Adigey nağılı. Ayı, canavar, tülkü və qaban
Ayı, canavar, tülkü və qaban belə qərara gəldilər ki, bir-biri ilə dostluq eləsinlər, birlikdə ova çıxsınlar, bir yeyib bir içsinlər.
Canavar dedi:
– Ovumuzu bax bərabər bölüşdürəcəyik.
Bütün günü heyvanlar meşədə gəzişib-dolandılar, ancaq heç bir şey tapa bilmədilər. Ac-acına oturdular. Qaban yuxuya getdi. Bu vaxt tülkü asta-asta canavara və ayıya dedi:
– Bax indi biz dadlı qabanı yeyərik.
Ayı dedi:
– Onu necə yeyə bilərik, axı o bizim yoldaşımızdır.
Canavar dedi:
– Eh, biz onu necə yeyə bilərik? Bir görün nə iti dişləri var.
Tülkü söhbətə qoşuldu:
– Canavar, sən heç qorxub-eləmə, biz onunla güləşməli olmayacağıq ki. Onu özünün razılığı ilə yeyəcəyik. Mən onu aldada bilərəm. Biz qabanı yuxudan oyadarıq, başlayıb yeməkdən danışmağa. Mən deyərəm: “İndi hər kəs özünü yeməyə razılıq versə, yerdə qalanlar ona payızda hərəsi bir öküz verəcək. Razısız?” Siz cavab verin ki: “Razıyıq!” Mən deyəcəm: “Yeyin məni”. Sən, canavar, de ki: “Tülkünün əti ilə heç qarın doyar? Həm əti azdır, həm də ki arıqdır! Yaxşısı budur, məni yeyin”. Sən isə, ayı, tez canavarın üstünə qabar ki: “Səninlə də heç qarın doymaz, ətin damardamardır, həm də ki yağsızdır. Yaxşısı budur, məni yeyin, mən yekəyəm”. Bu vaxt mən deyərəm ki: “Sən, ayı, doğrudan da, yekəsən, ancaq sənin tüklərin sıx və qalındır, sümüklərini də ki gəmirmək mümkün deyil. Bəlkə, elə qaban razılıq verəcək ki, onu yeyək, bəlkə, payızda üç öküzü elə özü almaq istəyir?”
Canavarla ayı tülkünün sözlərini yadda saxladılar. Qabanı yuxudan oyatdılar. Tülkü nə fikirləşmişdisə, planı olduğu kimi yerinə yetirdilər.
Qaban diqqətlə qulaq asıb fikrə getdi. Sonra dedi:
– Əgər siz, doğrudan da, payızda hərəniz mənə bir öküz verəcəksinizsə, məni aldatmayacaqsınızsa, onda razıyam, yeyin məni.
Heyvanlar bir göz qırpımında qabanı parçaladılar. Ayı başladı onun içalatını dartışdırmağa. Ağciyərləri palçığın içinə düşdü. Canavar cəld sıçrayıb ciyərləri qamarlayıb dedi:
– Bunları çayda yumaq lazımdır, mən qaçım, yuyum.
Canavar çaya doğru götürüldü, ağciyərləri orada həzm-rabedən keçirdi. Yeyib qurtarandan sonra qayıdıb gəldi.
Ayı xəbər aldı:
– Ağciyərlər hanı?
Canavar dedi:
– Ağciyərləri iti axan çay apardı, saxlaya bilmədim.
– Bərk saxlamaq lazım idi, – ayı donquldandı. – Bu axı bizim hamımızın azuqəsi idi.
Bu vaxt qabanın qaraciyəri yerə düşdü. Canavar qaraciyəri qapıb dedi:
– Bunu gərək çayda yuyaq, mən qaçım, yuyum, – canavar götürüldü.
Ayı canavarın dalınca qışqırdı:
– Möhkəm saxla ha! Mən də qaraciyərin dadına baxmaq istəyirəm.
Canavar qaraciyəri də həzm-rabedən keçirib, qayıdıb gəldi. Ayı onun əliboş gəldiyini görüb qışqırdı:
– Hanı qaraciyər?
Canavar cavab verdi:
– Yenə iti axan çay apardı.
Ayı qəzəbləndi:
– Yalan deyirsən, özün tıxmışsan! Bax indi mən sənə düzlüyü öyrədərəm.
Canavar meşəyə doğru qaçdı. Ayı onun dalınca yüyürdü. Qaçıb özünü ona çatdırdı. Başladılar dalaşmağa. Bu arada tülkü qabanı sürüyə-sürüyə çəkib o biri tərəfə apardı, çalada basdırıb üstünə torpaq tökdü. Yumşaq şələ quyruğu ilə torpağın üstünü hamarladı ki, heç nə hiss olunmasın.
Qayıdıb gəldi əvvəlki yerinə. Oturub yoldaşlarını gözlədi.
Canavarla ayı o ki var dalaşdılar. Sonra barışıb, qayıdıb gəldilər. Ətrafa baxdılar, baxdılar, amma bir şey anlaya bilmədilər.
Ayı soruşdu:
– Hanı ət?
– Hanı qaban? – canavar xəbər aldı.
Tülkü cavab verdi:
– Qaban getdi.
– Necə getdi? Nə sayaq getdi?
– Getdi də. Dərisini keçirtdi əyninə, dedi ki: “Bir-birindən ət oğurlayan bu cür yalançılar, bir parça yemək üstündə bir-birini didib-parçalayan yırtıcılar payızda mənə nəinki öküz, heç öküzün quyruğunu da verməzlər. Mən onlara inanmıram. Çıxıb gedirəm! Daha keçib, ağciyə(r)siz, qaraciyərsiz birtəhər yaşayıram. Ancaq daha nə canavarla, nə də ayı ilə dostluq eləmək istəmirəm”. Tüpürdü yerə, çıxıb getdi. Bax məsələ belə oldu.
Ayı ilə canavar bir-birinə baxdılar. Tülkü düz deyirdi. Onlar yalançı və yırtıcıdırlar. Buna söz ola bilməzdi. Dodaqlarını yalayıb hərəsi meşənin bir tərəfinə üz tutdu.
Kələkbaz tülkü isə qabanın iri cəmdəyini təkbaşına yedi.
26.10.2026