Coşqun Xəliloğlu. Baba aparsın
Coşunun üç yaşı vardı. O, artıq bir il idi ki, bağçaya gedirdi. Hər səhər ya anası, ya da atası onun əlindən tutub bağçaya aparırdı. Amma bağça dostu Fərruxun bəxti gətirmişdi: onu hər gün bağçaya ağsaqqal, nurani çöhrəli babası gətirir, axşam da məhəbbətlə qucaqlayıb evə aparırdı.Coşu həmişə onlara həsədlə baxırdı.
Yay tətilində Coşugil kəndə, babasıgilə qonaq getdilər. Düz iki həftə kəndin təmiz havasını udub, nənəsinin bişirdiyi dadlı, ətirli yeməklərdən yedilər. Bağlı-bağçalı həyətdə doyunca qaçıb oynadılar. Mehriban babası hər gün onu və qardaşlarını Kür çayının sahili boyunca gəzdirdi. Onlara fərqli ağacları, rəngbərəng gülləri, otları tanıdır, maraqlı nağıllar danışırdı. Coşu babasına o qədər çox isinişmişdi ki, bir an belə ondan ayrılmaq istəmirdi.
Amma tətil bitdi və onlar şəhərə, evlərinə qayıtdılar. Səhər Coşunu yenə anası bağçaya apardı. Axşam anası onu götürməyə gələndə balacanın gözləri doldu, yanağından bir damla yaş süzüldü. Anasına baxıb ağlamsındı:
– Ana, bir də sən mənim dalımca gəlmə. Fərruxu babası aparır. Məni də gəlib babam aparsın!
Anası oğlunu qucaqlayıb saçını sığalladı:
– Axı, ağıllı balam, baban uzaqda, kənddə yaşayır. Orada heyvanları, bağ-bağatı var.
Uşaq inadla anasının boynunu qucaqladı:
– Nə olar, onda gəlsin bizimlə olsun! Məni hər gün o aparıb-gətirsin.
Ana gülümsədi, Coşunun göz yaşını sildi:
– Yaxşı, gəl belə edək. Bu gün evə gedək, babana zəng vurub onu qonaq çağıraq. Gəlib bir neçə gün bizdə qalsın. Səni də aparıb-gətirsin. Sonra da getsin kəndə. Razısan?
Coşunun gözləri sevincdən parıldadı. O, incə barmaqları ilə anasının əlindən bərk-bərk yapışdı, başıyla razılığını bildirdi. İndi onun üzündən fərəh yağırdı.