Qarabağ

Şuşa qalasının karvansaraları

Böyük İpək yolunun üzərində yerləşən Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvansaralar tikilib. Karvansaralar ticarət məqsədilə bir şəhərdən digərinə gedən yolun üstündə karvanların dayanacaq yeri kimi nəzərdə tutulub. Onun içərisində mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca tövlə və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükan, yeməkxana və s. olurdu. Öz quruluşuna görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu kiçik otaqlarda qonaqları yerləşdirməyə, onların rahat qalmasına və mallarının saxlanmasına imkan verən, hər cür şərait yaradılmış ictimai binalar sayılırdı. Eyni regiondan gələn, eyni dildə danışan tacirlər, karvan sahibləri, səyyahlar təhlükəsizlik naminə eyni karvansarada yerləşməyə çalışırdılar.

 

Şuşa karvansaraları haqqında məlumat verən Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, qalada ilk karvansara XIX əsrin birinci yarısında Qarabağın dövlətli tacirlərindən olan Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlu tərəfindən tikilib və el arasında sahibinin adı ilə də tanınıb. Onun dediyinə görə, karvansara həmişə yaxşı gəlir gətirir və mədaxili, əsasən, dini işlərə sərf olunurdu. Hər il dindar adamlar Məhərrəm ayının on gününü burda İmam Hüseynə təziyə saxlayır, imam ehsanı verirdilər. Hacı Məhərrəm Kərbəlayı Hüseyn oğlunun vəfatından sonra oğlanları Hacı Abbas və Məhəmməd dağılmaqda olan karvansaranı bərpa etdirib birgə işlədiblər.

 

Müsahibimiz daha sonra deyib: “Qalanın yuxarı hissəsində isə hər meydanının qərb hissəsində “Şeytanbazar” da Hacı Əmiraslan bəyin karvansarası vardı. XIX əsrin ilk illərində İbrahimxəlil xan Cavanşirin böyük oğlu Məhəmmədhəsən ağanın lələsi Hacı Əmiraslan bəy Məhəmməd bəy oğlu (Mir Möhsün Nəvvabın ana babası) tərəfindən tikilmişdi. Karvansara sahibinin vəfatından sonra kürəkənləri Hacı Mir Əhməd ağa Mir Fəseh ağa oğlu və Mirzə Qasım bəy Məşədi Həsən ağa oğlu karvansaranı Məşədi Hüseyn Mirsəyyaf oğluna satmışdılar.

 

XIX əsrin ikinci yarısında (18888-1889) dindar varlılardan olan Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin Şuşanın “Şeytanbazar” hissəsində mehmanxana tipli ikimərtəbəli karvansaralarını alandan sonra söküb yerində təzəsini tikdirmiş və xalq arasında “Mirsiyab oğlunun karvansarası” kimi tanınmışdı. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Ağa Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayıblar. Karvansara istər böyüklüyünə, istərsə də memarlıq xüsusiyyətinə görə şəhərdəki digər karvansaralardan seçilirdi. Birinci mərtəbədə 25 dükan, dəlləkxana, çəkməçi, dərzi, sərrac, papaqçı, nalbənd və s. dükanlar, bir neçə ticarət kontoru, dini ayinləri icra etmək üçün şəhərdəki məscidlərin bəzilərindən böyük məscid, ikinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 mənzil vardı. Şimal tərəfdən- çöl tərəfdən əlavə 4 dükan, 3 böyük dalan və qapançı vardı. Karvansarada təkcə Qafqazın şəhərlərindən deyil, həm də İran, Türkiyə, Ərəbistan, Orta Asiya, Rusiya və başqa Avropa ölkələrindən gələn tacirlər də qalırdı. Son dövrlərə qədər burda örtülü şəhər bazarı fəaliyyət göstərirdi”.

 

“Karvansara vəqf mülkiyyətinə daxil idi. Onun kitabəsindəki vəqfnaməni Əli Hacı Abbasoğlu yazmışdı. Vəqfnamənin vəqfi dörd parça əhəng daşı üzərində fars dilində nəstəliq xətlə qabarıq surətdə həkk olunmuşdu. Onlardan başqa Şuşa qalasında Uğurlu bəyin, Murad bəyin, Hacı Hüseynin, Gövhər ağanın, Hacı Abbas bəyin, Cavad ağanın və Xanlıq Muxtarın karvansaraları da olub”,-deyə tədqiqatçı-jurnalist bildirib.