Qarabağ

Şuşanın flora və faunası

Meşə qaynar həyat mənbəyi, təbiətin yaşıl “ciyəri”, heyvanların isti sığınacağı, quşların doğma məkanı, insanların sevimli istirahət guşəsi, qələm və fırça ustalarının ilham mənbəyidir. Ərazisinin 20 faizə qədəri meşə zolaqları ilə örtülən Şuşanın flora və faunası olduqca zəngindir. Ana təbiət bu torpaqdan heç nəyini əsirgəməyib, onun altı tükənməz xəzinə olduğu kimi, üstü də canlı və zəngin təbiət muzeyidir.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin Şuşanın flora və faunası barədə yazdığı məqalədə deyilir. Məqaləni təqdim edirik.

 

İlin bütün fəsillərində yaşıl donunu əynindən çıxarmayan Şuşa meşələri sanki bir kəmər kimi qalanın belinə dolanaraq onun füsunkarlığını birə min artırır: Kirs, Şırlan, Armudlu, Əylis, Çınqıllı, Quşçular, Malıbəyli meşələri... Zarıslı və Xəlifəli çayları boyu uzanıb gedən və dağların ətəklərinə qədər geniş bir sahəni örtən sıx və qalın meşələr bu yerlərin yaşıl örpəyi, əvəzsiz bəzəyi kimi göz oxşayır və onun hüsnünə gözəllik gətirir.

 

Şuşanın şimal-şərqində Qarabağ dağ silsiləsinin yamacında yerləşən Çaxmaq meşəsi bu diyarın nadir sərvətlərindəndir. Bu təbiət möcüzəsinin adının yaranması da maraqlıdır. Keçmişdə meşənin yuxarı hissəsindəki qaya daşlarını bir-birinə sürtməklə qığılcım əldə edir, ondan od almaq, ocaq qalamaq üçün istifadə edirdilər. Həmin sahədə çoxlu miqdarda çaxmaq daşı olduğuna görə, meşə öz adını buradan götürüb. Burada supalp və alp çəmənləri var və ətəyində çoxlu bulaq qaynayır. Çaxmaq meşəsi 1988-ci ildə Kirs dağı, Cıdır düzü, Əsgəran qalasının divarları ilə birlikdə Daşaltı Dövlət Qoruğuna daxil edilib.

 

Bitki örtüyünü bir-birindən fərqləndirən və torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən olan çətir-çətir Şuşa meşələrində təbii halda bitən söyüd. Qaraağac, gərməşov, dəmirağacı, gilas, qarellə, zirinc, saqqızağacı təşkil eləsə də, orada tut, qoz, fındıq ağaclarına, nar, qarağat, böyürtkən, moruq kollarına da rast gəlmək olar. Bu meşələrdə dadlı meyvəsi olan alma, xüsusi qulluq tələb etməyən sulu və çox şirin armud, tez boy atıb. Bar gətirən əncir, zoğal, xoşagəlməz qoxusu olan yemişan, soyuğa çox davamlı qovaq, havanı zəhərli bakteriyalardan təmizləyən ardıc, qara rəngə çalan şam, ya küknar, süddən səkkiz dəfə qidalı, “gələcəyin çörəyi” adlandırılan qırmızımtıl fıstıq, gövdəsi düz və sarımtıla çalan çətirli bəzək ağacı göyrüş, palıd, vələs, çinar, qaraçöhrə, sərv, cökə, ağcaqayın, qarağat və digər ağaclarla zəngindir. Burada meyvə ağaclarından başqa müalicə, qida əhəmiyyəti və vitaminlərlə zəngin göyəm, həmərsin, itburnu, qarağat, moruq və giləmeyvələr də geniş yayılıb. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160-1210 metr yüksəklikdə, yamacın şimal baxarındakı meşəlikdə bir-birindən təxminən 100 metrə qədər aralı yerləşən 30-a qədər şabalıd ağacları var. Həmin ağaclar palıd-vələs meşələrinin tərkibinə daxildir. Burada müxtəlif kol cinsləri, fındıq, alça, göyəm, əzgil, itburnu. Ağcaqayın, eyni zamanda Şərq fıstığı, Qafqaz vələsi, İberiya palıdı da bitir və üstünlük təşkil edir. Dağların ətəklərində Şuşa vələsi, Qafqaz qış səhləbi və ya xarı bülbülə rast gəlmək olar.

 

Nadir ağaclar diyarı olan Şuşanın müxtəlif bitki növləri ilə zəngin meşələrində palıd ağacı daha çox yayılıb və üstünlük təşkil edir. Bu, Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 600-1000 metr hündürlükdə yerləşən meşələrin ən qiymətli və xarakterik ağacıdır. Azərbaycanda bitən 12 növ palıddan demək olar ki, hamısına Qarabağ meşələrində rast gəlmək mümkündür. Bu iri gövdəli və uzunömürlü ağaclar 1000 ilədək yaşayır. 50 metrə qədər hündürlüyü olan palıd ağacları ömrünün 80 ilini boy atır, sonrakı dövrlərdə yalnız eninə inkişaf edir. Elə ki, gövdəsi möhkəmlənir, budaqları tağ kimi şaxələnərək çox əzəmətli görkəm alır. Palıd meşələrdəki ağacların çoxundan gec çiçəkləyir.

 

Palıdın mühüm iqtisadi əhəmiyyəti var. Bu ağac tikinti üçün çox yararlı və sənaye əhəmiyyəti olan möhkəm oduncağa malikdir. Qabığının tərkibində çoxlu aşı maddəsi olduğuna görə gön-dəri sənayesində və kənd təsərrüfatı alətlərinin hazırlanmasında ondan geniş istifadə olunur, qozasından qəhvə düzəldilir, tərkibindəki maddələrdən xalq təbabətində müxtəlif dərmanlar hazırlanır.

 

Şuşanın faunası da florası kimi zəngindir. Burada meşələrin və dağların mövcudluğu, təbii ehtiyatların çox olması quşlara və heyvanlara sığınacaq verir. Meşələrdə qonur ayı, dağların yüksək yamaclarında yaşayan boz dərili canavar, pələng, iti dişli çöl pişiyi, vaşaq, porsuq, tülkü, bəbir, çaqqal, maral, sığın, Avropa cüyürü, dağ keçisi, dovşan oxlu kirpi və başqa canlılar yaşayır. Ağacdələn, bayquş, dağ qartalı, qarğa, çalağan, quzğun, qaranquş, sağsağan, turac, boz kəklik, qızılquş, qartal, ağbaş kərkəs, bülbül və sığırçın geniş yayılıb.