Təbiət

Vulkan nədir?

Qədim  Roma əsatirlərində Vulkan od allahıdır. Yunanıstanda isə onu Hefest adlandırırdılar. Əslində isə vulkan Yer qabığı səthində baş verən geoloji hadisədir. Vulkanın  krateri onun zirvəsindəki üzdə olan, görünən hissəsidir. Vulkan püskürəndə yerin təkindən  lava,  kül, yanar qazlar  və buxar çıxıb ətrafa  yayılır.

 

  Vulkanlar bəşəriyyətin başına az bəlalar gətirməyib. Məşhur Etna və Vezuvi vulkanları haqqında eşitmişik.  Etna vulkanı    təxminən 200 dəfə püskürüb.  Eramızın 122-ci ilində Kataniya şəhərini yer üzündən silib. Vezuvi vulkanı isə Pompey və Herkulanum şəhərlərini əhalisi ilə birlikdə məhv edib.  Bu dəhşətli hadisə Karl Bryullovun “Pompeyin son günü” adlı  rəsm əsərində təsvir olunub.

 

 Fəal vulkanlardan başqa sönmüş vulkanlar  da var.  Lakin bəzən  sönmüş vulkan da oyanır. Ona görə də belə vulkanları yatmış vulkan adlandırırlar.  Qafqaz sıra dağlarının Kazbek və Elbrus kimi zirvələri  sönmüş vulkanlardır.

 

Bir də palçıq vulkanları var. Belə vulkanların mənşəyi neft-qaz yataqları ilə bağlıdır.  Palçıq vulkanları olan ərazilər neft və qaz-kondensat yataqları ilə zəngin olur.  Palçıq vulkanlarının püskürməsi   güclü partlayışlar və yeraltı  uğultu ilə müşayiət olunur.  Yerin ən dərin qatlarından bayıra çıxan qaz dərhal alovlanır.  Vulkanın kraterindən yüksələn alovun hündürlüyü  bəzən 1000 metrə çatır.  

 

Azərbaycan palçıq vulkanlarının sayına görə  dünyada birinci yeri tutur.  Dünyada mövcud olan  800 palçıq vulkanından  təxminən 350-si Azərbaycandadır. Deyilənə görə,  Azərbaycanda  palçıq vulkanları  ilk dəfə 25 milyon il əvvəl püskürüb.  1810-cu ildən  indiyə qədər   50 vulkanda 200-ə yaxın püskürmə qeydə alınıb. Bizim palçıq vulkanlarımız “Təbiətin yeddi möcüzəsi” müsabiqəsinin nominantı seçilib.

 

Vulkanları geologiyanın xüsusi sahəsi olan vulkanologiya öyrənir.