Dastanlar

“Eyvazın Çənlibelə gətirilməyi” qolu

Deyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Bu səbəbdən Nigar xanım çox qəmli idi. Koroğlu da ona baxıb kədərlənirdi.


Aşıq Cünunun işi belə görüb dedi: – Ay qoç Koroğlu, elə buna görə məlulsan? Sənin mənim kimi aşığın var. Dünya mənim ayağımın altında sini kimidi. Gedərəm, hər yanı gəzərəm, axtararam, bir Rüstəm kimi igid, Yusif kimi gözəl oğlan taparam, gəlib sənə xəbər verərəm, gətirib özünə oğul eləyərsən. Aşıq Cünunun bu məsləhətinə Koroğlu, dəlilər, xanımlar, hamısı razı oldu. 


Telli Nigar dedi: – Ay aşıq Cünun, nə vaxt bir belə iş eləsən mənim, Koroğlunun, dəlilərin hörməti sənin üstündən əksik olmaz. Bu söz Nigarın ağzından çıxan kimi aşıq Cünun sazını götürdü. Koroğluynan, dəlilərnən, xanımlarnan əltəmən olub yola düşdü. Dağ aşdı, dərə keçdi, neçə-neçə oymaqlar, neçə-neçə şəhərlər gəzdi, dövran açdı, məclislər qurdu, çox oğlanlar gördü, çox igidlər nişanladı, amma qoç Koroğluya, alagöz Nigara layiq olan Rüstəm kimi iyid, Yusif kimi gözəl oğlan görmədi. Hər yerdən, hər torpaqdan keçib getdi, axşam üstə Təkə-Türkmanda bir obaya çıxdı.


Gördü obanın çobançoluqları, cavanları sürülərini, naxırlarını yollardan, döşlərdən töküb qabaqlarında obaya haylayırlar. Onlar aşıq Cünunu görcək başına yığışıb dedilər: – Aşıq, nə yaxşı oldu, səni tapdıq. Bu gecə bizim obada toy məclisi var. Aşıq Cünun yaxasını qırağa çəkib getmək istədisə də, Türkman iyidləri əl çəkmədilər, onu özləri ilə apardılar. Axşam toy məclisi quruldu. Toy yiyəsi dövlətli bir adamdı. Təkə-Türkmanın adlı-sanlı igidləri, ağsaqqal, qarasaqqalları, cahal-cuhulları, qız-gəlinləri hamısı toya yığılmışdılar. Yemək-içməkdən sonra aşıq Cünunu ortaya çıxartdılar. Soruşdular ki, ay aşıq, haradan gəlirsən, haraya gedirsən? Kimin aşığısan? Aşıq Cünun dedi: – Qoç Koroğlunun aşığıyam. Çənlibeldən gəlib Ərzuruma gedirdim. 


İgidlərdən birisi Koroğlu adını eşidib dedi: – Ay aşıq, Koroğlunu çox vurub tutan, igid deyirlər. Bir onun şücaətindən, igidliklərindən de, qulaq asaq. Aşıq Cünun sazı sinəsinə basıb, Koroğlunun tərifini göylərə qaldırdı.


Ondan xahiş elədilər ki, bu elin igidlərini tərifləsin. Aşıq Cünun dedi: – Aşıq gördüyünü çağırar. Mən Koroğlunu görmüşəm, ondan oxuyuram. Buraya təzə gəlmişəm, sizin igidləri görməmişəm, onlardan necə oxuyum? Məclisdə siz söyləyən adlı-sanlı igid varsa, qalxsın, görüm, özünə layiq tərifini eləyim. Bu söz aşıq Cünunun ağzından çıxan kimi hər yandan: – Qəssaboğlu Eyvaz ayağa qalxsın, aşıq onun igidliyinə baxıb tərif söyləsin – dedilər. Eyvaz ayağa qalxdı. Aşıq Cünun baxdı ki, vallah bu bir oğlandı ki, igidlikdə Rüstəmzal, gözəllikdə Yusif onun əlinə su tökməyə yaramaz. Ürəyində dedi, ay gidi dünya, axtardığımı tapmışam. Elə Koroğlu, telli Nigara layiq oğlandı ki var.


Aşıq Cünun istədi ki, hərbə-zorba ilə, söz güləşdirmə ilə Eyvazı qorxudub özü ilə Çənlibelə aparsın. Bir də Koroğlunu Çənlibeldən buraya gətirib götür qoya, zəhmətə salmasın. Gördü yox, bu o deyilənlərdən deyil, hər belə zarafatlarnan qorxası canavar deyil. Bir az da artıq danışsa çömçəsini alıb başına çalar. Aşıq Cünun gizlicə Eyvazın əsil-soyunu, yer yurdunu yaxşıca öyrəndi. Toyun sabahı günü yolu əlinə alıb Çənlibel sənsən getdi, gəldi bir sabah ertəsi Çənlibelə çatdı. Koroğlu, dəlilər, xanımlar onu görüb başına yığışdılar. Görüşəndən sonra yetmiş yeddi yerdən dedilər: – Ay aşıq Cünun, haraları, gəzdin, nə gördün, nə eşitdin? Niyə belə gec gəldin? Onların cavabında aşıq Cünun dedi:-çox yerləri gəzdim, gedib Təkə-Türkman elinə çıxdım. Orada Eyvaz adlı igid gördüm. Əsl Koroğluya layiq oğuldur.


Koroğlu bunu eşidib Qıratı mindi, dəlilərlə, Nigar xanımla sağollaşıb Təkə-Türkmana yola düşdü. Qırat yel kimi əsdi, quş kimi uçdu, gəlib TəkəTürkmanın yaxınlığına çatdı. Koroğlu uzun yol gəlmişdi, həm acımışdı, həm də yorulmuşdu. İstədi ki, düşüb atı dincəltsin, özü də bir az yeməkdən-zaddan tapsın yesin. Burada bir çobana qonaq oldu. Fikirləşdi ki, obaya öz paltarında girsə, onu tanıyacaqlar. Çobanla paltarını dəyişib obaya gəldi. Öyrəndi ki, Eyvaz atası qəssab Alıyla çölə sürüləri yoxlamağa gedib. Gəlib onları tapdı. Artıqlaması ilə pul verdi, bir sürü qoyun aldı.


Qəssab Eyvazı çağırıb dedi: – Yeri, qonağa kömək elə, qoyunları bələdən aşır. Eyvaz Koroğlu ilə bərabər qoyunları hayladı. Bələdən aşırdı. Elə ki, bələdən aşdılar, Koroğlu bir dala baxdı, gördü, tay qəssab Alı onları görə bilməz, qoyunları buraxdı, quş kimi sıçradı Qıratın belinə mindi. Çənlibelə tərəf baş almaq istəyəndə Koroğlu qırğı kimi Eyvazın üstünə şığıdı. Əlini atıb onun kəmərindən tutdu, ancaq nə qədər qoluna zor verdisə, onu yerindən tərpədə bilmədi ki, bilmədi. Dəli Koroğlu acıqlandı, qızdı bir dəli nərə çəkdi, Eyvaz titrəyib yerə yıxıldı. Bu dəfə əlini atdı, quş kimi Eyvazı götürüb Qıratın tərkinə qoydu, Çənlibel deyib yollandı. Qəssab Alı gördü xeyli keçdi, amma Eyvaz gəlmədi. Bir yeldən yeyin, sudan iti gedən Türkman atı vardı. Tez onu çəkdirdi, yəhərlətdi. Koroğlunun dalınca sürdü. Türkman atı boğanağa düşmüşdü. İlan kimi ağzını açıb, quyruğunu dik tutub dördnala çapırdı. Koroğlu bir də dönüb gördü vallah qəssab Alı budu elə gəlir ki, tay nə deyim. Koroğlu yavaşca Qıratı əylədi. Qəssab Alı gəldi ona çatdı. Koroğlua dedi: Ey igid, Eyvaz gözümün aöı-qarası bircə oğlumdur, onu sənən vermərəm.


Koroğlu dedi: – Mən xotkarlara, paşalara qan udduran, yollar kəsən, alaylar basan qoç Koroğluyam. Mənim övladım yoxdu, gəldim Eyvazı aparım, özümə oğul eyləyim, yeddi min, yeddi yüz yetmiş yeddi dəliyə sərdar tikim. Gəl məni dəlilərin, xanımların yanında xəcalət eləmə. Eyvazı əlimdən alma. Məndən sənə xeyir dəyər. Eyvaz da istədiyi vaxt sənin yanına gələr. 


Qəssab gördü ki, Koroğlu güc, xoş Eyvazı aparacaqdı, öz-özünə dedi: – Genə xoşnan versəm yaxşı olar. Belə aparsa oğul yenə elə mənimdi. Amma zorla aparsa nə olar? Çox fikir-xəyaldan sonra dedi: – Koroğlu, namına qıyıb Eyvazı sənin əlindən almıram. Apar get, amma gözün üstündə olsun. Koroğluynan Eyvaz qəssab Alı ilə görüşüb ayrıldılar. Qəssab Alı Təkə-Türkmana, Koroğlu ilə Eyvaz Çənlibelə yola düşdülər.


Koroğlu ilə Eyvaz Çənlibelə tərəf getməkdə olsun, sənə kimdən xəbər verim, Ərəb Reyhandan. Ərəb Reyhan Türkmanın varlılarından biri idi. Pəhləvanlığı da var idi. Deyirlər ki, Ərəb Reyhan başında yüz atlı ova çıxmışdı. Ov eyləyib geri qayıdırdı ki, birdən Koroğluya rast gəldi. Koroğlunun Çənlibeldən gəlib Türkman elindən Eyvazı aparmasını qəbul eləyə bilmədi. Elə bil başına göydən bir daş düşdü.


Hücum eləyib başının adamları ilə Koroğlunun yolunu kəsdi. Bəli, Koroğlu baxdı ki, düşman gəlir. O, qorxmadısa da, ancaq təkliyə darıxdı. Çəndibel, dəlilər Koroğlunun yadına düşdü. Bu dar vaxtda ölümündən qorxmayan, düşmana baş əyməyən, qənimlərə qan udduran igid, mərd dəlilərini yanında görmək istədi. 


Ərəb Reyhan Koroğlunun yolunu kəsmişdi. Koroğlunun ağzı düşmüşdü qorxunc bir uçuruma. Uçurumun dörd bir yanı elə sıldırım qayalıq, daşlıq idi ki, quş quşluğu ilə keçə bilməzdi. Koroğlu bir uçuruma baxdı, bir tərkindəki Eyvaza baxdı, bir də onu dəfələrlə ölümdən, mühasirədən xanların, paşaların çəngindən qurtaran Qırata baxdı. Qırat dörd ayağını yığıb özünü yığışdırdı, qızıl quş kimi sıçradı, uçurumun o tayına düşdü. Qırat elə sıçradı ki, Koroğlunun başında papağı da tərpənmədi. Ərəb Reyhan buna tamaşa eləyirdi. O elə fikir eləyirdi ki, Qırat bu uçurumdan sıçraya bilməyəcək. Başındakı yüz atlı ilə hücum eləyib Koroğlunu tutacaq, özünün də qollarını bağlayıb Türkmana aparacaq. 


Qırat ki, uçurumu elə sıçradı, Ərəb Reyhan bundan hesabını apardı. Qarnına sancı düşdü. Ancaq bunu başındakı atlılara bildirmədi. Bir nərə çəkib yüz atlı ilə dolama yoldan keçib Koroğlunun üstünə gəldi. Koroğlu dönüb geri baxdı, gördü Ərəb Reyhan başındakı atlılarla onun dalınca gəlir. Koroğlu Qıratın başını çəkdi, geri döndü Ərəb Reyhanın yanına qayıtdı, aldı görək nə dedi:  – Ərəb Reyhan, mən paşalara, bəylərə, xanlara qan udduran Koroğluyam. Mən sənin kimi adamlardan qorxmaram. Ancaq sənin bu adamlarına yazığım gəlir. Onları nahaq yerə qırdırıb qanlarına bais olma. Mənimlə dava etmək istəyirsən buyur, bu meydan, bu şeytan. 


Bəli, dava başlandı. Əvvəlcə olar elə at üstündə meydana girdilər. Bir-birinə nizə atdılar, qılınc vurdular, nə qədər hiylə işlətdilərsə, bir kaş aşmadı. Koroğlu gördü yox, Ərəb Reyhan elə balaca canavar deyil, beləliklə bir şey çıxmayacaq. Atdan düşüb, qollarını çırmadı. Paltarlarının ətəklərini belinə sancıb meydanı dolanmağa başladı. Bəli, Ərəb Reyhan da atdan düşdü. Hər ikisi piyada olub güləşməyə başladılar. Çox güləşdilər, bir-birini kotan kimi yerdə sürüb, meydanı qaraltdılar. Genə də bir murad hasil olmadı. Axırda dəli Koroğlu elə bir nərə çəkdi ki, bütün dağlar, daşlar səsə gəldi. Ərəb Reyhanın adamları içinə qırğı girmiş toyuq cücələri kimi pərən-pərənə düşüb hamısı qaçıb dağıldı. Ərəb Reyhanın qulaqları batdı. Koroğlu onu başına qaldırıb yerə vurdu, sinəsinə çöküb xəncərini boğazına dayadı. Ərəb Reyhan bir dəfə də olsun nə dinmədi, nə ağlamadı, nə də aman istəmədi. Koroğlu xəncəri yerinə qoyub ayağa durdu. Deyirlər ki, Koroğlu çox mərd imiş. 

 

Ağlamayan, yalvarmayan düşmanı öldürməzmiş. Ərəb Reyhanı da mərdliyinə görə öldürmədi, bağışladı. Ərəb Reyhan yağa durdu. Qolu, qıçı əzilmiş, haytıya-haytıya bir təhər ki, atına minib Türkmana tərəf yola düşdü. Qoç Koroğlu da Eyvazı tərkinə alıb Çənlibelə yol başladı. Nigar xanım çoxdandı ki, Koroğlunun yolunu gözləyirdi. Vədəsindən çox keçmişdi, Koroğlu hələ gəlib çıxmamışdı. Bir gün yenə Nigar bir hündür təpədə durub yollara baxırdı. Bir də gördü nə, yollarda, toz-dumana, duman toza qarışdı, diqqət eləyib gördü Koroğlu Qıratın üstündə, tərkində də Eyvaz budu gəlir. Nigar xanım dəlilərə xəbər elədi.


Yeddi min yeddi yüz yetmiş yeddi dəli at belinə doldu. At, qılınc, xələt götürüb Koroğlu ilə Eyvazı pişvaz elədilər. Görüşdülər, danışdılar, şadlıq məclisi quruldu. Qoyunlar kəsildi, ətlər doğrandı, kabablar yeyildi, içkilər içildi. Güldülər, oynadılar, oxudular, damaxlar duruldu, keflər açıldı. Nigar Eyvazın üzündən öpdü, köynəyinin yaxasından keçirdib özünə oğul elədi.