Nağıllar, hekayələr

Ülkər Nurullayeva. Bir mərcin tarixçəsi

Boston restoranlarının birində iki dost süfrə arxasında söhbət edirdi. Onlar adaş idilər: velosiped zavodunun direktoru Albert Poup və həkim Albert Rider. Dostlar arasında başlanan mübahisə get-gedə qızışırdı. Mister Poup dostu ilə razılaşmırdı:

 

- Mister Rider, məncə, siz qadınların əqli və fiziki imkanlarını düzgün qiymətləndirmirsiniz. Müasir qadınlar cəmiyyətdə kifayət qədər fəaldırlar. Baxın, kişilər kimi onlarda artıq velosiped sürürlər,hətta öz velosiped klublarını yaradıblar.


- Əzizim, onlar velosiped sürə bilərlər. Ancaq deyin görüm, hansı qadın Stivensin rekordunu təkrarlaya bilər? On min dollardan mərc gəlirəm ki, heç bir qadın velosipedlə dünya ətrafına dövrə vura bilməz.

 

- Stivensin rekordundan 10 il keçib. Zəmanə dəyişib... Bilirsiniz, mən bir qadın tanıyıram. Məncə, o sizin mərcinizi qəbul edər.

 

Albert Poup tanışı Enni Koeni nəzərdə tuturdu. 24 yaşlı bu xanım qəzetdə reklam şöbəsində çalışırdı. Poup istehsal etdiyi velosipedlərin reklamını həmin qəzetdə verirdi. Ona görə də Enni ilə tez-tez ünsiyyətdə olurdu. Miss Koenin işgüzarlığı, insanları inandırmaq və məqsədinə çatmaq bacarığı Poupu heyran edirdi.

 

Növbəti gün Poup Enni ilə görüşüb onu məsələdən agah etdi. Gənc qadın əvvəlcə bu təklifi təəccüblə qarşıladı:

 

- Siz zarafat edirsiniz? Mən heç velosiped sürməyi də bacarmıram. Özü də, üç uşaq anasıyam. Yox, yox, bu iş mənlik deyil...

 

- Miss Koen, yaxşı fikirləşin, söhbət on min dollardan gedir.

 

Enni üçün bu, fantastik məbləğ idi. Mərci udsaydı, bu pula yeni ev alar, uşaqlarını yaxşı məktəbə qoyardı. Bir də ki, dünya səyahətinə çıxmaq çox cəlbedici fikir idi.

 

 

 

 

 

 

 

 

Üç gündən sonra mərc kəsənlər arasında yazılı müqavilə bağlandı:

 

Müqavilənin sonuncu bəndi Ennini çox məyus etdi. Axı dünya səyahəti böyük xərc tələb edirdi. Gənc qadının isə heç yaxşı velosiped almağa belə pulu çatmırdı. Lakin qarşı tərəf müqavilənin bu bəndini dəyişmək fikrində deyildi:
 
 
- İstəmirsinizsə, razılaşmaya bilərsiniz. Biz məcbur etmirik...
 
 
Bir başqası, bəlkə də, ruhdan düşərdi. Amma Enni belələrindən deyildi. Müqaviləni imzalayıb bir nüsxəsini cibinə qoydu, digərini isə Albert Riderə uzatdı:
 
 
- On min dolları hazırlayın. On beş aydan sonra görüşərik.
 
 
İlk növbədə pul tapmaq lazım idi. Enni şirkətlərə üz tutdu. Onları inandırmağa çalışdı ki, səyahət boyu keçdiyi bütün ölkələrdə şirkətin reklamını təşkil edəcək. Amma bu cılız bədənli xanıma inanmırdılar, istehza İlə gülümsəyib uğurlu səyahət arzu edirdilər.
 
Nəhayət, mineral su istehsal edən "Londonderri" şirkəti reklam kampaniyası qarşılığında 100 dollar Ödəməyə razılıq verdi. Müqavilənin şərtlərinə görə, Enni bu şirkətin loqosunu velosipedin üzərinə yapışdırdı və öz soyadını brendin adına dəyişdi. Həmin gündən Enni Koen "Enni Londonderri" adlandı.
 
Qazandığı məbləğ ilkin yol xərclərinə bəs edirdi. Beləliklə, bir yay səhəri Enni uşaqlarının üzündən öpüb velosipedinə mindi və Çikaqoya üz tutdu. Özü ilə bir dəst dəyişək geyim və hər ehtimala qarşı revolver götürmüşdü.
 
 
Enni gündə 13-15 km yol qət edirdi. Bu minvalla o, Çikaqoya üç aya çatdı. Çox yorğun idi, 9 kq arıqlamışdı. Aydın idi ki, bu sürətlə səyahəti vaxtında bitirmək mümkün olmayacaq.
 
 
O, ucuz Çikaqo hotellərinin birində dincəlməyə qərar verdi. Otağında oturub vəziyyətinin nə qədər acınacaqlı olduğunu düşünürdü: "Bəlkə, geri qayıdım? Yox! Heç vax?!"
 
 
Velosipedi dəyişmək lazım idi. Bu velosipedin təkərləri tez-tez boşalır, zənciri yerindən çıxırdı. Bundan başqa, əynindəki qadın geyimi lap bezdirmişdi: köynəyinin hündür yaxalığı boynunu yara eləmişdi, uzun ətəyinin aşağısı zəncirə dolaşmaqdan cırıq-cırıq olmuşdu. "Aman Allah!
 
 
Bu qədər pulu haradan tapacağam?!" - Enni əlləri ilə başını tutub gözlərini yumdu.
 
 
Birdən qapı döyüldü. İçəri yaraşıqlı bir gənc daxil oldu:
 

- Bağışlayın, siz Enni Londonderrisiniz?

 

- Bəli. Bəs siz...

 

- Mənim adım Maykldır. "Sterlinq" velosiped zavodunu təmsil edirəm. Bizim sizə işgüzar təklifimiz var. İstərdik ki, səyahətinizə "Sterlinq" markasından olan velosipedlə davam edəsiniz. Şirkətimiz istədiyiniz modeli sizə hədiyyə etməyə hazırdır. Yolboyu velosipedlərimizi reklam etsəniz, əlavə olaraq 500 dollar ödəyə bilərik.

 

Sonra oğlan uzun-uzadı "Sterlinq" kompaniyasının velosipedlərini tərifləməyə başladı. Amma Enni artıq onu eşitmirdi. Onun sevincdən başı hərlənirdi.

 

"Sterlinq"lə müqavilə bağlayıb pulunu alan kimi Enni kişi geyimləri satılan mağazaya getdi...

 

Ertəsi gün bütün qəzetlərdə kişi geyimində velosiped sürən Enninin şəkli dərc olundu. Ona heyran olanlar da var idi, qınayanlar da. Ətrafında yaranan səs-küy Ennini daha da məşhurlaşdırırdı. Şəhərlərdə insanlar yolboyu düzülüb onu qarşılayırdılar. Hətta məşhur adamlar onunla şəkil çəkdirmək, avtoqraf almaq üçün qaldığı hotelə gəlir, görüş üçün növbəyə dururdular. Müxtəlif şirkətlər reklam olunmaq üçün Enni ilə müqavilə bağlamağa can atırdı. Səyahəti boyu o, 60-dan çox reklam müqaviləsi bağladı. Bununla da yol xərcliyi və əlavə 5000 dollar qazandı.


- Mister Rider, miss Londonderri qəbul otağında sizi gözləyir.

 

- Deyin, gəlsin.

 

Enni qıvraq addımlarla içəri daxil olub soyuq tərzdə salamlaşdı. Əlindəki qovluğu masanın üstə qoyub açdı. Müxtəlif ölkələrdə Amerika səfirliklərindən alınmış şəhadətnamələri masanın üstünə düzdü.

 

- Buna ehtiyac yoxdur. Mən sizin səyahəti qəzetlər vasitəsilə izləyirdim.

 

Bunu deyib Albert Rider otağın küncündəki seyfə tərəf yönəldi.