Odlar Yurdu

Lənkəranın tarixi, təbiəti və memarlıq incisi – Dairəvi qala

Lənkəran İranla cənub sərhədimizin yaxınlığında, Xəzər dənizinin sahilində yerləşən qədim şəhərlərimizdən biridir. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları və zəngin təbii sərvətləri hələ qədim zamanlardan insanları bu diyara cəlb edib.

 

Lənkəran adına ilk dəfə ingilis səyyahı Lorens Çepmenin xatirələrində rast gəlinir. Həmin qeydlərdən məlum olur ki, səyyah 1568–1569-cu illərdə Lənkəranda olub. Lakin bu tarixləri şəhərin əsasının qoyulduğu dövr kimi qəbul etmək düzgün olmazdı. 1614-cü il sentyabrın 27-də rus diplomatı və səyyahı İvan Brexov öz qeydlərində Səfəvilər sülaləsindən olan İran hökmdarı I Şah Abbasla birlikdə Lənkərana səfərindən bəhs edib. Məşhur Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvani də gündəliyində İrandan qayıdarkən Lənkərana səfər etdiyini yazıb. XVII əsrdə alman səyyahı, coğrafiyaşünas, şərqşünas, tarixçi, riyaziyyatçı və fizik Adam Oleari də Lənkəranda olub.

 

Azərbaycanın ən mənzərəli guşələrindən biri olan Lənkəran gözəl təbiəti və bolsulu çayları ilə seçilir. Şəhərin ərazisindən Lənkərançay, Bəşərüçay, Boladiçay və digər çaylar axır. Hirkan Milli Parkı və Qızılağac Dövlət Təbiət Qoruğu Lənkəranın zəngin təbiətini özündə əks etdirən əsl təbiət muzeyləridir. Bu ərazilərdə qırqovul, kəklik, qu quşu, ağquyruq qartal və digər nadir quş növlərinə rast gəlinir.

 

Lənkəranın tarixi memarlıq abidələrindən biri də Dairəvi qaladır. Dörd əsrdən artıq yaşı olan bu qala İran hökmdarı Nadir şahın göstərişi ilə inşa edilmişdir. Tikinti işlərinə cəlb olunmaq üçün Təbriz şəhərindən ustalar dəvət edilib. Dairəvi qala vaxtilə möhtəşəm və alınmaz olan Lənkəran qalasının dövrümüzədək gəlib çatan fraqmentlərindən biridir.