Təbiət

Zebr - zolaqlı at

Zebrlər  zolaqlı atlardır. Bu zolaqlar sanki rəssam tərəfindən çox gözəl və səliqəli şəkildə çəkilib.

 

Zebrlərin  dağ, səhra və düzənlik növləri var. Zolaqları  ağ və qara rəngdə olur.

 

Əvvəllər zebrlər bütün Afrikada yayılmışdılar. Bu gün düzənlik zebralarına daha çox Sudan, Həbəşistan, Şərqi Afrika savannalarında, materikin cənubuna qədər olan ərazilərdə rast gəlinir. Onların kip bədəni və qısa ayaqları var. Ağ və qara zolaqları, daha dəqiq desək, açıq zolaq tünd fonda bir-biri ilə növbələşir.

 

Səhra zebrləri isə Şərqi Afrikada, Keniyada, Həbəşistan və Somalinin quru savannalarında yayılıb.

 

Zebrlərin daha çox yayılmış növü dağ zebrləridir. Onlara Namibiya və Cənubi Afrikanın dağlarında bəzən 2000 metrə qədər yüksəkliklərdə rast gəlmək mümkündür. Onların ağ zolaqları daha ensiz olduğundan uzaqdan baxanda qara rəngdə görünür.

 

Bir çox zebrlər gizlənməyə yer olmayan açıq otlaqlarda yaşayırlar. Buna görə də, həyatda qala bilmək üçün çox sürətlə qaçmağa məcburdurlar. Onların bütün bədən quruluşu məhz buna uyğunlaşıb. Uzun ayaqları, güclü əzələləri və xeyli genişlənə bilən ağciyərləri var. Onlar yorulmadan və sürəti azaltmadan çox uzun məsafəyə qaça bilirlər. Zebrlərin sümükləri yüngül amma güclüdür. Heç birinin zolaqları digərləri ilə eyni deyil. Yəni hər zebrin özünəməxsus zolağı var. Onlar tez-tez su içirlər. Su olmayan bölgələrdə isə qoxu hissiyyatından istifadə edərək çuxur qazıb təmiz su tapırlar.

 

Təhlükə zamanı zebrlər balalarını qorumaq üçün onları sürünün içərisinə doğru itələyirlər. Sürü qaçarkən balalar daim ortada olur və  analarına yaxın hərəkət edirlər.