Təbiət

Balxaş gölü

Balxaş gölü - suyu həm şirin həm şoran olan planetimizin yeganə gölüdür. Cənub-Şərqi Asiyada Qazaxıstan ərazisində yerləşir. Gölün hövzəsi 413,000 km²dir, uzunluğu 614 km, eni isə 3,5 ilə 44 km arasında dəyişir. Maksimal dərinliyi 26 metrə qədərdir. Dənizdən yüksəkliyi 341,4 metrdir.


Geoloqlar və geomorfoloqlar gölün 35.000 ildən çox mövcud olduğunu müəyyənləşdiriblər.


Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanıb. Suyu şirindir. Şərq hissəsi isə nisbətən dar, sahilləri az girintili-çıxıntılıdır. Burada su bir qədər şorandır. 


Balxaş gölünün şimal sahilləri hündür və sıldırımlı, cənub sahilləri isə alçaq və hamardır. Gölə İli, Qaratal, Aksu, Lepsa və s. çaylar tökülür. 


Səhra iqlimi var. Orta temperatur iyulda təqribən 24°S, yanvarda isə —8°S-dir. Noyabrdan aprelin ortalarınadək donmuş olur. Suyun temperaturu dekabrda 0°S, iyulda 28°S olur. İllik yağıntının miqdarı təqribən 180 mm-dir.


Balxaş gölünün flora və faunası təəccüblü dərəcədə müxtəlifdir. Göldə təxminən 20 növ balıq yaşayır. Təəccüblü deyil ki, qədim qazaxlar gölün adını "Balık as" (balıq-yemək) adlandırıblar. Əsasən suf, marinka və xanı balığı ilə məşhurdur. Çəki balığı, Aral nərəsi və s. yetişdirilir.


Gölün ətrafında su quşları çoxdur, təxminən 120 növ qeydə alınıb, onlardan 12-si Qırmızı Kitaba düşüb.


Quruda və suda böyüyən 60-a qədər bitki növü var. Balxaş bölgəsində botaniklərin və zooloqların maraqlarını cəlb edən dərəcədə çox sayda nadir və bənzərsiz bitki və heyvan növü qeydə alınıb.


Bu göl gəmiçiliyə yararlıdır. Burılbaytal və Burli-Tobe mühüm əhəmiyyət kəsb edən limanlarıdır. Balxaş şəhərindəki mədən-metallurgiya kombinatında gölün suyundan istifadə edilir.


Göl uzun illər boyunca Çin hakimiyyətində idi, Çinin cənub-şərqdəki ən uc sərhədini təşkil edirdi. Lakin 1864-cü ildə Çinlilərin Haqsız Andlaşma dedikləri razılaşma ilə Balqaş Gölü Rusiyaya buraxıldı. Sovetlər Birliyinin dağılması ilə göl rəsmi olaraq Qazaxıstan sərhədləri içində qaldı.


Balxaş gölünün tədqiqinə böyük töhfəni rus coğrafiyaşünası Lev Semyonoviç Berq verib.