
Dedi: siz istəsəniz
Gücünüz gələr kara.
Bir xahişim var sizdən
Мənimlə gedəsiniz.
İntiqam almağıma
Köməklik edəsiniz.
Gedəyin gözlərini
Çıxaracam o filin.
Sonrasa qisasımı
özüm alacam, bilin.
Qarğalar, sağsağanlar
Birgə uçub getdilər.
Dimdiklədilər filin
Gözlərini nə qədər.
Ovulub töküldülər
Filin gözləri yerə.
Tamam görünməz oldu
Gözlərində dağ, dərə.
Su içməyə də belə
Gedə bilmədi o fil.
Bildi azuqə tapmaq
Daha qisməti deyil.
Nə tapdısa onunla
Dolanırdı birtəhər.
Oyun açdı torağay
Başına bundan betər.
Torağay uçub gəldi
Bir gölün qırağına.
Dedi qurbağalara
Dərdini yana-yana.
Qurbağalar söylədi:
-Nə edə bilərik biz.
Filə gücümüz çatmaz
Yığışsaq da minimiz.
Torağay dedi: - onda
Mənə qulaq asın siz.
Filin yaxınlığına
Вəlkə durub gedəsiz.
Filin yaxınlığında
Bir qorxunc uçurum var.
Orada quruldasın
Qoy bütün qurbağalar.
Fil də elə biləcək
Yaxınlığında su var.
Gələr su içə, onda
Uçuruma yıxılar.
Torağayın ağlına
Əhsən söylədi onlar.
Gəldilər filə yaxın
Yerdə quruldadılar.
Qurbağalar səs-səsə
Verib quruldadılar.
Fil də elə bildi ki,
Yaxınlığında su var.
Qurbağalara tərəf
Gələndə о nəhəng fil.
Dağdan qaya parçası
Qopub düşdü elə bil.
Torağay başı üstə
Qanad çalaraq filin.
Dedi: - zülmkarlığın
Sonu bax budur, bilin.
Gücün ilə öyünüb,
Мənə həqarət ilə
Baxan, ey zülmkar fil,
ömrün puç oldu belə.
özüm kiçik olsam da
Ağlım, kələyim vardı,
özün nəhəngdin, fəqət
Ağlın, düşüncən dardı.
Ən zəif düşmənini
Əgər güclü sanmasan.
Zəif düşmənin belə
Səni məhv edər asan.