Qarabağ

Lex qalası

Lex qalası Kəlbəcər rayonunun Qanlıkənd kəndinin ərazisində yerləşir. Uca dağ zirvəsində inşa edilən qala XIII—XIV əsrlərdə müdafiə məqsədi ilə tikilmişdir.


Lex qalası həm də möhkəmliyi ilə diqqəti çəkəndir. Çox maraqlıdır ki, bu qalanın adı onun öz görünüşünü bir növ ifadə edir. Yəni Lex sözü “dəvə boynu” mənasını verir və qalanı görənlər də təsdiq edə bilər ki, karvan yolu üzərində tikilmiş bu qala məhz həmin o formanı özündə ehtiva edir. Qalanın divarları üstündə daşdan yonulmuş nəzarətçilərin dayana biləcəyi yerlər var. Onlar burda dayanmaqla karvan yolunu nəzarət altında saxlayıblar. 


Lex qalasının başında, yəni üst tərəfində qayadan yonulmuş və dərinliyi 3-5 metrə çatan quyular da var. Alimlərin fikrincə, həmin quyularda qala sakinləri özləri üçün ehtiyat su və ərzaq saxlayırmışlar. İşğala qədər, yəni ermənilərin Kəlbəcəri öz nəzarətləri altına aldıqları zaman kəsiyinə qədər burada elmi işlər aparmış mütəxəssislər, eləcə də yerli sakinlər öz müşahidələri əsasında bildirirlər ki, sonradan həmin quyularda iri palıd ağacları bitmişdi. 


Burda onu da xatırlatmaq yerinə düşər ki, Lex qalasının üzərində yerləşdiyi və Ləf çayı adlanan həmin axarın önündə iki böyük mağara da var. Həmin mağaralar da təbii ki, tədqiqatlar zamanı tapılıb, müəyyənləşibdir. Arxeoloqların fikrinə görə, yayda olduqca sərin, qışda isə isti olan bu mağaralar qala sakinlərinin yaşayış yeri olubdur.