Nağıllar, hekayələr

Kamal Turan. Üç nəfərin imtahanı

Qədim vaxtlarda üç adam var idi. Bunlardan birinin bütün bədəni dəri xəstəliyinə tutulmuşdu. Digərinin bütün saçları tökülmüşdü. Üçüncüsünün isə gözləri görmürdü. Bu vəziyyət onlar üçün ciddi çətinliklər törədirdi. Çünki insanlar onlardan daim uzaq gəzirdilər. Haqq-taala əvvəlcə dəri xəstəliyi olan adama bir mələk göndərdi. O vaxt bu adam bir ağacın altında oturmuşdu və için-için ağlayırdı. Mələk ona yaxınlaşdı:


— Hazırda ən çox istədiyin şey nədir? Bu xəstəlikdən xilas olmaq və insanlar arasında əvvəlki etibarını qazanmaq istəyirsənmi? — deyə sual etdi.


— Sən məni bu dərddən qurtara bilərsən ki?


— Mən Allahın mərhəmət edib sənə göndərdiyi bir mələyəm.


Dediklərimi Allahın icazəsi ilə edə bilərəm.


— Elədirsə, bu xəstəlikdən xilas olmaq, gözəl və hamar dəriyə sahib olmaq istəyirəm. İnsanları məndən uzaqlaşdıran bu halımın düzəlməsini istəyirəm.


Mələk «Bismillah» deyərək adamın bədəninə toxundu və adamın xəstəliyi birdən-birə yox oldu. Həmin adam sevincindən az qala uçacaqdı. Mələk onun bu sevincini görüb:


— İnsanlara möhtac olmayacaq qədər var-dövlət sahibi olmaq istəyirsənmi?


O, sevinclə:


— Bəli, — dedi.


— Necə var-dövlət istəyirsən?


— Dəvə istəyirəm. Çünki dəvə burada ən qiymətli heyvandır.


Mələk ona tezliklə balası olacaq bir dəvə verdi:


— Al! Sənin üçün xeyirli olsun!


Sonra mələk dərdi olan başqa bir adamın yanına getdi. Bu adamın saçlarının hamısı tökülmüşdü. Çox kədərli görünürdü. Zibilliyin kənarında oturub yeməyə bir şey axtarırdı. Milçəklər başının üzərində uçuşur, o isə əlini başına aparıb qovmağa belə səy göstərmirdi. Mələk ona yaxınlaşdı:


— Səni bu haldan qurtarmağımı istəyirsənmi?


— Çox yaxşı fikirdir. Amma sən bunu edə bilərsənmi?


— Mən mələyəm, sənin yanına bu iş üçün göndərilmişəm.


— Elə isə çox gözəl saçlar istəyirəm.


Mələk adamın başına toxunan kimi par-par parıldayan, gözoxşayan və qapqara saçlar əmələ gəldi. Adam nə edəcəyini bilmirdi, sevincindən ora-bura qaçırdı. Sonra mələk o biri adamdan soruşduğu kimi, ondan da mal olaraq nə istədiyini soruşdu. Yeni saçlara sahib olan adam inək istədikdə, bu istəyi dərhal həyata keçdi.


Mələk axırda gözləri görməyən adama baş çəkəcəkdi. Adam əlindəki əyri əsa ilə gəzməyə çalışırdı. Bəzən ağaca dəyir, bəzən ayağı daşlara ilişir, bəzən də müvazinətini itirib yerə yıxılırdı. Heç kim də ona kömək etmirdi. Mələk ona yaxınlaşdı, əvvəlki iki adama dediyi sözləri təkrarladı. Sonra da əvvəl etdiyi kimi Allahın adını çəkərək adamın gözlərinə toxundu. Görməyən gözləri açılan adamın ağzından çıxan ilk söz bu oldu:


— Uca Rəbbimə sonsuz şükürlər olsun!


Bu adam digər iki adama nisbətən daha diqqətli idi. Mələk ondan mal olaraq nə istədiyini soruşduqda belə cavab verdi:


— Mənə gözlərimi bəxş etdin. Başqa heç nə istəmirəm, bu, bəsimdir.


— Mütləq bir şey istəməlisən. Bu, Allahın əmridir.


— Yaxşı, onda bircə qoyun bəsimdir.


Mələk ona istədiyini verdi və dua edərək ondan ayrıldı.


Bu hadisələrin üstündən illər keçdi. Dəri xəstəliyi olan adam bir müddətdən sonra varlandı. Vadiləri dolduran dəvələrə sahib olmuşdu. Dəvəsi o qədər çox idi ki, say-hesabını heç özü də bilmirdi.


Saçları olmayan adamın sahib olduğu inəklər də çölü, düzü tutmuşdu. O da varlandıqca varlanırdı.


Qoyun istəyən adamın vəziyyəti də olduqca yaxşı idi. O da digər iki yoldaşının sahib olduğu zənginliyə çatmış, qoyunlarının südü, yunu və bunlardan əldə etdiyi qazanc dillərdə dastan olmuşdu.


İndi sağlamlıq və var-dövlət verilən bu adamları bir imtahan gözləyirdi.


Dəri xəstəliyi olan adam çadırında oturub zəngin süfrədə qarnını doyurur və vadi dolu dəvələrini seyr edirdi. Dəvə səslərinə qarışan çoban səslərindən vadi lərzəyə gəlirdi. Mələk xəstəlikdən dərisi tökülmüş bir adam surətində çadıra girməyə çalışdı. Xarici görünüşü dəvə sahibinin əvvəlki xəstə halına çox bənzəyirdi. Mələk adamın yanına gəlib:


— Mən kasıb bir adamam, bütün var-dövlətimi itirmişəm. Ölkəmə gedib çatmağım üçün sənin köməyinə ehtiyacım var. Sənə bu gözəlliyi və belə rahat bir həyatı bəxş edənin xətrinə mənə bir dəvə versən, onunla ölkəmə çataram. Sənə də çox dua edərəm — dedi.


Adam birdən qaşlarını çatdı və bütün kefi pozuldu:


— Get başqa qapıya! Mən onsuz da kifayət qədər xeyir və yaxşılıq edirəm. Başqa insanların ehtiyaclarını təmin edirəm.


— Elə bil mən səni tanıyıram. Sən bir vaxtlar xəstəlikdən bütün bədəninin dərisi soyulan və adamların uzaq gəzdiyi, küçələrdə dilənən adam deyilsən? Sonra Allahın yazığı gəlib səni dərdlərindən qurtarmış və sənə çoxlu mal verməmişdimi?


— Yox, xeyr! Səhv edirsən. Gördüyün bu var-dövlət mənə ata babalarımdan qalıb.


— Əgər sən bu barədə yalan deyirsənsə, Allah səni əvvəlki halına geri qaytaracaq, — dedi və yoluna davam etdi.


Saçları tökülən adam da çəmənlikdə qurulmuş çadırında oturmuşdu. Ən gözəl paltarlarını geyinmiş, çəmənlikdəki heyvanlara tamaşa edirdi. Mələk ona da kasıb bir adam surətində göründü:


— Mən kasıb bir adamam. İnsanlar məni özlərinə yaxın qoymur və kömək etmirlər. Neçə gündür ağzıma bir tikə də qoymamışam, acından ayaq üstə dura bilmirəm. Nə olar, sənə bu gözəlliyi verən və səni bu qədər varlı edən Haqq-taala xətrinə mənə kömək et, — dedi.


Adam o birisindən daha kobud və nəzakətdən də bir o qədər uzaq idi. Yanına bir ehtiyacı üçün gələnlərə kömək etməkdən yayınırdı. O da kömək etməkdən imtina etdi.


Kasıb adam surətindəki mələk:


— Mən səni tanıyıram. Sən əvvəl saçları tökülmüş, pis görkəmli bir adam ikən Allah səni bu dərddən qurtarmış və indi sahib olduğun sərvəti verməmişdimi?


— Mən anadangəlmə beləyəm, saçlarım da özümü biləndən belə gözəldir. Malım-mülküm də atamdan qalıb.


— Əgər yalan deyirsənsə, Allah səni əvvəlki vəziyyətinə qaytaracaq, — deyən mələk yoluna davam etdi. Üçüncü adama — gözlərinə qovuşan qoyun sahibinə baş çəkdi.


Bu adam bir ağacın altında oturub, düzənlikdə otlayan qoyunlarını seyr edirdi. Yanında nə bir çoban, nə də bir köməkçi vardı.


Qoyunlarını özü güdür, onlarla özü məşğul olurdu. Mələk ona da kasıb bir adam surətində göründü:


— Mən kasıb bir yolçuyam. Neçə gündür yollardayam. Sığınacaq bir yer, bir qaşıq isti yemək tapmadım. Sənə gözlərini bəxş edən və bu qədər mal verən Allah xətrinə mənə bir qoyun versən, çətin günlərim sona çatar, mən də sənə dua edərəm.


— Düz deyirsən. Mənim əvvəllər gözüm görmürdü. Allah gözlərimə nur, özümə çoxlu mal verdi. Ey qərib adam, bir halda ki Allah adına istəyirsən, onda bir deyil, istədiyin qədər qoyun sənindir, yerdə qalan mənə bəsdir. Çünki bunların hamısı Allahın mənə verdiyi nemətdir.


— Malların mübarək olsun. Allah səninlə birgə üç adamı imtahan etdi. Səndən başqa hər ikisi keçmişini yaddan çıxarıb malları ilə təkəbbürə qapıldılar, — mələk dedi.


Dəvə sahibinin o hərəkətindən sonra dəvələrinə yoluxucu xəstəlik düşdü. Sürülər bir-bir tələf oldu. Özü də yenidən köhnə xəstəliyinə tutuldu.


İnək sahibinin də axırı bədbəxt yoldaşınınkı kimi oldu. Bir gün qapqara buludlar çəmənliyin üstünü aldı. Şiddətli yağış yağdı və qabağına gələn hər şeyi silib-süpürən selə çevrildi. İnək sürüləri suda boğuldu.

Bu ani fəlakət qarşısında adam dəli oldu və saçarı birdən-birə töküldü. Yəni köhnə xəstəliyinə tutuldu. Sonra onu yenə zibilliklərdə yemək axtaran gördülər.