Xəbərlər

2 avqust - Azərbaycan Kinosu Günüdür

XIX əsrin sonunda Fransada yaranan dünya kinosu 1898-ci ildə Azərbaycana da gəlib çıxdı. Bakılı fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetləri avqustun 2-də tamaşaçılara nümayiş etdirib. Həmin gün milli kinonun yaranma günü sayılır. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.


Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar.


1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib. Hər iki filmin rejissoru Peterburqdan dəvət edilmiş Boris Svetlov, operatoru isə Qriqori Lemberq olub.


Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilmiş ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.


1960-cı ildən C.Cabbarlı adını daşıyan “Azərbaycanfilm” kinostudiyası keçən əsrdə müxtəlif vaxtlarda “Azdövlətkino” “Azərkino”, “Azərfilm” “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adları altında fəaliyyət göstərib.


“Azərbaycanfilm”də indiyədək iki minə yaxın müxtəlif növ və janrda filmlər istehsal olunub. “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına layiq görülüblər. “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta” filmləri beynəlxalq kinofestivalların mükafatlarına layiq görülüblər.


Hazırda “Azərbaycanfilm” kinostudiyasının ildə 7-8 bədii film çəkmək imkanı vardır. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda kinostudiyanın istehsalat bazasını köklü şəkildə modernləşdirmək nəzərdə tutulub. Dövlət Proqramında nəzərdə tutulmuş bir sıra vacib tədbirlər artıq həyata keçirilib.