Mədəni irsimiz

Azərbaycanda dini inanclar

Qədim insanlar çoxlu tanrılara sitayiş edirdilər. Onlar oda, ayrı-ayrı bütlərə, təbiət cisimlərinə və hadisələrinə (Günəş, Ay, torpaq, su, yağış, dəniz və s. tanrılarına) dualar edir, qurbanlar verirdilər. Belə dinlər çoxtanrılı dinlər adlanır.


Keçmiş zamanlarda Azərbaycanın bəzi yerlərində, xüsusilə cənub ərazilərində atəşpərəstlik adlı din yayılmışdı. Atəşpərəstlik dininin əsasında oda sitayiş dururdu. Bu dini Zərdüşt adlı bir müdrik insan yaratmışdı. Buna görə həmin din zərdüştlük də adlanır. Zərdüşt öz dini fikirlərini “Avesta” adlı müqəddəs kitabında şərh etmişdi. Atəşpərəstlik dininə görə xeyir ilə şər, həqiqət ilə yalan, işıq ilə zülmət arasında daima mübarizə gedir. Bu mübarizənin sonunda xeyir şərə, həqiqət yalana, işıq zülmətə qalib gəlir. “Avesta”da xeyir Allahı Hörmüz, Şər Allahı Əhriman adlanırdı. “Avesta” çox böyük kitab idi. Onu yazmaq üçün 12 min öküz dərisi lazım gəlmişdi. Zərdüştün yaratdığı din ətraf ərazilərə də yayıldı. Düşmən yürüşlərinin birində “Avesta” yandırıldı. Lakin sonralar kahinlər bu kitabı yenidən bərpa etdilər.

Atəşpərəstlik məbədlərində odu sönməyə qoymurdular. Bu dinə görə oddan başqa torpaq və su da müqəddəs sayılırdı. Xalqımızın bəzi adət ənənələrində bu dinin əlamətləri hələ də qalır. 


Azərbaycan xalqının ulu babaları içərisində tanrıçılıq geniş yayılmışdı. Onlar tək tanrıya sitayiş edirdilər. Zaman keçdi və yerin, səmanın, canlıların və ən mükəmməl varlıq olan insanın tək Allah tərəfindən yaradıldığını təbliğ edən xristianlıq dini yarandı və yayılmağa başladı. Xristianlıq dini Azərbaycanın şimalında-Albaniyanın bəzi dağlıq qərb ərazilərində də yayıldı.


Beləliklə, Azərbaycanda yaşayan əhali müxtəlif dinlərə sitayiş edirdi. Burada tanrıçılarla bərabər, atəşpərəstlər, bütpərəstlər və xristianlar da yaşayırdılar. Şərqin ilk kilsələrindən biri olan Şəkinin Kiş kəndindəki alban məbədi xalqımızın İslama qədərki mədəniyyətinin yadigarlarından biridir. Lakin tanrıçılıq, zərdüştlük, xristianlıq və digər dinlər xalqımızın yalnız bir hissəsi tərəfindən qəbul edilmişdi. Bu isə xalqımızın birliyinə və mədəniyyətimizin inkişafına mane olurdu.


Təkallahlı dinlərdən biri də İslam dinidir. Bu dinin əsasını VII-ci yüzillikdə Məhəmməd peyğəmbər qoymuşdu. O, Ərəbistanda, Məkkə şəhərində anadan olmuşdur. Əvvəllər o ticarətlə məşğul olurdu.

 

İnsanların əziyyətli həyatı, bütlərə inamın mənasızlığı onu çox düşündürürdu. Tez-tez fikrə gedir, qeyri-adi düşüncələrə qərq olurdu. Belə anlarda o, bir neçə dəfə qəribə səslər eşitmişdi. Ramazan ayının bir günündə Hira dağındakı mağarada olarkən Məhəmmədə Allahdan əmr gəldi. Bu əmrlə Məhəmməd Allahın elçisi olaraq yeni dini-İslam dinini yaymağa başladı. Müqəddəs “Qurani-Kərim” yarandı. İlk vaxtlar Allahın müqəddəs kəlamlarının toplusu olan “Qurani-Kərim” dəri, nazik ağ daş və xurma ağacının qabığı üzərində yazılırdı. Sonralar kitab halına salındı. Peyğəmbər bütlərə inananların təqibinə məruz qaldı.

Amma onun tərəfdarlarının sayı sürətlə artdı. İnsanlar bütlərə deyil İslam dininə sitayiş etməyə başladılar. İslam dini insanları yalnız Allaha inanmağa, ədalətli olmağa, öz əməyi ilə yaşamağa, kasıblara əl tutmağa, mərhəmətli və mehriban davranmağa, elm öyrənməyə, sülhsevər olmağa çağırırdı. Birlik və qardaşlıq carçısı olan İslam dini həm də insanlar dürüst olmağı təbliğ edirdi. İslam dini çox keçmədən dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda yayıldı. 


İslam dinini qəbul etdikdən sonra ölkəmizin ərazisində yaşayan çoxsaylı tayfalar bir-biri ilə qaynayıb qarışdı, vahid xalqa çevrildi. Azərbaycan xalqının yaranması prosesi başa çatdı. Xalqımız İslam dəyərlərini qəbul edib, həyatını bu dəyərlər əsasında qurdu. Milli dəyərlərimiz İslam dəyərləri ilə daha da zənginləşdi. Azərbaycanda İslam dininin təsiri altında yeni mədəniyyət formalaşdı. Azərbaycanın şairləri, memarları, xəttatları İslam dininin təsiri altında gözəl sənət nümunələri yaratdılar. 


İslam dini və onun banisi Məhəmməd peyğəmbər elmə və təhsilə yüksək dəyər verir. Məhəmməd peyğəmbər deyirdi: “Bir gün elmlə məşğul olmaq, qırx il ibadət etməkdən önəmlidir”.