Əzəm Rəhnəvərd Zəryab. Ulduzların göz sürməsi
“…Bir nağıl danışdılar və yuxuya getdilər”.
Ağappaq, gözəl bir atım var idi. Dördnala çapardı. Tüklərinin bəyazlığı ay işığındakı bulud topasına bənzəyirdi. Mənim atım elə qəribə idi ki, ona bənzərini ancaq nağıllarda tapmaq olardı. İnsan kimi dil açıb danışar və zamana qarşı uça bilərdi.
Bir gecə anlaşılmaz bir kədər məni bürümüşdü, durub atıma mindim və:
– Keçmişə gedək, – dedim.
Atım keçmişə uçdu. Uçduq, uçduq… İlləri, əsrləri arxada qoyduq. Atım parlayan bulud parçası kimi sürətli və şən irəliləyir, məni də özü ilə aparırdı. Aşağıya baxanda hər yerdə keçmişimi görürdüm. İnsanların keçmişini, ölü şəhərləri, ölü insanları… Qəribə və kədərli idi… hüzn dolu…
Sonra uca minarələri, rəngbərəng qübbələri olan böyük, gözəl bir şəhərə gəlib çıxdıq. Oradan şəhər əhalisinin – alıcı və satıcıların, əsgər və əsnafların əcaib – uğultulu bir səsi gəlirdi. Şəhərə gələn və ya onu tərk edən karvanların zınqırov səslərini eşidirdim…
Atımdan soruşdum:
– Bura hansı şəhərdir?
– Buranın adı Hüzur şəhəridir, – deyə cavab verdi.
– Böyük şəhərdirmi?
– Dövrün ən böyük şəhəridir.
– Buranı görmək istəyirəm, – deyəndə atım yavaşladı və səssizcə yerə çökdü.
İnsanların uğultusu daha da artdı, karvanların zınqırov səsləri yüksəldi. Şəhərin ən böyük bazarının qarşısına gəldim. Heç kim mənə fikir vermirdi. Hamı alış-verişlə məşğul idi. Alıcılar daha ucuz qiymətə almaq, satıcılar isə baha qiymətə satmaq üçün əlləşib-vuruşurdular. Hər yerdə hər kəsin başı alqı-satqıya qarışmışdı.
Atıma söylədim:
– Necə də mənfəətçi insanlardır.
– Həmişə belə olub, – dedi.
– Buradan çıxaq.
– Haraya gedək?
– Başqa tərəfə.
Atım yola düşdü. Dükan-bazarı arxada qoyub tənha bir küçəyə çıxdıq. Səssiz və bomboş idi, ancaq arabir yuxulu, vecsiz bir piyada qabağımızdan keçib gözdən itirdi. Atım tənha küçədə irəliləyirdi.
Qəfildən bir qadının iniltisini eşitdim. Atıma dedim:
– Bu səsin kimdən çıxdığını görmək istəyirəm.
Küçənin döngəsini keçəndə bir qapının yanında dayanan xeyli adam gördük. Daha da yaxınlaşdıq. Yaşlı bir qadın oturub yana-yana, hönkür-hönkür ağlayırdı. Saçları ağarmışdı. Üzündən taqətsizlik, çarəsizlik və acizlik yağırdı. Bu onu acınacaqlı göstərirdi. Durub baxanların birindən soruşdum:
– Bu yaşlı qadına nə olub?
O cavab verdi:
– Gənc oğlu üçün ağlayır.
– Oğlunun başına nə iş gəlib ki? – deyə maraqlandım.
– Oğlu bir münəccimdir. Keçən il demişdi ki, bu ilin bu ayında zəlzələ olacaq, dəhşətli tufan qopacaq. Ancaq onun dediyi gün gəlib keçdi və heç bir fəlakət baş vermədi.
Atım xısın-xısın güldü. Adam sözünə davam etdi:
– İndi sultan yaşlı qadının oğlunu “nə üçün insanları səbəbsiz yerə qorxuya salırsan?” deyə sorğuya çəkir.
Yaşlı qadının yanına gəlib ona təsəlli verdim:
– Ağlama, oğlun geri qayıdacaq.
Qadın üzümə baxıb mənalı şəkildə soruşdu:
– Bilirsən, bu olanlar kimin günahıdır?
– Xeyr.
Əlimdən tutub:
– Gəl, əsl günahkarları mən sənə göstərərəm, – dedi.
Arxasınca getdim, evə daxil olub kiçik bir otağa keçdik. Otağın pəncərəsinin altında kiçik bir üstürlab* görünürdü. Yer xəritələrlə dolu idi, elə bil xalı döşənmişdi. Otaq isə böyük və qalın kitablarla dolub-daşırdı…
Yaşlı qadın əli ilə xəritə və kitabları göstərib:
– Əsl günahkarlar bunlardır! Oğlum illərini bunlara sərf etdi. Gecəsini-gündüzünü bunlarla keçirdi. Onun günahı yoxdur, bunlar ona zəlzələ olacağını söylədi, bunlar tufan qopacağından xəbər verdi, bunlar, bunlar!.. – deyə hayqırdı.
Atım yenə altdan-altdan güldü. Yaşlı qadına dedim:
– Oğlun mütləq qayıdacaq.
Qadın acizanə şəkildə əllərini qaldırıb söylədi:
– Axı üç gündür ondan heç bir xəbər yoxdur, başına nə gəlib, bilmirəm.
– İndi o haradadır?
– Bildiyimə görə, sultan onu yanına çağırtdırıb.
– Mən sənə ondan xəbər gətirəcəyəm, – deyib evdən çıxdım.
Atıma minib:
– Sultanın yanına gedək, – dedim.
Atım sultanın sarayına tərəf uçdu. Mühafizəçilərin başının üstündən keçib gözəl saray bağçasına endik. Böyük bir zala gəldik.
Saraylılar, geyimli-keçimli dövlət adamları sıra ilə düzülmüşdülər. Zalın ortasında başını aşağı əyən bir alim dayanmışdı. Bu, yəqin ki, qadının oğlu idi. Ümidsiz və pərişan görünürdü.
Sultan qəzəblə dedi:
– Sən şəhər əhalisinin rahatlığını əbəs yerə pozdun, camaatı qorxutdun! Hamının rahatlığı sənə görə pozuldu.
Alim başını dikəldib dedi:
– Böyük sultan, bu mənim günahım deyil. Astronomiyaya əsaslanaraq təxmin etdim. Kitablar və ulduzlar belə xəbər verdi.
Sultan qərarından dönmədi:
– Sən cəzalandırılmalısan!
Alim sızladı:
– Mənə yazığınız gəlsin. Kitablarımı yandıracağam, bir də ulduzlara baxmayacağam. Bağışlayın…
Sultan isə:
– Hakimlər özləri sənin cəzanı versinlər, – deyə əmr etdi.
Alim ağlamsınaraq yalvarmağa başladı:
– Böyük sultan, mərhəmət edin!
Alim bir müddət səssizcə ağladı, sonra başını qaldırıb atını çağırdı:
– Atım, buraya gəl.
Birdən-birə ağ bir atın ona tərəf gəldiyini gördüm. Atın tükləri parlayan bulud topası kimi ağappaq idi. Çaşdım, tez gözüm öz atımı axtardı. Baxdım ki, yanımda dayanıb gülür.
– O at necə də sənə bənzəyir, – deyə təəccübümü bildirdim.
– Eyni qanı daşıyırıq, eyni nəsildənik, – dedi.
Daha sonra alim atına minib uçub-getdi. Heç kim onun getdiyinin fərqinə varmadı. Saraylılar əllərini sinələrinə qoyub ayaq üstə dayanmışdılar. Qoca hakimlər qərar qəbul etmək üçün məsləhətləşirdilər.
Bir müddət keçdikdən sonra alim atı ilə geri qayıtdı. İndi artıq sevinc və ümid içində idi. Atdan düşüb bir addım qabağa gəldi və aydın səslə dedi:
– Vurun boynumu!
Sultan sual dolu gözlərini əvvəl qoca hakimlərə, sonra da alimə zillədi. Qoca hakimlər də bir ağızdan dedilər:
– Ey böyük sultan, bizim qərarımız da belədir. Başqalarına ibrət olsun deyə boynunu vurmaq lazımdır. Gərək hamı bilsin ki, insanları boş yerə narahat edib qarma-qarışıqlıq salmaq olmaz.
Alim nikbin bir halda:
– Mən hazıram, – söylədi.
Sultan da:
– Bu adamın boynunu vurun, – deyə əmr etdi.
İki cüssəli cəllad alimi qollarından tutub apardı. Özümü cəld onun yanına çatdırdım və:
– Gözlə, – deyə qışqırdım.
Alim və cəlladlar ayaq saxladılar. Alimdən soruşdum:
– Ata minib haraya getdin?
– Gələcəyə getdim.
– Nə gördün?
– Gördüm ki, gələcək nəsillər məni hörmətlə xatırlayıb adıma məktəblər açıblar. Buna görə ümidlənib geri qayıtdım. Artıq ölüm mənim üçün basitdən də basitdir.
– Nə üçün indiyəcən gələcəyə getməmişdin?
Kədərli halda gülümsədi:
– İllərdir bu gözəl atımı tamam yaddan çıxarmışdım.
Alim cəlladların əhatəsində gözdən itdi. Atıma minib saraydan çıxdım. Bu bəd xəbəri yaşlı qadına verə bilməzdim. Atıma:
– Gedək, – dedim.
– Hansı tərəfə?
İndiki vaxta qayıtmaq istəmədim. Keçmişdə olmaq, gələcəyə getmək də ürəyimdən gəlmədi. Gecə idi. Göy üzündə ulduzlar sayrışırdı.
– Ulduzlara doğru uç, – dedim.
Atım uçmağa başladı. Ay işığında parlayan bulud topasıtək…
Ulduzlar qızıldan gözlər kimi parıldayırdı. Bu parlaq gözlər sürmə təki bir qara ilə əhatələnmişdi.
Bu qaranlığa dalmaq istədim. Bu böyük sürmə yığınına… Ulduzların göz sürməsinə… və getdim…
04.09.2026