Mədəni irsimiz

Azərbaycan adı necə yarandı

Qədim Manna dövlətinin süqutundan çox sonralar Azərbaycan ərazisində yeni dövlətlər meydana gəldi. Bu dövlətlərdən biri də Azərbaycanın Araz çayından cənubdakı torpaqlarda yaranmışdı. Adına Atropatena deyirdilər. Atropatenanın gözəl təbiəti vardı. Dağların yamacları yamyaşıl çəmənliklər və sıx meşələrlə örtülmüşdü. Ərazisində Urmiya adlı böyük, füsünkar bir göl var idi. Urmiya gölü o qədər böyük idi ki, içərisində adalarda qalın meşələr yaranmışdı. Bu meşələrdə vəhşi heyvanlar yaşayırdı. Atropatenalılar qayıqlarla adalara ova gedirdilər.


Torpaqların münbit və məhsuldar olması əkinçiliyin və bağçılığın inkişafına şərait yaradırdı. Taxıl zəmiləri göz işlədikcə uzanıb gedirdi. Bağlarda bol meyvə yetişdirilirdi. Yaylaqların, otlaqların çoxluğu maldarlığın inkişafına kömək edirdi. Ona görə də Atropatenada çoxlu mal-qara sürüləri və at ilxıları var idi. Ölkə ərazisindəki çay və göllərdə balıq bol olduğu üçün balıqçılıqda inkişaf etmişdi. 


Atropatena ticarət yollarının üzərində yerləşirdi. Ticarət yollarının üstündə yerləşməsi ölkənin sürətli inkişafına kömək edirdi. Müxtəlif ölkələrin tacirləri Atropatenaya gəlir və ticarət edirdilər. Hindistan və Çin o dövrdə zəngin ölkələr kimi məşhur idi. Bu ölkələrin bazarlarında hər çeşiddə mallar var idi. Hindistan və Çindən gələn tacirlər də digər ölkələrə getmək üçün Atropatenanın ərazisindən keçirdilər. Bu ölkənin zəngin təbiəti, tarlaları və bağları, mal-qara sürüləri onların böyük marağına səbəb olurdu. Onlar gördüklərini ətraf ölkələrdə danışırdılar. Bu yolla ətraf ölkələr Atropatenanın necə zəngin sərvətlər və münbit torpaqlara malik olduğunu öyrəndilər. Atropatenanın zəngin sərvətləri və bərəkətli torpaqları yalnız tacirləri maraqlandırmırdı. Qonşu dövlətlərin hökmdarları bu sərvətləri ələ keçirmək, ona sahib olmaq istəyirdilər. Ona görə də tez-tez Atropatenaya hücumlar edirdilər. Atropatenanın paytaxtı Qazaka şəhəri idi. Bu zəngin və qüdrətli ölkənin paytaxt şəhəri də gözəlliyi və abadlığı ilə göz oxşayırdı.


Atropatena dövlətinin adı onun ilk hökmdarı Atropatın adı ilə bağlı yaranmışdı. Atropat igid və cəsur sərkərdə idi. O, ölkədə yadellilərin ağalığına son qoyaraq müstəqil dövlətin əsasını qoymuşdu. Bu dövlət xalqımızın yaranmasında, dövlətçiliyin inkişafında böyük rol oynamışdır. 


Alimlər Azərbaycan adının yaranmasını da Atropatenanın adı ilə bağlayırdılar. Onlar belə hesab edirdilər ki, zaman keçdikcə “Atropatena” sözü şəklini dəyişərək Azərbaycan sözünə çevrilmişdir.