Acın imanı olmaz
Aclığın insanı hər cür davranışa, o cümlədən hiyləyə əl atmağa, yalan söyləməyə belə vadar etdiyini bildirən ifadə.
İfadə xalq arasında dolaşan maraqlı rəvayətdən qaynaqlanmışdır.
Həmin rəvayətə görə, şeytan acından ölmək dərəcəsinə çatmış bir yoxsul adama dinindən dönmək, imanından əl çəkmək müqabilində bol yemək təklif edir. Ac adam fikirləşmədən dərhal bu şərtə razı olur, lakin qarnını doyurub özünə gəldikdən sonra şeytana deyir:
— Mənim dinimdən dönməyim hesaba alınmır, çünki ac vaxtımda imanımdan dönməyə söz vermişəm, axı acın imanı olmaz. Buna görə də mən bir az əvvəl ac vaxtımda olmayan imanımdan necə əl çəkə bilərdim?
Xalq arasında çox zaman bu məsəl «acda iman olmaz, toxda aman», «acın Allahı olmaz» formalarında da işlədilir.
11.11.2026