Bu maraqlıdır!

Nəyə görə işıqfor üçün qırmızı, sarı və yaşıl rəng seçilib?

Ömründə heç vaxt işıqfor görməyən insan tapmaq çətindir. Müəyyən ardıcıllıqla qırmızı, sarı və yaşıl rənglə işıqlanan qurğu avtomobillərin və piyadaların hərəkətini nizamlayır. Hər birimiz siqnalların mənasını uşaqlıqdan bilirik, lakin işıqfor üçün nəyə görə məhz bu rənglərin seçildiyi çoxumuza məlum deyil.


1868-ci ildə London şəhərinin küçələrinin birində, Parlament binası yaxınlığında dünyanın ilk işıqforu peyda olur. Qurğu hərəkətin sıx olduğu Bridge Street küçəsinin yükünü azaltmaq üçün polislərə yardım məqsədi daşıyır. Bu qurğunu hazırlamaq ideyası mühəndis Con Pik Naytın ağlına gəlmişdi. Lakin düzünü desək, o, bu ideyanı dəmiryol semaforundan götürmüşdü.


Keb və dilijans sürücülərinin qarşısında hərəkətli ox işarələri ilə təchiz edilən 6,7 mer hündürlüyündə dirək qoyulur. Onlar ya yan tərəfləri (“stop” siqnalı), ya da 45 dərəcə aşağını (hərəkətə icazə verən “diqqət” siqnalı) göstərirdi. Gecələr isə qırmızı və yaşıl linzalı qaz fənərlərindən istifadə olunurdu. Sistemin işləməsi üçün işıqforun yanında daim polis əməkdaşı növbə çəkirdi.


Deməli, qırmızı və yaşıl rənglər dəmiryol semaforundan götürülüb. Maraqlıdır ki, əvvəllər “diqqət” siqnalı “yaşıl” rənglə işarələnir, hərəkətə isə ağ rəngdən sonra icazə verilirdi. Lakin bu rəng seçimi özünü doğrultmadı. Maşinistlər bəzən göydəki iri ulduzları işarələr kimi qəbul edir və bu da qəzalara səbəb olurdu.


Yalnız on illər sonra fizika alimləri qırmızı, yaşıl və sarı rənglərin nəyə görə işıqforlar üçün bir növ standart kimi qəbul olunduğunu izah edə bilirlər. Bütün rənglərin içində məhz bu üç rəng ən uzun spektr dalğasına malikdir. Buna görə də onlar uzaq məsafədən aydın görünür.