Dastanlar

Salur Qazanın evinin yağmalandığı boy

Günlərin bir günü Salur Qazan evinə oğlu Uruzu 300 keşikçi ilə birgə qoyaraq başının dəstəsi ilə ova getmişdi. Düşməni Şöklu Məliyin adamları bundan xəbər tutdu. Oğuz elinə hücum çəkdi. Qazan xanın evlərini yağmaladılar, xəzinəsini taladılar. Anasını, qırx incə belli qızla yoldaşı Burla xatunu və oğlu Uruzu 300 igidlə birgə əsir götürdülər.


Düşmənin gözü bununla doymadı. Dedilər: “Gedək, Qazanın qoyun sürülərini də ələ keçirək”. Qazan xanın qoyun sürüləri Dəmirqapı Dərbənddə idi. Onun Qaraca Çoban adında qoldan qüvvətli bir çoban idi.  Qaraca Çoban düşmənin hiyləsindən xəbərsiz idi. Yapıncısını yerə atıb yatmışdı. Gecənin bir aləmi pis yuxu gördü. Yerindən dik atıldı. Üç yerdə təpə boyda daş yığdı. Sapandını əlinə aldı, oturub gözlədi. Bir də gördü, budur, altı yüz düşmən onun üstünə gəlir. Düşmənlərin başçısı dedi:  Qar-yağış yağanda çaxmaqlı çoban! Südü, pendiri bol, qaymaqlı çoban! Ədə, çoban, Salur Qazanın evlərini yağmaladıq, var-dövlətini ələ keçirdik. İndi də qoyunlarını almağa gəlmişik. Ya dinməz-söyləməz ver aparaq, ya da zorla alıb özünü də əsir edərik.


– Boş-boş danışma! – Qaraca Çoban qəzəblə nərə çəkdi. – Səndən qorxsam, səndən betər olum. Hünərin var, yaxın gəl!


Düşmənlər bunu eşidəndə atlarını çobanın üstünə sürdülər. Hər tərəfdən ox yağdırmağa başladılar. Qaraca Çoban sapandına daş qoydu, atdı. Birini atanda ikisini yerə sərdi. Axırda daşı qurtardı, qoyun-keçi demədi, onları düşmənin başına ələdi. Düşmənin gözü qorxdu.

Dedilər:


Bu çoban axırda bizi qıracaq! Gəlin qaçaq!


Düşmənlərdən ölən öldü, sağ qalanlar dabanlarına tüpürüb qaçdılar.


Handan-hana Salur Qazan yetişdi. Düzdə sərilib qalmış düşmənlərə baxdı. Üzünü Qaraca Çobana tutub dedi:  Çoban, de görüm Oğuz elini kim bu günə qoydu?


Qaraca Çoban olub-bitənləri Qazan xana danışdı. Qazan xan əsdi, gurladı, qisas eşqi ilə alışıb-yanmağa başladı. Atının ağzını düşmən ölkəsinə çevirdi. Bir də baxdı ki, Qaraca Çoban da arxasınca gəlir.

Soruşdu:


– Çoban, sən hara?


– Oğuz elinin qisası mənim qisasımdı. Mən də səninlə gedirəm.


Qazan xanın ürəyi Qaraca Çobanın belə cəsarətli, sədaqətli olmasından dağa döndü. Bir yandan da fikirləşdi ki, çobanla getsə, düşmən onu qorxaq bilər, deyər ki, anasını, arvadını qurtarmağa özüylə çobanını da gətirib. Atdan endi. Çobanı bir ağaca möhkəm sarıdı. Yola düzəldi.


Amma Çoban inadından dönmədi. Ağaca bir güc verdi, iki güc verdi, üçüncüdə kökündən qoparıb belinə aldı, Qazan xanın arxasınca yola düzəldi. Qazan baxdı ki, çoban yenə gəlir, atın yüyənini çəkdi, yerə düşdü. Qaraca Çobanın əllərini açdı, alnından öpüb dedi:


– Sağ ol, çoban! Var-dövlətimi qaytara bilsəm, bu sədaqətinə görə səni baş ilxıçı edəcəyəm.


Bu arada Şöklü Məlik bundan xəbərsiz Burla xatunu özünə arvad eləmək istəyirdi. Köməkçilərini göndərir ki, get burla xatunu gətir yanıma. Köməkçisi gəlir Burla xatuna səslənir, 40 qızın qırxı da dillənir. Köməkçi gəlib Məliyə hadisəni nəql edir. Məlik tapşırır ki, gedin oğlu Uruzu öldürün, ətindən də qovurma biçşirin. Hansı qız yeməsə ilin ki, Burla xatun odur. Uruzu öldürməyə aparanda Qazan xan və ordusu yetişdi. Düşmənin qoşununu şil-küt elədilər. Qazan xanın anasını, arvadını xilas etdilər. Oğuz elinə döndülər.
Dədə Qorqud gəldi, boy boyladı söz söylədi.