Nağıllar, hekayələr

Almaz Xanlarova. Qar adamı

Axır ki, bu qış şəhərə əməlli-başlı qar yağdı. Toğrul, lap nağıllarda olduğu kimi, altdan geyindi, üstdən qıfıllandı; qardaşının əlindən tutub həyətə düşdülər.

 

Əvvəlcə bilmədilər neyləsinlər, hər tərəf ağappaq idi. Adam ayağını qoyan kimi yumşaq qara batırdı. Toğrulun yadına dəniz düşdü. Orada da birinci dəfə belə olmuşdu: ayağını atan kimi qurşağına qədər yumşaq suya girmişdi. Orxana dedi ki, gəl, qartopu oynayaq, qardaşı razılaşdı. Amma birinci top ona dəyən kimi ağladı, başını qaldırıb eyvandan onlara baxan anasını çağırdı:

 

— Ana, ay ana, gəl məni apar, qardaşım məni incidir!

 

Toğrul tək qaldı. Qanı bərk qaraldı. Dostlarının çoxu bağçaya getmişdi. Bu gün ad günüydü deyə, anası onu evdə saxlamışdı. Toğrul o biri uşaqları hələ tanımırdı, bura təzə köçmüşdülər.

 

O tərəf-bu tərəfə baxdı. Bir uşaq köhnə sininin üstündə oturub üzüaşağı sürüşürdü. Həsədlə köks ötürdü. O da bu cür sürüşmək istəsəydi, anası qoymayacaqdı: “Olmaz, soyuqlayarsan”.

 

Yadına cizgi filmlərindəki qarlı havada kəşədə gülə-gülə sürüşən uşaqlar düşdü. Hay-küylə o qədər oynayırdılar ki, burunları da qıpqırmızı olurdu. Bu yadına düşəndə Toğrulun gözünün qabağına qar adam gəldi — qırmızıburun, elə hey gülümsəyən qar adam. Elə sevindi ki! İndi qar adam düzəldər, o da dostu olar.

 

Toğrul nə soyuğu hiss elədi, nə vaxtı. Qaçıb evdən qırmızı kök gətirdi. Ona elə gəlirdi ki, qar adamın burnu ancaq kökdən olmalıdır, çünki bütün şəkillərdə beləydi. Düzdür, o, əslində istəməzdi belə olsun, amma eybi yox, böyüyəndə şəkil çəkməyi yaxşıca öyrənib qar adamın burnunu başqa cür göstərər.

 

Bunları fikirləşə-fikirləşə qar adamı düzəltdi. Geri çəkilib gendən xeyli tamaşa elədi. Nəisə xoşuna gəlmədi. Yadına düşdü ki, göz qoymayıb. Ona görə də qar adamdan qorxmuşdu. Çox fikirləşdi, gedib iki çınqıl daşı tapdı. Xırdaca daşlar qar adamın üzünə oturan kimi hər şey dəyişdi. İndi qar adam əməlli-başlı gülürdü, özü də düz Toğrula baxırdı. O, çox sevindi. Düzdür, onun qar adamı çox balacaydı, o biri uşaqlardakı kimi deyildi, amma dostun nə böyüyü, nə balacası? O, Toğrulun üzünə baxıb gülürdü, vəssalam.

 

— Həə, deməli üşümürsən. Qaqaşım üşüyəndə gülmür.

 

Anasının səsi gəldi:

 

— Toğrul, xəstələnərsən, gəl evə!

 

Toğrul qar adama baxdı:

 

— Üşümürsən?

 

Qar adam gülürdü.

 

— Həəə, demək üşümürsən. Anam çağırır. Dayan, qoy anama deyim, gəlsin səni də aparsın, səhərəcən donarsan, soyuqlayarsan. Bilirsən, həkimlər iynə vuranda necə incidir?

 

Toğrul başını qaldırıb eyvanda gözləyən anasından xahiş elədi:

 

— Ay ana, gəl qar adamı da evə aparaq, burda soyuqlayar.

 

Anası “Olmaz” dedi.

 

Toğrul dərindən köks ötürdü:

 

— Həə, görürsən, anam elə bil bu sözü əzbərləyib: olmaz, vəssalam. Soruşanda ki niyə olmaz, deyir böyüklərə bu sualı verməzlər. Yaxşı, onda bəs mən neyləyim? Axı sənə soyuq olacaq?

 

Bir az dayanıb fikirləşdi. Yan-yörəsinə baxdı. Birdən bu evə köçəndə liftlə həyətə düşürtdükləri karton qutunu xatırladı. Anasına kömək eləyib o qutunu həyətdəki təpənin üstünə qoymuşdular.

 

Qutuya tərəf getdi. O vaxt anası ona demişdi ki, buna tək gücün çatmaz. Qutunun bir ucundan tutub sürüyə-sürüyə qar adamın yanına gətirdi. Qucağına alıb qaldırdı, gücü çatdı, sevindi. Həə, bəlkə həmin gün hələ beş yaşı tamam deyildi, indi bax ad günündə tam beş yaşım var, ona görə də güclənmişəm.

 

Ətrafına boylandı ki, görsün qutuya gücü çatdığını görən oldu? Hardan? Hərənin başı özünə qarışmışdı. Qar adama tərəf döndü. O görürdü. Çox sevindi:

 

— Hə, dostum, gördün də?

 

Bunu deyib qutunu qar adamın üstünə çevirdi:

 

— Sən də yat. Sabah gələrəm, oynayarıq. Bunu qoyuram ki, evin olsun, sən də üşüməyəsən. Evin olsa, üşüməzsən.

 

Anası bir də çağırdı. Toğrul “Gəlirəm” deyib evə yüyürdü. Gecə səhərəcən qar adamı yuxuda gördü. Gördü ki, qar adamın gözləri elə hey gülür.

 

Səhər tezdən anasının səsi onu ayıltdı:

 

— Oğlum, oyan, bağçaya gecikirik.

 

Ehh, yenə bağça. Məşhur mahnıdakı sözlər yadına düşdü: “Heyif ki, ad günü ildə bir dəfədir”. İndi başa düşdü ki, cizgi filmindəki timsah Qena niyə bu mahnını oxuyanda kədərlənir…

 

Bağçadan qayıdan kimi çörəyini tələsik yeyib həyətə yüyürdü. Qutunu qaldırdı. Az qala qışqıracaqdı: qar adam yox idi! Qutunun qapısı yox idi ki, o çıxıb getsin. Yəqin kimsə səssizcə onu götürüb aparıb deyə fikirləşən kimi ağlamağa başladı, səssizcə…

 

Atasının sözü yadına düşdü: “Kişi ağlamaz”. Əlinin arxasıyla gözünün yaşını sildi. Bir də diqqətlə yerə baxdı. Yerdə yanaşı iki çay daşı qalmışdı. Toğrulun kürəyinə elə bil ilıq əl toxundu. Bu, günəşin istisi idi. Başını qaldırıb günəşi gördü; günəş eynən qar adam kimi gülümsünürdü. Əyilib daşları götürdü, ikisi də yaş idi. Daşların üstündən damcılar barmaqları arasıyla süzülməyə başladı. O, əliylə qar adamın gözlərinin yaşını quruladı. Günəşə boylandı. Günəş elə hey gülümsünürdü. Əlləri kimi üşüyən ürəyi də qızınmağa başladı:

 

— Eybi yox, gələn ad günümdə yenə sənlə dost olacam, qar adam!