Nağıllar, hekayələr

Türkmən nağılı. Danışan dəvə

Camaat arasında deyirlər: “Su olan yerdə həyat da var”. Daha deməyiblər ki, su başından axıb üst-başını isladıb ayaqlarından aşağı süzülsün.

 

Göy üzünü iri, qara buludlar tutanda Yartı hələ çölün düzündə idi. Oğlan evlərinə çatmağa tələsirdi. O, var gücü ilə qoca dəvəsini qovurdu, ancaq qoca dəvə sürətlə gedə bilmirdi. Odur ki yolda oğlan leysan yağışa düşdü. Şimşək çaxırdı, çöl də coşğun dənizə dönmüşdü. Yartı ömründə belə bir yağış görməmişdi. O, təpədən dırnağacan islanmışdı, dəvənin hürgücündən yapışıb qorxu içində fikirləşirdi: “Əgər yağış məni yerə yıxsa, mən bu axında boğulub ölərəm və bir daha nə atamı, nə anamı görə bilərəm”.

 

Hər necə olsa, özünü xilas etməlidir. Yartı bütün gücünü topladı və dəvənin uzun boynundan başladı sürünməyə. O nə elədiyini bilirdi: heyvanın başına gəlib çatanda özünün sevimli yerində – dəvənin yumşaq qulağının altındaca gizləndi. Bura onunçün atasının evi kimi isti idi. Bu sayaq Yartı aullarınacan gəlib çıxdı. Yağış kəsmişdi, ancaq oğlan öz isti yerindən çıxmaq istəmirdi. Buradan lap uca minarənin zirvəsində olduğu kimi, bir neçə kilometr ətrafı aydınca görə bilirdi.

 

Qabaqdan qaça-qaça bir oğlan uşağı gəlirdi. Bu, başqa auldan, tanımadığı oğlan idi. Ona görə də Yartı onu haylamadı. Oğlan gördü ki, dəvə tək gedir, sahibi-zadı yoxdur. Fikirləşdi: “Bu dəvə yol azıb. Əgər onu tutub həyətimizə aparsam, evimizə böyük dövlət gətirmiş olaram”.

 

Oğlan qaçıb gəldi heyvanın yanına, ovsarından yapışdı, elə o dəqiqə dəvənin başından sirli bir səs gəldi:

 

— Ey, özgəsinin heyvanına toxunma!

 

Oğlan danışan dəvədən elə qorxdu ki, ayağı sürüşüb bulanıq suyun içinə yıxıldı. Sıçrayıb ayağa qalxdı və dala baxmadan güllə kimi götürüldü.

 

Oğlan qaça-qaça qışqırdı:

 

— Kömək eləyin! Dəvəyə cinlər minib!

 

Bu qışqırığı qoca münəccim eşitdi. O, Yartı-qulağın da səsini eşitmişdi, fikirləşdi ki, qoca dəvəyə sehrli qüvvə verilib. Münəccim yaman sevindi, xeyli vaxt idi ki, zəhmli xanı heyrətləndirmək üçün qəribə bir möcüzə axtarırdı. Münəccim dəvənin ovsarından tutub çəkə-çəkə auldan uzaqlaşdırdı.

 

Yartı qorxub qışqırdı:

 

— Ey, qoca, heyvanı burax! O şey ki sənin deyil, ona toxunma!

 

Yartı nahaq yerə qışqırırdı: münəccim onu eşitmirdi, əksinə, sevinirdi ki, ecazkar dəvə nəinki danışa bilir, qəzəblənməyi də bacarır.

 

Son illər münəccimin xan yanında hörməti yox idi. Hökmdarın sarayında o, həkim, bir də yuxuyozan idi. Ancaq onun dərmanlarından xanın halı daha da pisləşirdi, qabaqcadan xəbər verdiyi şeylərin heç biri baş tutmurdu. Axır ki, xan münəccimin əlindən bərk qəzəbləndi, onu sarayından qovdu. O, ayaqlarını yerə vurub dedi:

 

— Sarsaq ovsunçu, çıx get, mənə qeyri-adi bir möcüzə göstərməyincə gözümə görünmə!

 

O vaxtdan illər keçmişdi, ancaq qoca münəccim nə qədər qeyri-adi, qəribə bir möcüzə axtarırdısa, tapa bilmirdi ki, bilmirdi. O arıqlayıb çöpə dönmüşdü, xalatı köhnəlmişdi, çalması lap xəlbirə dönmüşdü. Bax ona görə xanın ovsunçusu belə sevinirdi, o yerimir, yalın ayaqları ilə çirkli suyu şappıldada-şappıldada qaçırdı ki, öz hökmdarını sevindirsin və təzədən onun məhəbbətini qazansın.

 

Münəccim keçi kimi palçıqlı, sürüşkən yolla qaça-qaça qışqırırdı:

 

— Ey böyük xan! Sən öz nökərindən razı qalacaqsan. Ey zəhmli xan! Səhər açılandan gecəyə kimi sən danışan dəvə ilə söhbət edəcəksən, mən isə, sənin köhnə münəccimin, yenə yumşaq yastığın üstündə oturub iki əllə yağlı plov yeyəcəyəm.

 

Ovsunçu özlüyündə belə götür-qoy eləyirdi, Yartı da onun hər kəlməsini eşidirdi. Oğlan, doğrudan, yaman qorxdu. O, zəhmli xanın sarayına qətiyyən düşmək istəmirdi. Ancaq dəvəsini yad adamın əlində qoyub qaçıb gedə də bilməzdi axı.

 

Oğlan fikirləşdi ki: “Qoy nə olur-olsun! Dəvəni qoruyub saxlamaqdan ötrü xanın şəxsən özü ilə tanış olmalıyam. Əsl qoçaq oğlan nəinki xanın əlindən, lap yerin altından da azadlığa çıxar!”

 

Beləliklə, onlar xan sarayını dövrələyən gil divara yaxınlaşdılar. Divarlar bürclərlə bəzədilmişdi. Bürclərdə də xanın döyüşçüləri gözlərini yolun hər tərəfinə zilləmişdilər. Ancaq münəccim heç onların üzünə baxmadı da. O, təkəbbürlə başını dik tutmuşdu, ağır, mis alaqapı onların qarşısında taybatay açıldı.

 

Münəccim birinci həyətə girdi. Burada – at bağlanan yerdə xanın gözəl atları durmuşdu, atların da dövrəsində geyim-keçimli nökərlər dayanmışdılar. Təkəbbürlü münəccim onlara da baxmadı. O, başını bir az da dik tutdu, ikinci gümüş alaqapı qarşısında taybatay açıldı.

 

Münəccim ikinci həyətə girdi. Həyətin tən ortasında böyük bir fəvvarə vardı. Günün ən qızmar vaxtında belə bura çox sərin olurdu. Bu həyətdə xanın məsləhətçiləri oturub hökmdarın əmrini gözləyə-gözləyə nərd oynayırdılar. Onlar heyrətlə əvvəl münəccimə, sonra da dəvəsinə baxdılar. Ancaq qoca onlara nəzər salmağı belə özünə layiq bilmədi. Bu vaxt iki qara qul qocanın yanına yüyürüb qışqırdı:

 

— Hörmətli qoca və böyük alim! Üst-başınız tamam palçıq içindədir, dəvəniz isə elə bil qəssabın əlindən qaçıb. Bu görkəmdə böyük xanın gözünün qabağında necə duracaqsınız?

 

Ancaq münəccim qulları əli ilə itələdi, üçüncü qızıl alaqapıya yaxınlaşdı, ağacı ilə vurdu, üçüncü qızıl alaqapı da qarşısında taybatay açıldı.

 

Münəccim xanın bağına qədəm basdı. Bağ gül və çiçəklər içində idi, hər tərəfdə köşklər, fəvvarələr vardı. Bağın ortasında, üç arxla dövrəyə alınmış çəmənlikdə üzüm tənəklərinin kölgəliyində qızıl tikməli hündür yastığın üstündə zəhmli xan oturmuşdu. Xan öz yaxın adamları ilə söhbət edir, adlı-sanlı vəzirləri də ağızlarını ayırıb onu dinləyirdilər, qorxurdular ki, birdən xanın hansısa kəlməsini eşitməzlər. Onlar xanın qarşısında müti görkəmdə zağ-zağ əsirdilər.

 

Əlbəttə, qoca ovsunçu bu söhbətə mane olmağa cəsarət etmədi. O, ecazkar dəvəsi ilə bir kənarda durdu, gözlədi ki, ağıllı xan öz mübarək nəzərlərini nə vaxt ona tərəf yönəldəcək. Aydın məsələdir ki, Yartı-qulaq da burada idi: o, dəvənin qulağından ətrafa baxır, böyük maraqla xanı gözdən keçirirdi. Onun heç bir işi olmadığından xanın öz vəzirləri ilə nə barədə söhbət elədiyinə qulaq asmağa başladı.

 

Ən yaşlı vəzirlərdən biri xana baş əyib dedi:

 

— Ey məşəl kimi işıq saçan xeyirxahımız, dərya qədər səxavətli və adamların ən ağıllısı, bilicilərin ən bilicisi! Qulağını sədaqətli nökərinə sarı əy, sözlərimə diqqətlə qulaq as. Yazda dağ təpələrində qarlar əriyib, axıb bütün çayları su ilə doldurur. Sonuncu dəfə yağan yağış çaylarımızın suyunu daha da artırıb. Su da, özün bilirsən – qızıldır! O hətta qızıldan da qiymətlidir. Niyə axı bu su dehqanların çöllərinə axır? Əmr elə hündür bəndlərlə çayın qabağını kəssinlər, suyu apar, qoy qızıl sənin öz sandığına axıb tökülsün!

 

Yartı-qulaq da yaşlı vəzirin pis niyyətli fikrini eşidib qorxdu. O başa düşdü ki, susuz atasının çölündə nə taxıl, nə də pambıq becərə bilməz. O başa düşürdü ki, bir ovuc su üçün dehqanlar zalım xana qul olacaqlar. Xan bu məsələdən çox razı qaldı, ucadan dedi:

 

— Ey vəzir! Sən bu gün çox ağıllı kəlam söylədin. Mən öz ölkəmin xəzinələrindəki sərvətin hamısını yığaram. Qoy sənin dediyin kimi olsun: qulların və əsirlərin hamısını bir yerə yığ, onlara əmr et ki, gecə və gündüz bizim çayımızda bənd tiksinlər.

 

Xan sevincindən elə bərk əl çaldı ki, barmağındakı qırx üzüyün qırxı da cingildədi.

 

Vəzir yerə qədər əyilib xana təzim elədi və qaçıb getdi ki, xanın əmrini tez yerinə yetirsin. Birdən dəvə qışqırdı:

 

— Vəzir ağa, ayaq saxla. Bu dəqiqə dayan, yoxsa böyük bədbəxtlik baş verəcək!

 

Vəzir heyrət içində donub qaldı, xan isə az qaldı zərxara yastıqdan yıxılsın yerə. Onun yaxın adamları saqqallarından yapışıb başlarını bulaya-bulaya inildədilər.

 

— Vay, vay, bəlkə, bu, cindir, böyük xanın sarayına gəlib çıxıb?

 

Ancaq qoca münəccim qabağa çıxıb hökmdarın ayağı yanında yeri öpdü, təntənə ilə dedi:

 

— Ey alimlərin alimi, ağıllıların ağıllısı! Mən sənin tapşırığına əməl eləmişəm, sənə qəribə bir möcüzə gətirmişəm. Budur, mənim danışan dəvəm, yer üzündə buna tay başqası yoxdur.

 

Ancaq xan münəccimin sözünə o dəqiqə inanmadı. Bu vaxt qoca ovsunçu əlavə edib dedi:

 

— Bu ağıllı heyvanla sən özün danış, onda özün inanacaqsan ki, mənim sözlərimdə zərrə qədər də olsun yalan yoxdur.

 

Xan iltifatla başını tərpətdi. Ancaq bilmədi, söhbəti nədən başlasın: hər gün o öz məsləhətçiləri ilə və müdrik adamlarla söhbət eləyirdi, ancaq bu vaxta kimi hələ dəvə ilə söhbət eləməmişdi. Nəhayət, xan çəkinə-çəkinə dedi:

 

— Ey dəvələrin ən ağıllısı, bir az yaxın gəl, öz ağıllı söhbətlərinlə bizi feyziyab elə.

 

Amma dəvə yaxınlaşmadı, o, uzaqdan xana baş əyib ehtiramla dilləndi:

 

— Ey mənim xanım, sən ipək libas geyinmisən, sənin məsləhətçilərinsə məxmər libas geyiblər. Yaraşmaz ki, mən çulsuz-filansız sizə yaxın gəlim.

 

Bu vaxt xan daha çox heyrətləndi və əmr etdi ki, ən bahalı zərli xələti dəvənin üstə salsınlar. Tərbiyəli dəvə cavabında dedi:

 

— Təşəkkür edirəm, ey səxavətli xan! Bir halda ki mənim arıq-uruq bədənim çulla örtülüb, daha sənə yaxın gələ bilərəm və deyərəm ki, mən onların güman etdiyi deyiləm, sən də gördüyünlə danışmırsan, səninlə danışana baxmırsan.

 

Dəvənin dediklərindən xan heç nə anlaya bilmədi, ancaq heyvanın ağıllı sözlərindən vəcdə gələrək ucadan dedi:

 

— Axı sən kimsən?

 

Yartı özünü itirmədi, dəvənin əvəzinə dilləndi:

 

— Mən məşhur aliməm, riyaziyyatçıyam, saraylar inşaatçısıyam, xəstələrə şəfa verənəm. Biliklərimi mən atamın atasından almışam, atamın atası isə öz bildiklərini atasının atasından… — dəvə uzun-uzadı danışdı, o qədər danışdı ki, xanı mürgü tutdu, amma xan gözəl danışıq qabiliyyəti olan bilikli dəvənin söz axınının bircə kəlməsini belə kəsməyə cəsarət eləmədi. Elə ki dəvə öz nitqini bitirdi, xan dedi:

 

— Ey müdrik! Mən bilmirəm ki, sənin atan, atanın atası, atanın atasının atasının atası kim olub. Ancaq görürəm ki, onların hamısı çox bilikli və ağıl dəryası olublar. Yaxşı, bəs sən niyə dəvə olmusan?

 

Dəvə cavab verdi:

 

— Eh, mənim həyatımın hekayəti səhra yolu kimi çox uzun və cansıxıcıdır. Min il bundan qabaq mən yerdən göyün üzərindəki qəzəbli və cadugər pəri üçün billurdan bir köşk tikmişdim. Ancaq günlərin birində mən həmin pəri ilə dalaşıb küsdüm, o da məni dəvə elədi. Buna baxmayaraq mən öz biliyimi və müdrikliyimi qoruyub saxlaya bilmişəm. İndi də, ey zəhmli xan, böyük bir fəlakətdən səni qorumaq istəyirəm.

 

Dəvə belə deyəndə xan qorxudan tir-tir titrədi. O, zərli yastığın üstündən dik qalxıb ucadan dedi:

 

— Ey müdrik, danış, hamısını düz de, heç nədən qorxub eləmə.

 

Dəvə dedi:

 

— Hiyləgər vəzirin dediyi o bəndi çəkdirmə! Yadında saxla: sənin xanlığına axıb gəlməmişdən əvvəl sənin çayın bir çox ölkələrdən və yerlərdən axıb gedir və hər tərəfdə də su itirir. Bəndi sənin torpaqlarında tikmək lazım deyil. Onu o yerdə tikmək gərəkdir ki, orda qar əriyib çaya tökülür – bəndi uca dağların zirvəsində tikdir. Onda sən günəşin altındakı bütün sulara sahiblik edə bilərsən, qılıncı qınından çıxarmadan bütün dünya üzündəkilərə üstün gələrsən.

 

Dəvə sözünü bitirib xana təzim elədi, xan onun tikanlı boynunu qucaqlayıb dəvənin dodaqlarından öpdü. Hər halda ağıllı dəvəyə belə bir öpüş xoş təsir bağışlamadı: o qışqırdı, başını tovladı və istədi, şıllaq atsın, ancaq Yartı-qulaq vaxtında üstünə qışqırdı:

 

— Xik-çek!

 

Ağıllı dəvə həyəcanlanmış xanın qarşısında diz üstə çömeldi.

 

Yer üzünün hökmdarı dedi:

 

— Qoy belə olsun!

 

Bu vaxt qoca vəzir ayağa qalxdı. O qorxdu ki, xanın təzə sevimli adamı tapılıb, odur ki zəhərli ilan kimi başladı fısıldamağa:

 

— Ey yad diyardan gələn ağıl dəryası, icazə ver, səndən xəbər alım, qartaldan savayı kim qarlı zirvəyə qalxa bilər, hə? O yerə ki bizim çay mənbəyini oradan alır.

 

Dəvə təmkinlə cavab verdi:

 

— Mən. Pəri üçün billur körpü salan, xeyirxah cinlərə quş sümüyündən saray tikən, şeytanlar padşahına alovun dillərindən köşk quran. Mən uca dağ zirvəsinə bənd tikərəm və suyun hamısını böyük xanın məmləkətinə çəkib gətirərəm.

 

Vəzir səsini kəsdi. Xan isə belə bir xidmətə görə ağıllı dəvəyə bitib-tükənməyən daş-qaş, cəvahirat təklif elədi.

 

Ancaq dəvə qürurla dedi:

 

— Ağıllılar bəxşişə ehtiyac duymurlar. Daş-qaşlarını, cəvahiratlarını saxla, qalsın özündə. Mən onlarsız da bənd tikərəm. Mənə yola bir kisə düyü və bir tuluq yağ ver. Düz otuz il otuz üç gündən sonra qayıdıb gələcəm, yolumu gözlərsən. Mən cümə günü, leysan yağışdan sonra qayıdıb gələcəm.

 

Mərhəmətli xan dedi:

 

— Qoy elə olsun!

 

O saat nökərlər dəvəni düyü və yağla yüklədilər. Hətta dəvənin boynuna bir qızıl zəncirov da asdılar. Ancaq bilikli dəvə bu hədiyyəyə etiraz eləyirdi.

 

Sonra xan, onun bütün vəzirləri və əyanları danışan dəvəni yola saldılar, qayıdıb gəldilər saraya, leysan yağışdan sonrakı cümə gününü gözləməyə başladılar. Ancaq səhraya yağış hərdən-birdən düşürdü. Ona görə də xan danışan dəvənin qayıdıb gəlməsini çox, lap çox gözləməli oldu.

Su isə əvvəlkitək yoxsul aullara axıb tökülürdü. O çox sürətlə axır, şəffaf arxlarda şırıldayırdı və hər yaz çöllərdə taxıl və pambıq göyərirdi. Ona görə göyərirdi ki, su olan yerdə həyat var, qədimdə müdrik ağsaqqallarımız belə deyiblər.

Mən belə danışdım, nəyi demədimsə, bir gün başqaları gəlib danışarlar.