Əziz Sultan. Qarışqanın yeməyi
Payız vaxtı idi. Qurumuş ağacın üstündə heç nə tapa bilməyən qarışqa diqqətlə ətrafa baxırdı. Birdən ayaqlarının altından bir xırıltı səsi gəldi. Yana çəkildi. Quru, çopur qabığın altından bir ağacqurdu başını çölə çıxardı. Dərin bir nəfəs alıb belə dedi:
— Axır ki, ağacın o başından bu başına kimi gəlib çıxa bildim.
Qarışqa heyrətlə soruşdu:
— Ağacın o başından bu başına kimi neçə gündə gəlib çıxmısan?
Ağacqurdu dedi:
— Qaranlıqda günləri saymaq olmur ki! Mən deyim on gün, sən də on beş gün.
Qarışqa dedi:
— Bəs ağacın içində nə yeyirsən?
Ağacqurdu dedi:
— Ağacdan daha ləzzətli nə var ki? Elə ağacı yeyirəm də, — bunu deyib gülməyə başladı. Sonra qarışqaya sual verdi: — Bəs sən nə yeyirsən?
Qarışqa dedi:
— Mən ağacın meyvəsini yeyirəm.
Ağacqurdu dedi:
— Özün bilərsən. Meyvə ildə bir dəfə olur, elə bircə fəsildə. Amma ağacı il boyu yeyə bilirəm.
Bunu deyib təzədən başını içəri çevirdi. Bir azdan qarışqanın ayağının altından yenə eyni səslər gəlməyə başladı: xırp, xırp, xırp…
Qarışqanı dərd götürdü. Otlar quruyub, ağaclar isə yarpaqlarını çoxdan töküb. İndi haradan meyvə tapa bilərdi?..
— Başımın üstündə nə dayanmısan? — təzədən ağacqurdunun səsi eşidildi.
— Yemək tapa bilmirəm, — qarışqa cavab verdi.
Ağacqurdu yenə başını ağacdan çölə çıxarıb dedi:
— Burada oturub gözləsən, əlbəttə, tapa bilməyəcəksən. Ora bax, yolun qarşı tərəfində çoxlu evlər var. Ora getsən, yəqin ki, daha çox yemək taparsan.
Qarışqa yolun qarşı tərəfindəki evlərə o gözlə baxmamışdı. Orada yaşayan nəhəng varlıqlardan çəkinirdi.
— Havadakı ətrə bax, — ağacqurdu dedi. — Çörək ətridir.
Yoldan at arabası keçirdi. Qoşqusunda xeyli sayda çörək var idi. Birdən arabanın təkəri çökəyə düşdü, araba bərk silkələndi. Çörəklərdən biri yola düşdü. Çörəkçi bundan xəbərsiz yoluna davam etdi.
Ağacqurdu dedi:
— Yemək istəyirdin… Bax indi gedib o çörəkdən ye!
Qarışqa başını yelləyib dedi:
— Ağacdakı quşlar, evin pəncərəsindəki pişiklər məndən daha tez çatarlar.
Qurd dedi:
— Bu qədər ümidsiz olma! Burada oturub gözləsən, onsuz da ac qalacaqsan! Sən tərpən ki, Allah da sənin üçün yolu qısaltsın!
Bunu dedikdən sonra ağacqurdu yenə başını ağac qabığının altına salıb işləməyə başladı. Dayanmırdı, gecə-gündüz işləyirdi, yaxud dişləyirdi. Onun bu davranışı qarışqaya da cəsarət verdi.
Qarışqa düşündü ki, çörəyə tez çatmaq üçün əvvəlcə ağacdan düşmək lazımdır. Bunun ən qısa yolu isə tullanmaq idi. Çəkisi az olduğuna görə yerə düşəndə əzilməyəcəyini bilirdi. Dərin bir nəfəs alıb ağacın dibinə tökülən yarpaqların üstünə atıldı.
Havada xeyli süzüldükdən sonra, nəhayət, otluq kimi bir yerə çatdı. Düşündü ki, yəqin, külək onu yarpaqların üstünə düşməyə qoymayıb, otluğa aparıb. Yaxşı ki, çörəyin düşdüyü istiqaməti yadında saxlamışdı. Ağacı arxasına alaraq o tərəfə doğru addımlamağa başladı.
Artıq çörəyin ətrini çox yaxından hiss edirdi. O, qısa bir zamanda çörəyin yanına çatmışdı. Üstünə düşdüyü otluq silkələnəndə o da yerə düşdü. Geri baxanda başa düşdü ki, ağacdan tullanan da yerə yox, ağacın altındakı itin belinə düşüb. Çörəyi görən it tez özünü ora yetirib. Ağacdakı quşlar və evin pəncərəsindəki pişiklər isə itin qorxusundan qaçıb kənara çəkiliblər.
İndi it çörəyi dişləyib parçaladıqca qarışqa yerə tökülən qırıntıları yığmağa çalışırdı. Ağacqurdu isə ağac qabığının altında çoxdan gözdən itmişdi.
27.10.2026