Nağıllar, hekayələr

Bətül Yağsayan. Unudulmuş kəcavə

Keçmiş zamanlarda bir ölkədə çox pis bir qanun varmış: yaşlı insanların cavanlarla bir yerdə yaşaması qadağan imiş. Odur ki, insanlar qocaldıqca onları meşəyə aparır, orada təkbaşına qoyub geri qayıdırmışlar. Heç kim də sonradan gedib onlara baş çəkə bilməzmiş.

 

Bir gün meşədə tərk edilmək növbəsi yaşlı bir kişiyə çatır. Oğlu və nəvəsi onu kəcavəyə qoyub meşəyə aparırlar. Geri qayıdanda nəvənin yadına düşür ki, kəcavə meşədə qalıb. Atasına deyir:

 

— Atacan, kəcavə yadımızdan çıxıb meşədə qaldı. Qayıdıb onu götürməliyik. Axı, sən qocalanda, o mənə də gərək olacaq.

 

Bunu eşidən ata səhvini anlayır. Meşəyə qayıdıb yaşlı kişini yenidən kəcavəyə qoyur, evə qaytarırlar. Sonra da sözü bir yerə qoyurlar ki, bu barədə heç kimə bir kəlmə də deməsinlər.

 

Aradan xeyli vaxt keçir. Bir gün heyvanlar arasında amansız xəstəlik yayılır. Yaşlı kişi oğluna bu xəstəliyin dərmanının necə hazırlandığını öyrədir. Hamının mal-qarası tələf olduğu halda, kişinin oğlunun heyvanları sağ qalır.

 

Növbəti il kişi oğluna torpağa sağlam toxum əkmək üçün bəzi öyüdlər verir. Həmin il onun oğlu hamıdan çox məhsul götürür.

 

Kəndlilər bütün bunlardan təəccüblənirlər. Başa düşürlər ki, bu işin içində başqa bir iş var. Xəbər tuturlar ki, oğlan yaşlı atasını evində gizlədib. Dərhal ondan padşaha şikayət edirlər.

 

Padşah kişinin oğlunu hüzuruna çağırtdırır. Oğlan əhvalatı başdan-sonadək padşaha danışır.

 

Padşah ölkəsində yaşlılara qarşı düz davranılmadığını başa düşür. Yaşlı insanlarla bağlı axmaq qanunu ləğv etdirir.

 

Ölkədə hamı böyüklərin öyüdlərini dinləməyi və onlara hörmət etməyi öyrənir.

 

Beləcə, hər yerdə firavanlıq və əmin-amanlıq hökm sürməyə başlayır.