Qarabağ

Saatlı məscidi

Saatlı məscidi — Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məcid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmişdir. Abidə memarın son əsərlərindən biri hesab edilir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

 

Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda cümə məscidi və Bərdə imamzadə türbəsinin müəllifi olan Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilmişdir. Bu haqqda məlumat məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilir. Məscidin inşa ediliyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olmuşdur.

 

Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Belə ki, şəhərdəki bu tipli digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də, Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə ilə zəngin naxışlarla bəzədilmiş minarə inşa edilmişdir.

 

Aşağı və Yuxarı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin minarəsi məscid binası ilə birləşik deyil və minarəyə giriş məscidin daxilindən yox həyətindən həyata keçirilir. Saatlı məscidinin Divanxana meydanından effektiv görünən, ifadəli rəngarəng vertikalı ilə özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynayır. Minarənin üstü çadır formalı gümbəzlə tamamlanır.

 

Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunmuşdur.

 

1980-ci illərdə məsciddə restavrasiya işləri aparılmışdır. 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra məscid xarabalığa çevrilib, onun zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılıb.