Xəbərlər

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir

Ağdam məktəbliləri üçün rəqəmsal maarifləndirmə: Uşaq Bilik Portalının təqdimatı olub

 

 

İşğaldan azad edilmiş Ağdam şəhərinin 1 nömrəli tam orta məktəbində AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatına həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Ağdam şəhər 1 nömrəli tam orta məktəbin direktoru Günel Vəliyeva rəqəmsal dövrdə uşaqların intellektual inkişafı üçün doğru informasiya mənbələrinin əhəmiyyətindən danışıb. O, AZƏRTAC-ın Uşaq Bilik Portalının şagirdlərin dünyagörüşünün formalaşmasına, onların bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyini diqqətə çatdıraraq, məktəblilər üçün belə maarifləndirici layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

AZƏRTAC-ın Uşaq Bilik Portalının bölmə müdiri İradə İsayeva portalın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, Uşaq Bilik Portalı 2013-cü ildə AZƏRTAC tərəfindən yaradılmış internet resursudur. “İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, internet və sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir zamanda yaşayırıq. Valideynləri düşündürən əsas məsələlərdən biri uşaqların internetdə keçirdiyi vaxtın faydalı, təhlükəsiz və keyfiyyətli məzmunla zəngin olmasıdır. Məhz buna görə çalışırıq ki, hər bir azyaşlı AZƏRTAC-ın Uşaq Bilik Portalında özü üçün maraqlı, faydalı və əyləncəli məlumatlar tapsın. Burada yerləşdirilən materiallar uşaqların təhsilinə, maariflənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir”, – deyə İradə İsayeva əlavə edib.

 

Portalda cizgi filmləri, nağıllar, ensiklopedik məlumatlar, tapmacalar və digər maraqlı materialların yer aldığını diqqətə çatdıran bölmə müdiri deyib: “Uşaqların yaradıcılığını əks etdirən xüsusi rubrikada isə onların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və müxtəlif bacarıqları haqqında materiallar yayımlanır. Portalda Azərbaycanın dövlət atributları, işğaldan azad edilmiş rayon və şəhərlər, milli musiqi, kino, incəsənət və digər sahələr barədə geniş məlumatlar təqdim olunur. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Instagram” və “Facebook” sosial şəbəkələrində də izləmək mümkündür”.

 

Daha sonra AZƏRTAC-ın Uşaq Bilik Portalı haqqında videoçarx izlənilib. Şagirdlərə portalın bölmələri, uşaqlar üçün hazırlanan interaktiv xəbərlər və virtual ensiklopedik materiallar barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

 

Tədbirin bədii hissəsində məktəbin şagirdləri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

 

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri ilə söhbət edən məktəblilər - Dəniz Məmmədli, Əli İsmayıllı və Aysu Hüseynli Uşaq Bilik Portalının onlar üçün olduqca faydalı və zəngin mənbə olduğunu bildiriblər. Şagirdlər portalda yer alan ədəbiyyat, təbiət və digər maraqlı mövzularda geniş məlumatların, xüsusilə bədii əsərlərin rəngarəng, şəkilli tərtibatının onların diqqətini cəlb etdiyini vurğulayıblar. Portalda sevilən xalq nağıllarını maraqla oxuduqlarını söyləyən məktəblilər bu resursu həmyaşıdlarına da tövsiyə ediblər.

 

Sonda məktəb kollektivinə və şagirdlərə AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.

 

Qeyd edək ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Ötən il iyulun 18-də isə dövlətimizin başçısının iştirakı ilə açılış mərasimi keçirilib.

 

Məktəbin binası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində inşa edilib.