Bu maraqlıdır!

Süni intellekt

Məşhur Microsoft şirkətinin qurucularından biri Bili Geytsin proqnozlarına görə, elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti robototexnika olacaqdır. Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf mühitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır.


Bugünkü robotları üç kateqoriyaya ayırmaq olar: robot manipulyatorlar, mobil robotlar və humanoid robotlar. Robot manipulyatorlar fiziki olaraq öz iş yerinə, məsələn, zavodda quraşdırma konveyerinə və ya kosmik stansiyanın bortuna bağlı olur. Avtomobil zavodlarının əksəriyyətində istehsal prosesi robot manipulyatorlar vasitəsilə idarə olunur. Mobil robotlar təkərlər, ayaqlar, yaxud analoji mexanizmlər vasitəsilə hərəkət edir. Onlardan xəstəxanalarda yemək daşımaq, yük tərsanələrində konteynerlərin yerini dəyişdirmək və digər işlərin yerinə yetirilməsində istifadə olunur. Humanoid robotlar fiziki quruluş baxımından insanı xatırladır.


“Robototexnika” (“robotics”) termini ilk dəfə Ayzek Azimovun 1941-ci ildə çap olunmuş “Yalançı!” ("Liar!") elmi-fantastik hekayəsində istifadə olunmuşdur. Bu terminin əsası olan “robot” sözü isə 1920-ci ildə çex yazıçısı, Nobel mükafatçısı Karel Çapekin “R.U.R.” pyesində işlədilib (çex dilində “robota” sözü “ağır iş” anlamım verir). Sənaye robotları meydana çıxanadək belə hesab edilirdi ki, robotlar görünüşcə insanlara bənzəməlidir.


Çapekin pyesindəki robotlar yalnız mexaniki deyil, həm də bioloji varlıqlar idi. Onlarda, sadəcə, insana xas bəzi xüsusiyyətlər, məsələn, “sevgi” hissi yox idi. Adı çəkilən pyesin sonunda robotlar bu çatışmazlığı aradan qaldırır və insanlardan fərqlənmirlər.


Min illərdir ki, insan özünün təfəkkür prosesini anlamağa çalışır. İntellekt sahəsində isə işlər daha mürəkkəbdir: mütəxəssislər intellektin təbiətini anlamaqla süni intellektual varlıqlar yaratmaq üzərində işləyirlər. Suni intellekt (artificial intelligence) elmin ən müasir sahələrindən biridir. Bu sahədə ilk işlər II Dünya müharibəsi dövründən başlamışdır. Yeni yaranmış elmin adı isə 1956-cı ildə təklif edilmişdir.


Süni intellektin fəaliyyət sferasına bir-biri ilə qarşılıqlı əlaqədə olan iki istiqamət daxildir: bunlardan biri canlı orqanizmlərin təfəkkür prosesini öyrənməklə, o biri isə kompüter proqramlarına oxşar qabiliyyəti vermək yollarını araşdırmaqla məşğul olur. Kompüter üçün çox çətin hesab edilən məsələlərdən bəzisini (məsələn: şahmat oynamağı) proqramlaşdırmaq, əslində, asan oldu, ancaq proqramlaşdırma baxımından asan hesab edilən məsələləri (məsələn: nitqin tanınması və bir dildən başqasına tərcüməni) gerçəkləşdirmək çox çətin problemə çevrilib. Süni intellekt sahəsində praktik həyata keçirilmiş proqramlar içərisində şahmat proqramlarını, eləcə də tibb və başqa sahələrdə istifadə olunan ekspert sistemlərini qeyd etmək olar.


İlk intellektual sistem Logic Theorist ("Məntiq nəzəriyyəçisi") proqramı hesab olunur, 1956-cı il avqustun 9-da nümayiş etdirilən bu proqram teoremlərin isbatı və mülahizələr hesabı üçün nəzərdə tutulmuşdu. Proqramın hazırlanmasında A.Nüell, A.Türinq, K.Şennon, C.Lou, G.Saymon kimi görkəmli alimlər iştirak etmişdi.