Əziz Sultan. Su üzündə möcüzə
Günlərin bir günü balıqlar dənizin dibində şüşədən bir banka tapdılar. Yaxınlaşıb onun ətrafında dövrə vurmağa başladılar. Balıqlardan biri diqqətlə baxanda gördü ki, bankanın içində bir xərçəng var. Banka ağzı aşağı çevrildiyi üçün xərçəng onun içindən çıxa bilmirdi. Neçə gündür, orada ac qaldığına görə haldan düşüb hərəkətsiz yatırdı.
– Nə edək? – qırmızı pulcuqlu balıq soruşdu.
– Kömək etmək lazımdır, – yaşıl pulcuqlu balıq dedi.
– Elə isə bacardığımız yaxşılığı gecikdirməyək, – mavi pulcuqlu balıq da onlara dəstək verdi.
Beləliklə, balıqlar bankadakı xərçəngin həyatını xilas etmək qərarına gəldilər.
Qırmızı balıq ağzını bankanın üst tərəfinə dirəyib quyruğu ilə irəli doğru güc verdi. Banka tərpənmədi. Digər ikisi də ona qoşuldu, üçü birlikdə itələdi. Banka azca yana doğru tərpənib yenə də yerinə qayıtdı.
– Nə edək, alınmır, – qırmızı pulcuqlu balıq dedi.
– Başqa bir yol tapmalıyıq, – yaşıl pulcuqlu balıq söylədi.
– Bəlkə, dalğanı gözləyək? – mavi pulcuqlu balıq təklif etdi.
Bir az sonra sualtı dalğanın yaxınlaşdığını hiss etdilər. Ətrafdakı yosunlar boyunlarını büküb əyilməyə başlamışdı. Balıqlar quyruqlarını və qanadlarını üzməyə hazır vəziyyətə gətirib gözlədilər. Dalğa gəlib onların üstündən keçərkən onlar da bankanı irəli doğru itələdilər. Beləliklə, dalğanın da köməyi ilə banka yavaş-yavaş əyilib yanı üstə yatdı. Bankadan xilas olan xərçəng qayçıya bənzəyən qısqaclarını yumub-açaraq onlara təşəkkür etdi.
Bir neçə gün sonra qırmızı pulcuqlu balıq suyun ortasında dayanıb rəqs edən bir varlıq gördü. Qoxusundan onu tanıdı. Bu, qırmızı soxulcan idi. Suyun içində olsa da, iştahayla ağzı sulandı. Qırmızı soxulcan nə dibə batır, nə də yuxarı çıxıb gedirdi. Sanki quyruq yelləyib: “Gəlin, məni yeyin”, – deyirdi. Bu rahat və ləzzətli yemi görən qırmızı pulcuqlu balıq dostlarını da ziyafətə dəvət etdi:
– Gəlin, sizin üçün gözəl bir yem tapmışam, – dedi.
Balıqlar soxulcan yeməyi çox sevirlər. Üçü də ona yaxınlaşdı, soxulcanı dövrəyə aldı.
– Birinci mən gördüm! – qırmızı pulcuqlu balıq dedi. – Ona görə də ilk tikəni mən yeyəcəyəm.
Digərləri buna etiraz etmədi. Qırmızı pulcuqlu balıq soxulcana yaxınlaşıb ağzını “su” deyirmiş kimi açdı, onun quyruq tərəfini sordu. Üçdəbirini qoparıb qalanını dostlarına saxlayacaqdı. Ağzını yumub onu bölmək istədi. Lakin kəsə bilmədi, soxulcanın canı dəmir kimi bərk idi. İlk dəfə idi ki, bu cür qurdla rastlaşırdı. Onu kəsmək üçün çənəsi ilə sıxıb bir-iki dəfə dartdı, alınmadı. Bununla birlikdə fərqli bir şey də baş verdi. Soxulcan geri dartındı. Sanki gözə görünməyən bir əl soxulcanı onun ağzından çəkib almaq istəyirdi.
Qırmızı pulcuqlu balıq soxulcanı suyun dibinə doğru çəkirdi, ona bağlanan ip isə yuxarı. Nə baş verdiyini başa düşməyən balıq bu qəribə soxulcanı yeməkdən vaz keçdi. Bu səfər onu ağzından çıxarmaq istəsə də, bacarmadı. Soxulcan elə bil ətdən deyildi. Sərt bir cisim kimi boğazına ilişib-qalmışdı.
O dartdıqca tilov tərpənir, balıqçı isə onu çəkməyə davam edirdi.
Çırpınan qırmızı pulcuqlu balığın başının bəlada olduğunu görən digər balıqlar yaxınlaşıb kömək etməyə başladılar. Yaşıl pulcuqlu balıq onun quyruğundan, mavi pulcuqlu balıq isə belindəki qanadından yapışıb geri dartırdı. Nə qədər çalışsalar da, balıqçının öhdəsindən gələ bilmirdilər. Çox yorulmuşdular. Qarmağa ilişən qırmızı pulcuqlu balıq yavaş-yavaş aralarından süzülüb suyun üzünə tərəf hərəkət edirdi.
Elə bu vaxt bir möcüzə baş verdi. Onu çəkən ip birdən-birə kəsildi və ağzı yaralanan qırmızı pulcuqlu balıq dənizin dibinə tərəf yumalandı. Yaşıl pulcuqlu balıq ilə mavi pulcuqlu balıq da bir-birinə dolaşa-dolaşa onun arxasınca üzdülər. Yosunların arasında xeyli əlləşdikdən sonra, nəhayət, ağzındakı dəmir qarmağı çıxara bildilər.
Onlara kömək edən möcüzənin səbəbini suyun üzünə tərəf baxanda başa düşdülər. Yuxarıda gün işığında nəhəng bir qara kölgə görünürdü. Bu kölgə sanki iki əlində iki qayçı tutmuş birinə bənzəyirdi. Bəli, bir neçə gün əvvəl bankanı yıxıb həyatını xilas etdikləri xərçəng onların çətin vəziyyətə düşdüyünü görüb köməyə gəlmiş, qayçı kimi iti qısqacları ilə tilovun ipini kəsmişdi. İndi oradan qayçılı əllərini yumub-açaraq onları salamlayırdı.
11.09.2026