Görkəmli şəxsiyyətlər

Yusif Balasaqunlu və onun “Qutadqu - bilik” əsəri

Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” əsəri türk xalqlarının ədəbiyyat tarixində xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış və bu gün bizə məlum olan ilk poemalardandır. XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Kaşğarinin müasiri olmuşdur. Poemanın adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi də çevirmək olar. “Qut” -səadət, xoşbəxtlik deməkdir. Ərəb və fars dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə “Qutadqu biliy”in ilk örnək olduğunu qeyd edən müəllif  əsərinin dilini xaqaniyyə adlandırmışdır.  Yusif Xas Hacibin “Qutdaqdu - bilik” əsərində  bütün islam və türk tarixi  mədəniyyətinə aid məlumatlar toplanmışdır.


Mütəxəssislərin fikrincə “Qutadqu biliy”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6520 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemanın içində rübai formasından da istifadə olunmuşdur. “Qutadqu biliy”in vəzni əruzun kəsik (qısa) mütəqarib bəhri kimi müəyyənləşdirilir. Əsərin giriş hissəsi nəsrlə yazılmışdır. Yusif Balasaqunlu demək olar ki, ilk dəfə Mərkəzi Asiyada  türk dilində yazanlardan olmuş və sonradan onun üslubu məsnəvi adı ilə tanınmışdır.


Yusif Xas Hacib Balasaqunlu - görkəmli uyğur (bəziləri onu qırğız hesab edir)  şairi və mütəfəkkiri XI əsrdə Qaraxanilər dövləti ərazisində Qaşqar və Balasaqun şəhərlərində yaşamışdır.

Yusif Balasaqunlunun  “Qutadqu - bilik” əsəri XI əsr erkən Mərkəzi Asiya türkdilli əsərlərin ən möhtəşəmidir desək yanılmarıq. Əsərlərini qədim uyğur dilində yazmışdır. “Qutdaqdu-bilik” əsərini o dövrdəki Qaraxanilər hökmdarı Tayqaşu Burqa xana təqdim etmiş ( bəzi mənbələrdə səlcuq hökmdarı Arslan şaha) .... hökmdar isə onu özünün baş məsləhətçisi (Xas Hacib) təyin etmişdir.


Lakin bu əsər çox az öyrənilmişdir. Əsərin əsli indiyədək tapılmamışdır. Ancaq əsərin üç əlyazma surəti  dövrümüzə gəlib çatmışdlır ki, onlar da Özbəkistan, Misir və Avstriyada saxlanmaqdadır.


Bu əsərin öyrənilmə işi, vəzifələri - çoxsahəli və müxtəlif yanaşmaları tələb edir. İlk növbədə əsərin fəlsəfi əsaslarını öyrənmək üçün  dəqiq tədqiqatçılıq  və təfsir işi tələb edir. “Qutadqu - bilik” əsəri etik-didaktik bir əsər olmaqla yanaşı, hakimiyyətin müdrik idarə olunması istiqamətlərini, insanlarla davranmaq yollarını göstərən bir əsərdir.  Əsərdə mənəvi dəyərlərdən söhbət getdikcə müdriklərin, şair və ər igidlərin, hakimiyyəti ədalətlə idarə edənlərin sözlərinə istinadlar gətirilir. Bütün mənəvi yönümünə baxmayaraq “Qutadqu - bilik” əsəri sadəcə quru etik-didaktik əsər kimi dəyərləndirilə bilməz. Bu əsər insan həyatının mənası və onun dünyadakı əhəmiyyətini təhlil edən fəlsəfi bir əsərdir və cəmiyyətdə insanın davranış normaları və insanın vəzifələrini tam aydınlığı ilə izah edir. Yusif Balasaqunlu yaşadığı cəmiyyətdə baş verən neqativ halları tənqid etməkdən heç vaxt qorxmamışdır.


Bəzi tədqiqatçılar hesab edirlər ki, Yusif Balasaqunlu bu əsərdən başqa “Siyasət haqqında kitab” və “Lüğət haqqında kitab” adlı əsərlərin də müəllifidir. Lakin çox təəssüflər olsun ki, müəllifin bu adı çəkilən əsərləri zəmanəmizə gəlib çatmamış, itmişdir. ..

 

Yusif Balasaqunlunu Mərkəzi Asiya türk dilli ədəbiyyatın banisi hesab edənlər yanılmırlar. Təkcə uyğurlar deyil, qırğızlar da onu özünkü hesab edir.
55 yaşında dünyasını dəyişən mütəfəkkir Qaşğar şəhərinin cənubunda Paypap adlı yerdə dəfn edilmişdir. Türbəsi də hazırda orada yerləşir.1865-ci ildə inşa edilmiş türbəni 1972-ci ildə Çində “mədəni inqilab” vaxtı dağıtmışlar. Sonralar türbənin yerində məktəb tikilmişdir. Daha sonralar məktəb başqa yerə köçürülmüş, türbə yenidən bərpa edilmişdir. Hazırda Yusif Balasaqunlunun türbəsinin  üstündə çin, ərəb və uyğur dilində yazılar vardır.


Müəllif özü qeyd edir ki, əsəri o öz doğma türk dilində yazmışdır. “Qutaqdu-bilik”  əsəri müsəlman türklərin islam intibahı dövründə yazılmış və üç nüxsədə (surəti) dövrümüzə qədər qorunaraq gəlib çatmış ilk əsərlərdəndir. Bir çox türkdilli xalqlar bu əsəri müsəlman türklərinin yazılı ədəbiyyatının ilkin qaynağı kimi qəbul edə bilərlər.
                                          


Kəlamları:


Ağıllının söhbəti, quyudan çıxan sərin suya bənzər.


Ağılsızın sözü bəxbəxtçilikdən özünə qayıdar. Çoxdanışandan az xeyir gördüm.


Uzunçuluqdan xeyir görməzsən. Danışmaq istəsən kəsə de.


On nəfəri bir yerə toplamaq istəsən, əsl həqiqəti danış.


Çox danışmaq hətta güləni də düşündürə bilər.


Sualların məntiqi  ağır ola bilər. Kar və kor olmaq yox, maarifpərvər olamaq lazımdır.


Karlara eşitmə, körlara görmə verilməz. Ancaq bilik əldə etsən, izzətli olarsan.


Dünyadan köçsən də, bir iz qoymalısan. Diliniz yalançı və qeybətcil olmasın.


Mənim heç bir arzum yoxdur. Biliksizlik qaranlıq bir gecədir. Öyrənmək isə tamam başqa bir yoldur. Ağıl və bilik yolu ilə həyatda şərəf, ölümdən sonra isə şöhrət qazanarsan. ...