Odlar Yurdu

Həmədan

Azərbaycan türklərinin qədim yurd yerlərindən biri olan Həmədan əyaləti indiki İran İslam Respublikasının qərb hissəsində yerləşir. Həmədan şimaldan Zəncan, cənubdan Loristan, şərqdən Mərkəz (Ərak), qərbdən isə Kirmanşah və Kürdüstan əyalətləri ilə həmsərhəddir. Həmədan şəhərində ölkənin böyük əyalətləri və şəhərlərinə - Qəzvinə, Tehrana, Kirmanşaha, Məlayerə, Bürucerdə, Savəyə gedən yollar kəsişir.


Həmədan yazılı abidələrdə qeydə alınmış qədim şəhərlərimizdəndir. Toponim ilk dəfə «Aqamtanu» formasında Babilistan hökmdarı Nabonidin «Sippar silindri»ndə qeydə alınıb (e.ə. 544-cü il). I Daranın zamanında (e.ə. 521-486) elamlılar bu şəhərin adını «Akmadana», yəhudilər «Akmetha», aramilər «hmtn» formalarında yazırdılar. Alimlərin yekdil fikri belədir ki, bütün bu formaların kö-kündə ham+gmata-na («hamının toplandığı məkan») söz birləşməsi durur. Herodotdan başlayan yunan ənənəsi şəhəri «Ekbatana» adlandırır və Midiya (Mada) dövlətinin banisi Deyokun əmri ilə inşa edildiyini bildirir. Lakin Mada torpaqlarına dəfələrlə yürüşlər edən Aşşur şahlarının mətnlərində bu adda şəhər xatırlanmır. İ.N.Medvedskaya ehtimal edir ki, şəhər Aşşur kitabələrində «Saqbat» formasında xatırlanır. O, fikrini onunla əsaslandırır ki, e.ə. I minilliyin ortalarında qədim İran dillərində – S-səsindən – H-səsinə keçid baş verdiyindən Saqbat şəhərinin adı «Hanqmatana» kimi səslənirdi. Lakin Saqbat şəhərinin tarixi bu qanunauyğun fonetik keçidin baş vermə ehtimalını təsdiq etmir. Belə ki, Mada çarı Hanazirukanın iqamətgahının yerləşdiyi Saqbat şəhəri e.ə. 820-ci ildə V Şamşi-Adadın qoşunları tərəfindən dağıdılmışdır. Digər tərəfdən, Saqbat təxminən Qızılüzən çayının orta axarında, Həmdandan xeyli şimalda yerləşdiyindən onları eyniləşdirmək olmaz.


Herodot Madanın tarixini bu dövlətin süqutundan bir əsr sonra, təbəəsi olduğu Əhəməni imperiyasının ənənələrinə əsaslanaraq qələmə alıb. Tarixin atası yazır: «Deyok indi Ekbatana adlanan (şəhərin) böyük və möhkəm divarlarının inşasını əmr etdi».


Əhəmənilər zamanında (e.ə. 550-330) vilayət və şəhərlərin qədim adlarının rəsmi formada fars adları ilə əvəzlənməsi geniş hal almışdı. Məsələn, təkcə I Daranın zamanında elamlılara məxsus qədim toponimlər – Haltamti, Anşan, Naşir və Mаtazzis, müvafiq olaraq, Uvja, Yada, Pişiyauvada və Uvadaçaya kimi yeni adlarla əvəz olunmuşdur. Əgər həqiqətən də Həmədan Deyok tərəfindən inşa edilibsə, o halda şəhərin əvvəlki adını təyin etmək olar. Aşşur hökmdarı II Sarqonun salnamələrində «Deyok» adına bənzər iki isim qeydə alınıb. Onlardan biri – Dayaukki, Mannanın Misi (Meista) vilayətinin canişini idi, e.ə. 715-ci ildə mərkəzi hakimiyyətə asi olduğuna görə həbs olunaraq ailəsi ilə birgə Suriyaya sürgün olunmuşdur. İkinci şəxs – Daiku, Saparda şəhərinin başçısı idi. E.ə. 715-ci ildə bu şəhər Aşşur dövlətinin Madanın qərb qonşuluğunda yaratdığı Xarxar əyalətinə qatılmışdı. Bir ildən sonra Saparda şəhərinin canişini Darii II Sarqona xərac ödəsə də, onun yaratdığı əyalətin tərkibindən çıxır. Saparda şəhəri sonuncu dəfə e.ə. 671-ci ildə Aşşur işğalına qarşı Madada baş vermiş üsyan haqqında məlumat verən üç fal sorğusunda qeydə alınıb. Kaştaritunun rəhbərlik etdiyi üsyana Saparda şəhərinin başçısı Dusanni də qoşulmuşdu. Kaştaritunun (Herodot onu Fraort – Deyokun oğlu adlandırır) rəhbərlik etdiyi üsyan müstəqil Mada dövlətinin yaranması ilə nəticələnir. Kaştaritu Kar-kaşşu şəhərinin başçısı idi. 


Hazırda 19.547 kvadrat kilometr ərazisi olan Həmədan əyaləti dəniz səviyyəsindən təxminən 1850 metrə yüksəklikdə yerləşir. Əyalətdə müxtəlif, özünəməxsus mədəniyyəti və adət-ənənələri olan əhali yaşayır. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, Həmədanın əhalisi 1 milyon 703 min 267 nəfərdir. Əyalətdə ümumilikdə 2302 yaşayış məntəqəsi mövcuddur. Mövcud 980 kənddən 562-si türk kəndidir. 2010-cu ildə İran Dövlət Mədəniyyət Şurasının sorğusu göstərdi ki, Həmədan ostanının əhalisinin 58,9%-i Azərbaycan türkcəsində, 24,3%-i fars, 10,3%-i kürd, 5,4%-i lur dillərində danışır və Azərbaycan türkcəsi Həmədanda əsas danışıq dilidir.


Əhalinin əsas hissəsi əyalətin 6 şəhərində yaşayır - Həmədan (əyalətin mərkəzi), Malayer, Nəhavənd, Toyserkanda, Kəbudərahəng və Əsədabad. Əhalinin əksəriyyəti müsəlmandır. Burada az sayda xristian və yəhudi də yaşayır. Güney Azərbaycanın bir çox tarixi torpaqları kimi Həmədan da bölüşdürmə və farslaşdırma siyasətinə məruz qalıb. Ancaq bütün bunlara baxmayaraq, milli tərkibinə görə əyalət əhalisinin çoxu Azərbaycan türklərindən ibarətdir. Burada bir sıra yerlərdə, xüsusilə Həmədan şəhərində türklər əhalinin 60 faizini, əyalətin başqa mahallarında əhalinin 65-70 faizini və kənd yerlərində əhalinin 75 faizdən çoxunu təşkil edir. 


Güney Azərbaycanın bu bölgəsi tarixi abidələri ilə çox zəngindir. Burada türk tarixinin sirlərini özündə saxlayan təpələr, kitabələr, bazar yerləri, saray, qala, körpülər, karvansara və hamamlar vardır. Madalar dövründə tikilmiş Hökmtəpə sarayının qalıqları, Nuşucan qalası, Çubin qalası, Həmədan şəhəri yaxınlığındakı Qız qalası, Fərsəfc körpüsü, Sınıq körpü, İbn Sinanın məqbərəsi, Baba Tahir məqbərəsi, Şer daşı, bizim eradan əvvəlki dövrə aid daş kitabələr, Qəzvinli Arif məqbərəsi, İmamzada Abdulla, Ester və Mordexay məqbərəsi, Qurban qülləsi, Alısods (Əlisədr) mağarası, İmamzada İsmayıl, Abbasabad təpəsi, Nuşucan qalası, Günsapan təpəsi, Başqurtaran qalası, Subaşı mağarası, Ələvilər məscidi, müxtəlif tarixi məscidlər, saraylar, muzeylər və başqa abidələri var.