Xəbərlər

Məktəblilər arasında rəsm müsabiqəsinə start verilib

Məktəblilər arasında XV Avropa Gənclərinin Yay Olimpiya Festivalına həsr olunan “İdman-sağlamlıq, dostluq, birlik...” mövzusunda rəsm müsabiqəsinə start verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə “Olimpiya mədəniyyəti və təhsil proqramı”na cəlb olunmuş ümumi təhsil müəssisələri arasında təşkil edilir.

 

Rəsm müsabiqəsinin keçirilməsinin məqsədi XV Avropa Gənclərinin Yay Olimpiya Festivalını təbliğ etmək, məktəblilərə “Olimpiya hərəkatı”nı tanıtmaq, olimpiya dəyərləri və ideyalarını, tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, məktəblilər arasında idmana marağı daha da artırmaq, uşaq və gənclərin yaradıcılıq qabiliyyəti və istedadlarını üzə çıxarmaqdan ibarətdir.

 

Aprelin 15-dək müsabiqənin I turu məktəblərdə keçiriləcək. Bu turda qalib olan rəsm işləri aprelin 20-dək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə təqdim edilməlidir. Aprelin 20-dən mayın 15-dək qəbul edilmiş rəsm işləri təşkilatçılara məxsus sosial şəbəkələr vasitəsilə bəyənilmə üçün yayımlanacaq.

 

Müsabiqədə 6-10 və 11-14 yaş qrupu üzrə məktəblilər iştirak edə bilər. Müsabiqəyə qatılan hər məktəbdən 4 rəsm işi qəbul ediləcək (hər yaş kateqoriyası üzrə 2 rəsm işi).

 

Müsabiqənin yekun mərhələsində rəsm işləri 2 səviyyədə qiymətləndiriləcək. Qiymətləndirmə 50 faiz sosial şəbəkələrdə qazanılmış bəyənmələrin ümumi sayı və 50 faiz münsiflər heyətinin qiyməti əsasında formalaşacaq.

 

Hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən işlərin müəllifləri Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.

 

Bütün iştirakçılarına sertifikat təqdim olunacaq.