Dastanlar

“Koroğlu ilə Dəli Həsən” qolu

Günlərin bir günü Koroğlu Qırat minib Çənlibelin ətəyindəki yola çıxmışdı.
Bir də baxdı budu, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. Amma atlıların qabağında bir oğlan gəlir ki, dünyalara dəyər.
Üzündən, gözündən igidlik yağır.
Oğlan Koroğlunu görcək, dəstəsinə hay vurdu. Atlılar o saat Koroğlunu araya aldılar.
Koroğlu dayandı.
Gözlədi ki, görsün işin axırı nə olacaq. Oğlan atı cövlana gətirdi (hərlətdi), süzdürüb düz Koroğlunun qabağında dayandı. Sonra bir Koroğluya baxdı, bir atına baxdı, soruşdu:
– Əyə, de görüm kimsən? Bu yerlərdə nə gəzirsən?
Koroğlu dedi:
– Yoldan keçənəm.
Oğlan bir də Koroğlunun atına baxıb soruşdu:
– Bu atı haradan alıbsan?
Koroğlu dedi:
– Mən sənə məsləhət görürəm öz yolunla düz gedəcən. Yoxsa yaxşı olmaz. Oğlan bu sözdən qəzəbləndi. Hirslə atının başını çəkdi. At iki dal ayaqları üstünə qalxdı. Üzünü Koroğluya tutub dedi:
– Görünür ki, sən məni tanımırsan? Əgər tanısaydın belə danışmazdın. Mənə Dəli Həsən deyərlər. Bu yollardan kim keçsə, mənə bac-xərac verməlidi. Koroğlu onu tanıdı. Bildi ki, atasının dediyi Dəli Həsəndi. Bir də diqqətlə atına, özünə baxdı. Gördü yox, Dəli Həsən doğrudan da igid oğlandı.
Koroğlu atası ölən gündən bəri onu axtarırdı. Onunla dostlaşmaq, əlbir olmaq fikrində idi. Ancaq bilirdi ki, bu iş elə-belə baş tutmayacaq. Dava-dalaşsız məsələ düzəlməyəcək. Fikir onu götürdü ki, indi
nə təhər eləsin. Elə bu fikirdə idi ki, Dəli Həsən bir də qışqırdı:
– Əyə, sənə atdan düş demirəmmi? Yoxsa əcəlin çatıb?
Koroğlu aramla dedi:
– Dəli Həsən, səsinə qüvvət vermə, igid dil açmaz, əl açar.
Dəli Həsən dedi:
– Əyə, sən kimsən ki, mənim qabağımda belə yekə-yekə danışırsan?
– Dayan, deyim kiməm.
Bunu deyib, Koroğlu atın başını çəkdi. At elə qalxdı ki, dırnağının altından qopan daş bir neçə adam boyu Dəli Həsənin başının üstündən keçib, o tərəfə düşdü. Koroğlunun ətrafını bürümüş atlılar çaxnaşmaya düşdülər. Dəli Həsənlə Koroğlu dava eləyəsi oldular. Qılınclarını çəkib, birbirinə hücum elədilər. Qılıncdan murad hasil olmadı, əmuda (polad toppuz) əl atdılar. Əmuddan murad hasil olmadı, nizəyə əl uzatdılar. Nizədən də kar aşmadı. Axırda atdan düşdülər, güləşməyə başladılar. Dəli Həsən ilə Koroğlu çox güləşdilər, gah o buna güc gəldi, gah bu ona güc gəldi. Qoç Koroğlu axırda bir dəli nərə çəkib Dəli Həsəni götürüb yerə vurdu. Dizini sinəsinə dayadı, əlini qılınca atanda, Dəli Həsən bir ah çəkdi.
Koroğlu dedi:
– Bir qaşıq qanından qorxub niyə ah çəkirsən?
Koroğlunun cavabında Dəli Həsən dedi:
– Ey igid, mən canımdan qorxub ah çəkmirəm. Əhdim var idi. Əhdimə çatmadım.
Koroğlu soruşdu:
– Əhdin nə idi?
Dəli Həsən dedi:
– Mən əhd eləmişdim ki, hər kim məni bassa, onunla dost, qardaş olam. Ölənə qədər onun yanında qalam. İndi sən məni basdın, ancaq öldürürsən, əhdimə çata bilmirəm. Dəli Həsənin bu sözü Koroğlunu sevindirdi. Ayağa qalxdı, Dəli Həsənin qolundan yapışıb qaldırdı, əlini üç dəfə onun dalına vurdu. Dəli Həsən onun qılıncının altından keçdi, ölənəcən ona qardaş olub, qulluğunda durmağa and içdi. Ondan sonra üzünü Koroğluya tutub dedi:
– Qoç Koroğlu, düz yeddi ildi ki, mən bu yolların ağasıyam. İndiyə qədər hələ bir adam mənim qabağıma çöp sala bilməyib. Bu yeddi ilin ərzində bir bəzirgan (tacir) mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. Bəylərdən, xanlardan, tacirlərdən alıb yığdığım mal-dövlətin, qızıl-gümüşün, cavahiratın hamısını saxlamışam. İgidlər arasında olan adətə görə indi onların hamısı sənə çatır. Buyur, gedək malına sahib ol!
Koroğlu qabaqca ona inanmadı. Şübhələndi ki, bəlkə hiylə qurub onu topa salmaq istəyir. Sonra fikirləşib öz-özünə dedi: “Eybi yoxdu, elə belə yaxşıdı. Bu başdan yoxlayıb, sınaqdan çıxardaram. Qoy mərddirsə də indidən bilinsin, müxənnətdirsə (düşmən) də indidən bilinsin”.
Özü Qıratı mindi, sonra da üzünü ona tutub dedi:
– Min atını, sür, gedək!
Dəli Həsən qabağda, Koroğlu dalda az getdilər, üz getdilər, gəlib bir sıldırım qayanın dibinə çatdılar. Qayanın dibi yaman kol-kosluq idi. Dəli Həsən atını kol-kosluğa vurdu. Koroğlu da onun dalınca. Elə bir az getmişdilər ki, qabaqlarına bir mağara çıxdı. Dəli Həsən atdan düşdü. Sonra Qıratın cilovundan yapışıb dedi:
– Çatmışıq. İndi atdan düş, içəri girək.
Koroğlu yenə də Dəli Həsəni qabağına salıb mağaraya girdi. Baxdı ki, burada o qədər qızıl-gümüş var ki, elə bil yeddi padşahın xəzinəsi buradadı. Koroğlu mağaranı tamam-kamal gəzdi. Hamısını gözdən keçirdi. Sonra Dəli Həsənə dedi:
– Qoy bunlar elə buradaca qalsınlar. İndi bunlar bizə lazım deyil.
Amma elə ki, Çənlibeldə yurd-yuva saldıq, başımıza dəlilər, igidlər yığıldı, onda bunlar bizə lazım olacaq. Doğrudan da elə oldu. Bu gündən Koroğlunun başına yavaş-yavaş adamlar yığışmağa
başladı. Çox çəkmədi ki, Çənlibel qoçaq oğlanların, igidlərin məskəni oldu.