Görkəmli şəxsiyyətlər

Hüseyn Arif

Hüseynzadə Hüseyn Camal oğlu 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil alıb. 


Xalq şairi Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib.


Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlayan xalq şairinin ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub, şeirlərinə musiqilər bəstələnib.


Xalq şairi Hüseyn Arif, həmçinin, iştirak etdiyi məclislərdə, tədbirlərdə, getdiyi rayonlarda maraqlı və gülüş doğuran əhvalatlarla, duzlu, məzəli söhbətləri ilə məhşur olub. Şairin hələ sağlığında ikən lətifələri dildən-dilə dolaşıb, üzlərə gülüş payı bəxş edib.


1976-cı ildə Hüseyn Arifin Oğlu (Arif Hüseynzadə) rəhmətə gedib, məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüsü götürüb. Oğlunun ölümündən sonra həyatı çox dəyişdi. Hüseyn Arif Yaradıcılığının sonrakı dövrünün böyük bir qismini məhz oğluna yazdığı şeirlər tuturdu. 


1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olub. Dövrünün dəmir qayda və qanunlarına baxmayaraq azad ruhlu, təbiət vurğunu olan bu şairi Sovet imperiyası öz təsiri altına sala bilmədi. 


1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub. 


Əsərləri: “Yeni həyat yollarında” (1950), “Mən sülhə səs verirəm” (1951), “Rus dili müəlliməsi” (1954), “Məhəbbət nəğmələri” (1956), “Dostluq telləri” (1960), “Yolda” (1962), “Ömür çeşməsi” (1963), “Sibir töhfələri” (1964), “Torpaq eşqi” (1964), “Diri göl əfsanəsi” (1969), “Bahar gələndə” (1969) və s. Məşhur şeirləri: “Analar”, “Sən Dərsə Gəlməyəndə”, “İnsan”, “Xatırla Məni”, “Könül Deyir Yaşa Hələ”, “Şeir Deyilmi” və s.