Mədəni irsimiz

Azərbaycan muzeyləri

Muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, uzaq və yaxın keçmişdən soraq verən maddi-mənəvi xəzinədir. Nəsillər və tarixi mərhələlər arasında körpü və ən yaxşı bələdçidir.


İlk muzey nümunələri eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdı. Bunlar əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyalarının toplandığı muzeyvari təşkilatlar idi. Tədricən kolleksiyaların mövzu dairəsi genişlənmiş, elmi, mədəni və tarixi əhəmiyyəti artmışdı. Sonralar bu kolleksiyalar hesabına dünyanın bir çox məşhur muzeylərinin əsası qoyulmuşdu.


Azərbaycanda isə muzeylərin təşəkkül tapması XX əsrin 20- ci illərinə təsadüf edir. “Doğma diyar” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdı. O vaxt muzeylərdə milyoner və zadəganlardan müsadirə edilmiş sənət əsərləri toplanırdı. H. Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə və digər Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşdu.
Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca ədəbiyyat, incəsənət, tarix, musiqi, teatr muzeyləri, həmçinin ev muzeyləri yaranmağa başlamışdı.


Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyinin binasının özü Azərbaycanın tarixi keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də tarix muzeyinə bəzən “Muzey içində muzey” deyirlər.


Xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, məqbərə və məbədlər, qalalar  açıq səma altında muzey adlanır. Azərbaycanda belə muzeylərin Şəki Xan Sarayı, Qobustan qayalıqları, Şirvanşahlar sarayı, Möminəxatun türbəsi, eləcə də Şuşa şəhəri kimi bənzərsiz nümunələri var.


Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş, dağıdılmışdır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə-yeksan ediblər.


Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi – bu muzeylərin hər birinin Azərbaycanın maddi-mənəvi xəzinsində öz dəyəri və yeri vardı.


Hazırda Azərbaycanda 212 muzey fəaliyyət göstərir. Onlardan 13-ü incəsənət, 7-si ədəbiyyat, 13-ü tarix muzeyləridir. 68 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti muzeyi var. Ev-muzeylərinin sayı 46-ya çatır.


Azərbaycanın ən iri muzeyləri sırasına Milli Tarix Muzeyi, Milli Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, İstiqlal Muzeyi və digər muzeylər daxildir.