Bu maraqlıdır!

Müqəvvalar kəndi Naqoro

Vaxtilə Yaponiyanın Şikoku adasında yerləşən Naqoro kəndində yüzlərlə sakin yaşayırdı. Lakin illər keçdikcə Naqoronun əhalisi kəskin şəkildə azalmağa başladı. Daha yaxşı həyat axtarışında olan cavanlar kəndi tərk edərək şəhərlərə axışdılar. Nəticədə, kənddə yalnız bir neçə yaşlı qaldı.


2000-ci illərin əvvəllərində on ildən çox meqapolisdə - Osakada yaşayan Ayano Tsukimi doğma kəndi Naqoroya qayıdanda gördüklərindən sarsılır: kənd sanki ruhlar məskəninə çevrilmişdi. Burada sadəcə 37 qoca insan yaşayırdı. Bu haldan təsirlənən Ayano, kəndi “canlandırmaq” və öz tənha həyatına rəng qatmaq üçün müqəvvalar düzəltməyə başlayır. Hər müqəvva kəndi tərk edən, yaxud dünyadan köçən bir sakinin əvəzinə müxtəlif yerlərə yerəşdirilir. Onları hər yerdə - evdə, məktəbdə, fermada, skamyalarda, küçələrdə... görmək mümkündür. Belə ki, bu al-əlvan geyimli kuklalar mağazalara “gedir”, qrup  şəklində qış paltarlarında dayanacaqda oturub “avtobus gözləyir”, skamyada oturmuş qarı üfüqün rənglərindən “zövq alır”... Hazırda müqəvvalar kəndin əvvəlki sakin sayından 10 dəfə çoxdur.


Naqoroya köçəndən sonra Tsukimi bostanı üçün müqəvvalar düzəldirdi. Bir dəfə müqəvvalardan birinin üz cizgilərini atasına bənzədir və elə bundan sonra da ideya yaranır. Artıq 10 ildən çoxdur ki, Ayano bu işlə məşğuldur, indiyə qədər 350-dən çox müqəvva hazırlayıb. Taxta dayaqlar, köhnə qəzetlər, saman və lazımsız əsgi parçalarının köməyi ilə ərsəyə gələn kuklalara sonradan səliqəli paltarlar geyindirir. Tsukiminin dediyinə görə, müqəvvaları düzəldərkən ən çətinik çəkdiyi hissə üz ifadələrini düzgün verməkdir, xüsusən də dodaqları biçimə salmaq diqqət tələb edir. “Bir balaca əyrilik oldumu, artıq onlar sənə “əsəbi baxır”. Nənə müqəvvalarını hazırlamağı çox sevirəm, onlar məndə daha yaxşı alınır. Simlər vasitəsilə üzlərində təbəssüm yaradıram”. Ayano deyir ki, öz müqəvvasını da düzəldib. İtirdiyi ailə üzvlərinin də kuklaları evindədir, bu yolla tənhalıq hissindən qaçmağa çalışır.

 

Tsukimi müntəzəm şəkildə müqəvvalarının qeydinə qalmalıdır. Çünki onlar köhnəlir və rəngləri solur. Artıq bu rəngarəng müqəvvalar Şikoku adasının rəmzinə çevrilib və çoxlu turist cəlb etdiyinə görə, Ayano onların hər birinə xüsusi diqqət göstərməyə çalışır, yaxşı vəziyyətdə qalmalarına nəzarət edir. “Müqəvvalar insanlar qədər uzun yaşaya bilmir, ən çoxu 3 il ömürləri var. İşə başlayarkən düşündüm ki, bu, turistlərin də diqqətini çəkə bilər, odur ki, kəndin girəcəyində bir neçəsini yerləşdirdim. Sonra tarlada işləyən, göl kənarında balıq tutan, dayanacaqda oturub gözləyən müqəvvlar qoydum”.


Hazırda Yaponiyada Naqoro kimi minlərlə kənd və qəsəbədə əhali durmadan azalır. Doğum səviyyəsinin aşağı olması problemi daha da dərinləşdirir. Boşalmış kəndlərdə məskunlaşmaq üçün gənc ailələr, demək olar ki, yoxdur. Bundan əlavə, Yaponiyada 125 milyonluq əhalinin 20%-ni 65 yaşdan yuxarı insanlar təşkil edir və bu say artmaqdadır. 40 mindən çox yaponiyalı 100 yaşa qədər ömür sürür. Doğum sayının azalması ilə bərabər, təxmin edilir ki, əsrin ortalarına qədər təqaüd yaşına çatanlar 40%-dən artıq olacaq. Elə bu dövr ərzində də Yaponiyada əhali 100 milyon nəfərə qədər azalacaq.


65 yaşlı Ayano Tsukimi Naqoronun ən “cavan” sakinidir. 2012-ci ildə yerli məktəbi sonuncu iki məzun bitirib və bundan sonra məktəb bağlanıb. İndi məktəbdə Tsukiminin müqəvvaları “dərs dinləyir”. Əski parçalarından hazırlanmış kuklalar parta arxasında oturub qarşılarındakı açıq kitablara baxır. Lövhə qarşısında müəllim dərs izah edərkən, kostyumlu direktor da sinfə nəzarət edir.

 

Ayano deyir : “Mən ölüm haqqında fikirləşmirəm. Ən yaxın xəstəxanaya qədər bir saatdan çox yol var və mənə nəsə olsa, güman ki, burada - müqəvvalarımın yanında qalıb öləcəyəm. Ölümdən qorxmuram, çünki mən əbədi yaşayacağam”.

 

XAVƏR ZAHİR