Nağıllar, hekayələr

Nikolay Nosov. Ləkə

Sizə Fedya Rıbkin haqqında, onun bütün sinfi necə güldürdüyü barədə danışacam. Fedyanın uşaqları güldürmək vərdişi var idi. Əhəmiyyət belə vermirdi: tənəffüsdü və ya dərsdi. 


Bax belə...hər şey Fedyanın Qrişa Kopeykin ilə bir şüşə mürəkkəb üçün dava etməsi ilə başladı. Doğrusu, dava olmayıb, heç kim kimisə döyməyib. Sadəcə şüşəni bir-birlərinin əllərindən almağa çalışırdılar və nəticədə mürəkkəb töküldü, bir damlası isə Fedyanın alnına düşdü. 

 

Əvvəlcə Fedya hirsləndi. Daha sonra sinif yoldaşlarının onun ləkəsinə baxaraq güldüklərini görüb, bunun yaxşı olduğunu fikirləşib ləkəni yumamağa qərar verdi.

 

Tezliklə zəng çalındı, Zinaida İvanovna sinfə daxil oldu və dərs başladı. Bütün uşaqlar geri Fedyaya baxırdılar və ləkəsinə səssizcə gülürdülər. Fedya görünüşü ilə uşaqları güldürə bildiyinə görə özündən çox razı idi. O, qəsdən barmağını şüşəyə soxdu və burnuna da mürəkkəb çəkdi. Bu zaman heç kim ona gülmədən baxa bilmirdi. Sinif səs-küyə büründü.

 

Zinaida İvanovna əvvəlcə nə baş verdiyini başa düşə bilmədi, amma tezliklə Fedyanın üzündəki ləkələri gördü və hətta təəccüblə baxdı.

 

- Üzünü nə ilə boyadın, bu mürəkkəblə?- deyə müəllimə soruşdu.

 

- Bəli, - Fedya başını tərpətdi.

 

- Nə? Bu mürəkkəblə? - Zinaida İvanovna stolun üstündəki şüşəni göstərdi.

 

- Bu, - Fedya özündən razı şəkildə təsdiqlədi və ağzı az qala qulağına çatdı.

 

Zinaida İvanovna eynəyini taxdı və ciddi bir baxışla Fedyanın üzündəki qara ləkələrə baxdı, sonra başını yelləyib dedi:

 

- Əbəs yerə bunu etdin!

 

- Niyə? - Fedya narahat oldu.

 

- Bilirsən, bu kimyəvi və zəhərli mürəkkəbdir. Dərini yeyir. Bundan sonra dəri əvvəlcə qaşınmağa başlayır, sonra üzərində qabarcıqlar əmələ gəlir, daha sonra yaralar bütün üzü bürüyür.

 

Fedya qorxudan donub yerində qaldı. Üzü bozardı, ağzı özü-özündən açıldı. 

 

- Artıq mürəkkəb istifadə etməyəcəm, - deyə o mızıldandı.

 

- Bəli, həqiqətən düşünürəm ki, bundan sonra etməyəcəksən! - Zinaida İvanovna gülümsəyib dərsə davam etdi.

 

Fedya dərhal dəsmal ilə mürəkkəb ləkələrini silməyə başladı, sonra qorxmuş üzünü Qrişa Kopeykinə çevirib soruşdu:


- Qalıb?


- Qalıb, - Qrişa pıçıltıyla cavab verdi. 


Fedya yenidən üzünü dəsmal və nəm kağız ilə ovuşdurmağa başladı, ancaq qara ləkələr artıq dəriyə hopmuşdu. Qrişa Fedyaya rezin silgi verib dedi:


- Götür silgini, onunla sına!


Fedya Qrişanın pozanı ilə üzünü ovuşdurmağa başladı, lakin bu da kömək etmədi. Sonra yumağa qərar verdi və əlini qaldırdı. Ancaq Zinaida İvanovna, sanki qəsdən, onu görmədi. Fedya dəfələrcə ya qalxdı, ya oturdu, ya da ayaq barmaqlarının ucunda durub əlini mümkün qədər yüksək qaldırmağa çalışdı. Nəhayət Zinaida İvanovna nə istədiyini soruşdu.

 

- İcazə verin, gedib üzümü yuyum, - Fedya yazıq bir səslə dedi.

 

- Nədir, üzün artıq qaşınır?

 

- Yox, - Fedya tərəddüd etdi.- Deyəsən hələ qaşınmır.

 

- Onda otur yerinə. Tənəffüsdə yumağa vaxtın olacaq.

 

Fedya oturdu yerinə və yenidən üzündəki ləkəni ovmağa başladı.

 

- Qaşınır? - Qrişa narahatlıqla soruşdu.

 

- Xeyr, elə bil qaşınmır ... ya da qaşınır. Qaşınıb qaşınmadığını anlaya bilmirəm. Artıq qaşınma var deyəsən! Bax, qabarcıqlar əmələ gəlməyib?

 

- Hələ heç bir qabarcıq yoxdur, amma sifətinin hər yeri qızarıb, - deyə Qrişa pıçıldadı.

 

- Qızarıb?- Fedya qorxaraq soruşdu: Niyə qızarıb? Bəlkə yaralar artıq əmələ gəlir?

 

Fedya yenidən əlini qaldırmağa başladı və Zinaida İvanovnadan ona üzünü yumağa icazə verməsini istədi.

 

- Qaşınır! - deyə o, müəllimə xahiş etməyə başladı. İndi Fedyanın zarafata heç kefi yox idi. 


Zinaida İvanovna isə dedi:

 

- Heç nə olmaz! Qoy qaşınsın! Növbəti dəfə bir daha üzünü heç bir şeylə boyamazsan!

 

Fedya ele bil iynə üstündə oturmuşdu və hər dəfə əlləri ilə üzünü tuturdu. Ona elə gəlməyə başladı ki, üzü qaşınmağa başlayıb və ləkələrin yerinə artıq qabarcıqlar və yaralar əmələ gəlib.


- Yaxşısı budur üzünə əl vurma, - deyə Qrişa ona tövsiyə etdi.


Nəhayət zəng çalındı. Sinifdən ilk atlayan Fedya oldu və bütün sürəti ilə əl-üz yuyana doğru qaçdı. Orada üzünü bərk-bərk sabunla yudu. Bütün sinif ona lağ edib gülürdü. Nəhayət, mürəkkəb ləkələri təmizləndi.


Bundan sonra Fedya bir həftə ciddi gəzdi. Bir müddət qabarcıqların üzündə əmələ gəlməsini gözlədi, ancaq qabarcıqlar peyda olmadı.


Bu həftə ərzində Fedya dərs zamanı gülməyi belə unutdu. İndi yalnız tənəffüsdə gülür, o da həmişə deyil.