"Məhbub xanımın Çənlibelə gəlməyi" qolu
Aşıq Cünun çoxdan idi ki, Çənlibelədən çıxmışdı. Gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız.
Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi. Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir. Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləməyə başladı. Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.
Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır. Qırx incəbel qızlardan birinə Aşıq Cünunu göstərib dedi:
– Get, o aşığı buraya çağır.
Qarabaş getdi. Aşıq Cünun baxdı imarətin qapısından bir qız çıxdı, budu ona tərəf gəlir. Aşıq Cünun qabaqca qorxdu. Elə əkilmək istəyirdi, qız gəlib çatdı ki:
– Aşıq, Rum paşasının qızı Məhbub xanım səni çağırır.
Aşıq Cünun gördü yox bu, qəzəbdən deyil, deyəsən iş var. Qarabaşla Məhbub xanımın yanına gəldi. Məhbub xanım aşığa yer göstərdi, elə ki, aşıq Cünun əyləşdi, qız soruşdu:
– Aşıq, kimsən? Haradan gəlibsən? Hara gedirsən? Sizin yerlər necə yerdi?
Aşıq Cünun Çənlibeldən gəldiyini dedi.
– Aşıq, sizin o yerin bir yiyəsi varmı? Dəlilərin sərkərdəsi kimdi?
Aşıq Cünun dedi ki, əlbətdə var, Qoç Koroğlu. Aşıq Cünun Koroğlunun tərifini göylərə qaldırdı.
Məhbub xanım dedi:
– Aşıq Cünun, sən ki, Koroğlunu bu qədər təriflədin, əgər igid isə gəlsin məni də Çənlibelə aparsın.
Aşıq Cünuna da elə bu lazım idi. Ayağa durub, görüşüb məclisdən çıxdı. Ağamı allah saxlasın, birbaş Çənlibel deyib yol gedib, gəlib axırda Çənlibelə yetişdi.
Koroğlu ayağa durdu, aşığın qabağına çıxdı, gətirib öz yanında əyləşdirdi.
Aşıq yedi, içdi, elə ki, toqqanın altını bərkitdi, Koroğlu soruşdu:
– Aşıq Cünun, Çənlibeldən çoxdan çıxıbsan. De görək nə gördün, nə eşitdin?
Aşıq Cünun Məhbub xanımın dediyini Koroğluya çatdırdı.
Nigar xanım bu sözü eşitcək Koroğluya dedi:
– O ki buraya gəlmək istəyir, gətirməmək namərdlik olar. Bir də ki, Rum gözəllərini çox tərifləyirlər. Hökman gərək gedib Məhbub xanımı gətirəsiniz.
Koroğlu Qıratı çəkdirdi, yəhərlətdirdi, qılınc-qalxan götürdü, çiyninə də saz keçirtdi. Atlanmaq istəyəndə dəlilər:
– Bizi də özünnən apar, – dedilər.
Koroğlu razı olmadı. Xanımlarla, dəlilərlə halallaşıb Qıratı mindi. Tək-tənha Ruma tərəf getməyə başladı. Alçaqlar keçdi, ucalar aşdı, yel oldu əsdi, mənzillər kəsdi axırda gəlib Rum elinə çatdı. Koroğlu Qıratın üstündə, çiynində saz gedirdi, işə bax ki, Məhbub xanım da yenə küləfirəngidən baxırdı. Koroğlunu aşıq hesab eləyib
qarabaşını göndərib yanına çağırtdırdı. Koroğlu gəldi, düşdü Qıratı bir yanda bağlayıb içəri girdi. Məhbub xanım hörmətlə ona yer göstərdi.
Özü də qırx incəbel qızla yanında əyləşib dedi:
– Aşıq, gəlişin hardandı?
Koroğlu dedi Çənlibeldən. Məhbub xanım “Çənlibeldən gəlirəm” deməsindən bildi ki, bu Koroğludu. Dedi:
– Belə deməkdə yerin var. Söylə görək Rum elində sevdiyin gözəlin
adı nədi? Kimin qızıdı?
Məhbub xanım belə deməkdə Koroğluya işarə eləyib bu işi yanındakı qızlardan gizlətmək istəyirdi. Ancaq Koroğlu işarəyə baxan deyildi. Onunku mərd-mərdanə idi. Dedi: Məhbub deyib, Çənlibeldən gəlirəm. Məhbub xanımın əmisi qızı Şirin xanım da qızların içində idi. Özü də əmisi qızının xatirini çox istəyirdi. Baxdı ki, bu
sözdən qızların arasına çaxna-vaxna düşüb, odu ki, tez dedi:
– Ay qızlar, aşığın qaydasıdı, yar-yar deyər, dilbər deyər, Məhbub söyləyər. Məhbub istəkli deməkdi. Yoxsa fikrinizə ayrı şey gəlməsin. Qərəz, Şirin xanım qızları sağ saldı. Bir az keçdi, elə ki, qızlar durub çıxıb getdilər, Koroğlu yeyib, içib başını atıb yatdı. Bu yatmaqla Koroğlu düz sabaha kimi bir yanı üstə yatdı. Dünya – aləmdən xəbəri olmadı. Elə ki, səhər açıldı, durdu, yenə yedi, içdi, geyinib çıxmaq istəyəndə Məhbub xanım dedi:
– Koroğlu, belə haraya getmək istəyirsən?
Koroğlu cavab verdi ki, şəhəri gəzmək istəyirəm, tez qayıdacağam.
Sən də hazırlaş, gəlim gedək.
Məhbub xanım dedi:
– Yaraqsız, yasaqsız getmə. Atam buraya gəlməyini bilər, səni tutdurar.
Koroğlu dedi:
– Mən heç kəsdən qorxub gizlənən deyiləm.
Məhbub xanım çox dedi, Koroğlu az eşitdi. Axırda onun sözünə baxmayıb şəhərə çıxdı.
Rum əhli Koroğlunun tamaşasına yığışmışdı. Hamı onun təhərtöhürünə, boy-buxununa baxıb mat qalmışdı. Axırda söz gedib paşaya çatıb ki, bəs Ruma bir adam gəlib təhər-töhüründən heç bizim yerin adamlarına oxşamır. Paşa üç nəfər göndərdi ki, gedin mənim yanıma gətirin. Paşanın adamları Koroğlunun yanına gəldilər ki, paşa səni çağırır.
Koroğlu dedi:
– Mən paşa-maşa tanımıram. İşi varsa özü gəlsin, mənim yanıma.
Paşanın adamları Koroğlunu güclə aparmaq istədilər. Koroğlu bir dedi əl çəkin məndən, iki dedi əl çəkin məndən, gördü yox, olmayacaq, bunlar elə ora-burasını çəkişdirirlər. Axırda hirslənib onların üstünə düşdü. Elə bir-iki dəfə əl tovlayan kimi gələnlərdən ikisi mitil kimi yerə düşüb cəhənnəmə vasil oldu. Biri bir təhər aradan çıxıb özünü paşaya yetirib əhvalatı ona nağıl elədi. Paşa bu dəfə 15 adam göndərib, dedi:
– Gedin, onun ya dirisini gətirin, ya ölüsünü.
Koroğlu bir də baxdı ki, on beş nəfər yasaqlı adam siyirmə qılıncla ətrafı tutdular. Koroğlu baxdı ki, tay ayrı əlac yoxdu. Qılıncı çəkib düşdü bunların üstünə. Gələnlərdən ikicəsi salamat qalıb təngənəfəs özlərini paşanın yanına saldılar. Paşa acıqlanıb iki yüz yaraqlı-yasaqlı adamla Koroğluya hücum elədi. Koroğlu qılınc çəkib onların qabağına çıxdı. Xeyli vuruşdu, çox adam öldürdü. Paşanın adamları davam eləyə bilməyib qaçmağa üz qoydular. Paşa gördü yox, buna yüz, iki yüz qoşun kar salan deyil. Əmr elədi, bütün qoşun yeridi. Koroğlu şiri-nər kimi meydana girib gün batana kimi onlardan qırdı. Amma piyadalıq ona üz vermişdi. Vuruşa-vuruşa özünə yol açıb özünü Qırata çatdırmaq istəyirdi. Bu burada mərdanə qılınc vurmaqda olsun, sənə kimdən deyim paşadan. Paşa gördü, beləliklə Koroğlu bu qoşunu qırıb qurtaracaq. Rum əhlinə hökm elədi, Koroğlunun yolunun ağzında bir quyu qazıb üstünü də örtsünlər. Koroğlu qılınc vura-vura qoşunu dağıdıb yol aça-aça Qırata tərəf gedəndə birdən-birə quyuya düşdü. Qoşun hər yandan tökülüb onun qollarını bağlayıb paşanın yanına gətirdilər. O saat paşa hökm elədi ki, Koroğlunun boynunu vursunlar. Vəzir irəliyə yeriyib dedi:
– Paşa sağ olsun, buna qoç Koroğlu deyərlər. Bunun Çənlibeldə yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var. Yeriyib Rum elini dağıdarlar. Koroğlunu hələlik zindana saldır. Görək başımıza nə gəlir. Paşa vəzirin məsləhətinə razı olub Koroğlunu zindana saldırdı. Koroğlu zindanda qalmaqda olsun, sənə Çənlibeldə dəlilərdən
xəbər verim. Dəlilər çox gözlədilər Koroğlu qayıtmadı. Bildilər ki, dara düşüb. Çox fikirləşəndən sonra dalısınca adam göndərəsi oldular. Belə deyirlər ki, bir uzaq səfərə getmək lazım olanda özünə umudu gələn dəlilər öz aralarında püşk atardılar. Püşk hər kimə düşsə, o səfərə haman dəli gedərdi.
Bu dəfə də püşk atdılar. Püşk Əhmədnən Dəli Həsənə düşdü. Bəlli Əhməd çəkdi Ağcaquzunu yəhərlədi, Dəli Həsən də Düratı mindi, hər ikisi yaraxlandı, altdan-üstdən qurşanıb Ruma yola düşdülər. Aşırımlar aşdılar, keçirimlər keçdilər, özlərini Ruma yetirdilər. Dəlilər Ruma çatanda gecə idi. Hamı yatmışdı. At üstündə şəhərdə dolanırdılar. Bir də gördülər ki, bir yerdə bir xeyli yaraqlı adam keşik çəkir. Bəlli Əhməd soruşdu:
– Gecə vaxtı burda nə eləyirsiniz?
Keşikçilərdən biri dedi:
– Çənlibelli Koroğlu burada dustaqdı. Ona keşik çəkirik.
Dəli Həsən bu sözü eşidən kimi qılıncını çəkib, döşəndi bunlara.
Keşikçilər davam gətirə bilməyib qaçıb dağıldılar. Dəlilər atdan düşüb özlərini zindana saldılar. Gördülər Koroğlu dardadı. Dəlilər Koroğlunun qollarını açıb, zindandan çıxartdılar. Koroğlu dedi:
– Gedək, Qıratı tapmaq lazımdı.
Deyirlər Koroğlu zindana düşəndə Məhbub xanımla Şirin xanım onun qılıncını, qalxanını gizlədib, Qıratı da ot-ələf verib saxlayırdılar. Koroğlu dəlilər ilə Məhbub xanımın yanına gəldilər. Koroğlu qılınc bağladı, qalxanını keçirdi. Qıratın belinə qalxdı. Dəlilər də atlandılar. Koroğlu üzünü dəlilərə tutub dedi:
– Bu yolda igidlik, mərdlik göstərmisiniz. Məhbub xanımı, Bəlli Əhməd, sənə, Şirin xanımı da, Dəli Həsən, sənə verirəm. Götürün gedək.
Bəlli Əhməd Məhbub xanımı Ağcaquzunun tərkinə, Dəli Həsən də Şirin xanımı Düratın tərkinə çəkib yola düşdülər. O tərəfdən keşikçilərdən salamat qurtaranlar özlərini paşaya yetirdilər, dedilər:
– Çənlibeldən iki atlı gəlmişdi. Koroğlunu da zindandan çıxartdılar.
Paşa hökm elədi. Qoşun gecə gözü atlandılar yola düşdülər. Koroğlu gördü qoşun yetişir, üç nəfər özlərini qoşuna vurdular. Gecə vaxtı Koroğlu bir yandan, Bəlli Əhməd bir yandan, Dəli Həsən də bir yandan qoşunu qırmağa başladılar. Koroğlu hərdən nərə çəkib qılınc vuranda qoşun əhli qorxusundan ağacda yarpaq əsən kimi əsirdi. Axırda dəlilər qoşunu yarıb aradan çıxdılar. Məhbub xanım Bəlli Əhmədin, Şirin xanım da Dəli Həsənin tərkində üz Çardaxlı Çənlibelə qoydular.
Nigar xanım qızları qarşıladı. Koroğlu onlara 7 gün 7 gecə toy elədi.