Mədəni irsimiz

Azərbaycanın milli baş geyimi – papaq

XX əsrin əvvəllərinə qədər papaq Azərbaycanda baş geyimi olmaqla yanaşı, həm də simvol sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.

 

Keçmiş zamanlarda kişilər istənilən halda papağı başlarından çıxarmırdılar. Çünki ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilirdi. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı və onların müxtəlif formaları və yerli adları mövcud idi.

 

XIX əsr kişi baş geyimləri içərisində aşılı qoyun dərisindən tikilmiş papaq xüsusi yer tuturdu. İmkanlı kişilər, əsasən, “qaragül” dərisindən sür papaq tikdirərdilər.

 

Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə börk (papaq), arvadda isə ləçək (çarqat) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı.

 

Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara “tərlik” deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının “Qızılbaş” ordusundan qaldığı deyilir.