Təbiət

Dünyanın ən quraq səhrası Atakama

Atakama səhrası planetimizin ən quru və ən qədim səhrasıdır. Elm adamlarının fikrincə, səhranın yaşı 20 - 40 milyon il arasındadır. 


Atakama səhrası Çili, Cənubi Amerikanın qərb sahili, Sakit Okean və And dağları arasında yerləşir və onun ən cənub nöqtəsi Çilinin paytaxtı Santyaqodan 800 km məsafədə yerləşir. Qərbdə Sakit okean, şimalda Peru və cənubda Boliviya və Argentina ilə həmsərhəddir. Səhranın cənub ərazisindən böyük Loa çayı keçir. Səhranın uzunluğu 960 km-ə çatır.


Olduqca maraqlı bir faktdır ki, yerli küləklər Sakit Okeanın yaxınlığından keçməsinə baxmayaraq, rütubət ehtiva etmir. Bu, Antarktidadan gələn soyuq Humboldt cərəyanının Çili sahillərindən keçməsi ilə əlaqədardır. Humboldt üzərindən keçən və onun təsir zonasına düşən hava kütlələri sərinləşir, nəticədə suyun səthindən nəm qaldıra bilmirlər.


Belə ki, Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Məhz buna görə də, Atakama səhrası Yer kürəsinin ən quraq yeri hesab olunur. Səhrada ildə təxminən 10 mm yağıntı düşür.


Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. 


Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir. Səhranın bəzi regionlarında qış aylarında sıx dumanlar müşahidə olunur. Əsas bitkiləri kaktuslar (məsələn, Rod Kopyapoa) və kollar təşkil edir. Fauna aləmi xeyli azdır.

Sahilboyu qayalarda balıq ilə qidalanan quşlar yaşayır. Atakama səhrası mis, qalay, qızıl, yod, duz və s. ehtiyatlarla zəngindir.


Sakit okeanın sahilində, səhra ilə sərhəddə Çilinin böyük portları olan Arik və İkike portları yerləşir.


Səhranın bəzi yerlərində yağıntı on ildə bir dəfə düşür. Çilinin Antofaqasta regionunda orta yağıntı miqdarı ildə 1 mm təşkil edir. Hətta tarixboyu bəzi dövrlərdə Atakamada bəzi meteostansiyalar yağış qeydə almayıb. Məsələn, 1570-ci ildən 1971-ci ilə qədər Atakamada əhəmiyyətli yağıntı qeydə alınmayıb. Bu səhrada ən aşağı hava rütubətliliyi 0 % təşkil etmişdir.


Buradakı dağların (6 885 m-ə qədər hündürlüyə malik) cənub hissəsi (25°-27 °C.e) tamamilə buzlaqlarla örtülü deyil. Bütün buzlaqlar dördüncü dövr buzlaqlarından təşkil olunub. Britaniya alimlərinin tədqiqatları nəticəsində burada 120 000 il əvvələ aid çay qollarının izləri tapılmışdır.


19 may 2010-cu ildə Atakama səhrasında qeyri-adi hadisə baş vermişdir. Səhraya qar yağıntısı düşmüşdür. Bir neçə rayonu qar tamamilə örtmüşdür. Bu səbəbdən ən böyük rəsədxanalardan biri müvəqqəti olaraq bağlanmış, yol və enerji təchizatı pozulmuşdur.


Maraqlı olsa da Atakama ərazisində bir milyondan çox insan yaşayır. Təbii ki, onlar bu bölgənin quraq rayonlarında deyil, sahilyanı şəhərlərdə, oazis şəhərlərində, mədən kəndlərində yaşayırlar (səhrada selitra, duz, mis, yodun böyük ehtiyatları var).


Bir çox fermerlər kənd təsərrüfatı hesabına yaşayırlar - xüsusi suvarma sisteminin köməyi ilə zeytun, pomidor, xiyar və digər bitkiləri uğurla becərirlər, maldarlıqla məşğul olurlar: lama və alpaka sürülərini otarırlar.


Atakamada hələ də su mənbəyi var - Loa çayı səhradan keçir. O, mənbəyini And dağlarından alaraq, Minyo vulkanının yamaclarından axır və qayalı torpaqdan keçdikdən sonra səhradan keçərək şərqdən qərbə Sakit Okeana axır və sahil boyu oazislər - dar meşə zolaqları əmələ gətirir. Səhrada 160-dan çox kaktus növü bitir, onlardan doxsanı yalnız Atakamada bitir.


Maraqlı fakt: Çili sakinləri planetin ən quraq səhrasında sağ qalmaq üçün dumandan faydalanmağı öyrəniblər. Xüsusi qurğunun köməkliyi ilə dumanı suya çevirirlər. Duman qurğudakı xüsusi özəklərə yapışır, kondensasiya olunur və damlalar şəklində iplər boyunca aşağı quraşdırılmış bir barelə enir (maraqlıdır ki, bir dumantutan qurğunun vasitəsi ilə gündə təxminən 18 litr su toplamaq olur).