Təbiət

Təbiətdə nadir rastlanan Yeti yengəci

Tüklü Kiva, Yeti yengəci və ya Kiva hirsuta - dənizin dərinliklərində yaşayan və ayaqları solğun sarı tüklərlə örtülü olan 10 ayaqlı xərçəngdir. Yengəc məhz 15 santimetr uzunluğu olan tüklərinə görə “Yeti” adını alıb və digər xərçənglərdən böyüklüyünə görə fərqlənir.

 

İlk növ “Kiva hirsute” ilk dəfə 2005-ci ilin mart ayında Atlantis tədqiqat gəmisi tərəfindən Pasxa adasından 1500 km cənubda, Antarktida yaxınlığında, Cənubi Okean sularında aşkar edilib. Bir illik araşdırmadan sonra növün kəşfi 2006-cı ildə elan edilib. İkinci növ (Kiva puravida) isə 2006-cı ildə tapılıb və 2011-ci ildə təsvir edilib. Robert Vreyenhuk və Mişel Seqonzakın rəhbərlik etdiyi qrup, idarə olunan “Alvin” sualtı gəmisində dalış zamanı, nisbətən böyük və ayaqları ağ tüklərlə örtülü olan xərçəngkimiləri bir neçə dəfə aktiv hidrotermal ağızın (volkan ağzı) ətrafında müşahidə ediblər. İndiyə qədər tutulan yeganə nümunə (erkək) 2200 metr dərinlikdən qaldırılıb.

 

Yeni cins yengəc -Kiva adlandırıldı, baxmayaraq ki, Kiva - Maori mifologiyasında okeanın ilahi mühafizəçilərindən biri olan kişidir. “Hirsute” isə latın dilində "tüklü" deməkdir.

 

Yetkin yengəclərin bədən uzunluğu təqribən 15 sm-dir. Döş qəfəsi və ondan uzanan beş cüt əza (pereiopodlar) aşağıda çoxsaylı sayda tüklərlə örtülüb ki, bu da xərçəngin xəzlə örtüldüyü təəssüratı yaradır.

 

Yeti yengəcləri əsasən yüksək mineral sıxlığı olan, isti suların axdığı çuxurlarda (vulkanik çuxurlar) rast gəlindiyindən və yer üzündəki bir çox canlıdan təcrid olunmuş şəraitdə və məkanda yaşadığından uzun müddət öyrənilməyib. Ancaq son araşdırmalar bu xərçəngin əcdadlarının əslində 35-40 milyon il əvvəl yaşadığını ortaya çıxardı. Bu araşdırmalar nəticəsində, bəzi növlərin əvvəllər düşünüldüyündən daha həssas olduğu da öyrənildi. Belə ki, 55 milyon il əvvəl okeanın dibində oksigenin əhəmiyyətli dərəcədə azalmasından sonra bir çox növ yox olub.

 

Tədqiqatçılar yeti xərçənglərinin təkamül keçirərək ekoloji vəziyyətə uyğunlaşaraq yaşadığını düşünürlər. Onların isti su çuxurlarında necə yaşadıqları hələ də sirr olaraq qalır.

 

Yeti yengəcinin digər maraqlı xüsusiyyəti -  qidalanma üçün tüklərindən istifadə etməsidir. Tüklü ayaqlarında yaşayan sap şəkilli bakteriyaları tutaraq onların böyüməsini və yayılmasını təmin edir, sonra isə ayaqlarını yalayaraq, sanki tüklərini darayaraq, oradakı bakteriyalarla qarınlarını doyururlar. Alimlər vəziyyəti onların tüklərində bakteriya yetişdirdiklərini deyərək izah edirlər. Yengəc tüklərinin sayəsində nəinki qida alır, həm də zəhərli hidrogen sulfiddən özünü qoruyur.

 

Bununla belə, onlar dənizin yuxarısında baş verənlərə qarşı tamamilə immunitetə ​​malik deyillər.

 

Hazırda, okeandan çıxarılan yeganə Yeti xərçəngi Paris Təbiət Tarixi Muzeyində saxlanılır.