Bu maraqlıdır!

Qüds (Yerusəlim)

Dünyanın ən qədim şəhərlərindən biri olan Qüds, Aralıq dənizi ilə Ölü dənizin arasında, dəniz səviyyəsindən 640-850 metr hündürlükdə İuda dağlarının arasında yerləşir. Əhalisi 865 min nəfərdir. 


Müsəlmanlar şəhəri Qüds, yəhudi və xristianlar isə Yerusəlim adlandırırlar. Üç böyük dinin (islam, xristianlıq və yəhudilik) müqəddəs şəhəri hesab olunan bu qədim şəhərin demək olar ki, hər daşının öz tarixi var. Şəhərin qədim zamanlardan əfsanə və dini rəvayətlərdə “dünyanın mərkəzi” kimi qəbul olunması ona heç də xoşbəxtlik gətirməyib. Dəfələrlə əldən-ələ keçən, müharibə, qırğın və talanlar görən Qüds hələ də İsrail və Fələstin arasında mübahisə predmetidir. 


Öz uzun tarixi ərzində şəhər iki dəfə dağıdılmış, 23 dəfə mühasirəyə alınmış, 52 dəfə hücuma məruz qalmış və 44 dəfə əldən-ələ keçmişdir. 1538-ci ildə Osmanlı sultanı Süleyman Qanuninin vaxtında şəhərin ətrafına qala divarları çəkilmişdir. Hazırda bu qala divarları şəhərin qədimi hissəsi ilə yeni hissəni ayırır. Tarixi abidələrlə bol olan Qüdsün qədim şəhər hissəsində yəhudilər üçün müqəddəs olan Məbəd Dağı və Qərb divarı (Ağlama divarı), xristianlar üçün Müqəddəs Qəbir (Yenidən Diriliş) kilsəsi, müsəlmanlar üçün isə Məbəd dağında yerləşən Əl-Aksa məscidi yerləşir. 


Maraqlıdır ki, 610-cu ildən 625-ci ilədək müsəlmanlar namaz qılarkən qiblə kimi üzlərini Qüdsə tərəf tuturdular və yalnız daha sonra Kəbə qiblə kimi təsdiq olundu. 


Şəhər hazırda həm etnik və həm də dini cəhətdən olduqca rəngarəngdir. Burada yəhudilər, müsəlman ərəblər, xristian ərəblər, yunanlar və başqa millətlər yaşayırlar. Qüds 1981-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.