Odlar Yurdu

Xilafət dövründə pul

Ərəblərin işğal siyasətinin erkən dövrlərində pul zərbi əsas yer tutmurdu. Bu fakt onların həyat tərzi, şəhər və dövlət mədəniyyətinin atributları ilə tanış olmamaları və həmçinin, hələlik yalnız müharibələrlə məşğul olmaları ilə birbaşa bağlı idi. İşğal etdikləri bütün dövlətlərdə ilk illərdə onlar pul zərbini olduğu kimi saxlayırdılar. Buna sübut olaraq numizmatika elmində qəbul edilən bizans-ərəb, latın-ərəb, sasani-ərəb və digər pulları misal çəkmək olar. Bu cür «loyal» münasibətlər sistemi xilafətdə Əbd-əl-Məlik Mərvanın (686-705) islahatlarına qədər davam etdi.

 

Yuxarıda adlarını çəkdiyimiz «keçid» dövrü pullarına Azərbaycanda rast gəlinməmişdi. Belə ki, VII əsrin ortalarına qədər burada Sasani pulları tam hüquqla dövriyyədə istifadə edilmişdi. Bunu aşkar edilən dəfinələr sübut edir. VII əsrin II yarısından IX əsrin ortalarına qədər əmtəə-pul münasibətlərində həm Sasani, həm də ərəblərin erkən pulları iştirak etmişlər. X əsrin əvvəllərindən etibarən zərb edilən sikkələrdən ibarət dəfinələrin tərkibində artıq Sasanilərin pullarına rast gəlinmir. Nadir hallarda dəfinələrdə bu pulların qırıqları, ehtimal ki, qiymətli metal kimi saxlanılırdı.

 

Beləliklə, 642-ci ildən bütün Qafqaz, o cümlədən Azərbaycan xilafətin tərkibinə daxil olur. Burada Əməvilərin hakimiyyətinin ilk 20 ilində 10 əmir dövləti xəlifələrin adından idarə edirdilər. VII əsrin sonuna qədər Azərbaycanda Həmədan, Nəhri-Tir, Biram-Kubad, Bix-Kubad, Əl-Susa, Alarşəhr, Dəstimişan, Nihavənd, Herit, Sicistan, Əl-Rey, Zarac, Əl-Bəsrə, Mərv, Bəlx, Kirman, Ərdəşir-Hurra, İstəxra, Darabcerd, Başapur, Arracan, Xorasan, Əl-Şiracan, Tapurestan, Apnueranda və Arranın, Şirvanın zərbxanalarının sikkə məhsulları dövriyyədə istifadə olunmuşlar. Azərbaycanın zərbxanalarında Atra-Atropatena, Naxi-Naxç-Naxçıvan, Qaza-Qazaka, QilQilan, Şiza-Zankan-Zəncan, Kndja-Gəncə və Duin-Dvində II Xosrovun və Əbd-ər-Rəhman adlı ərəb əmirinin adından 682,683, 685-ci illərdə pullar zərb edilmişdi.

 

Çox təəssüf ki, axırıncı 3 ədəd pul alman alimi C. Volker tərəfindən çap edilərkən nə onların təsviri, nə də dəqiq topoqrafik məlumatları göstərilmişdi. Bu səbəbdən də biz Azərbaycanda keçid dövrü pulları içərisində ərəb-sasani nominallarının olmaması faktına hələlik üstünlük veririk. Yalnız Əbd-əl Məlik Mərvanın islahatından sonra ərəb pulları zərb edilməyə başlamışdır. İslahat «inqilabçı» xəlif tərəfindən 696-cı ildə həyata keçirilmişdi. Nəticədə iki növ pul nominalı dövlət statusu aldı:

 

1. Qızıl pullar - dinar (1 misqal şəri çəkisində - yəni 4,25 qr. əyarı 87,9%). Yerlərdə, o cümlədən Azərbaycanda belə dinarlar əhali arasında hakimiyyətdə olan əmirin adı ilə adlanırdı: Əl-Xabiriyyə dinarı - yəni Ömər İbn Xabərin dövründəki qızıl pullar və s. Əməvilərin dövründə dinarlar anonim xarakter daşıyırdı, yəni pulların üzərində hökmdarın və zərb yerinin adı göstərilmirdi.

 

2. Gümüş pullar - dirhəm adlanırdı; dəqiq çəkisi 2,985 qram idi. Sasani draxma pul sisteminə əsaslanırdı.

 

Azərbaycanda adı çəkilən pullar 701-ci ildən dövriyyəyə buraxılır. Bu zaman pulların üzərində hökmdarların və zərb yerlərinin adlarının göstərilməməsinin səbəbi İslam dini ilə bağlı idi. Belə ki, dünyada və təbiətdə yaranan hər şey Allahın adı ilə bağlı idi. Bu cür pul zərbi Abbasılardan əl-Mehdinin (775-785) hakimiyyətinə qədər davam etmişdi. Beləliklə, ərəb xilafətinin tarixində pul sistemi qaydaya salınır: qızıl pul - dinar, gümüş pul - dirhəm, mis pullar - fels adlanır. Dinar həm də yarımdinar kimi zərb olunurdu - yəni dinarın çəkisinin 1 /3-nə bərabər. Dinar ticarətdə əsas yer tutmurdu. Alıcılıq qabiliyyəti olan pul nominalı bu zaman gümüşdən zərb edilən dirhəm idi. Qızıl dinarları isə ayrıca çox qiymətli əmtəə kimi alqı-satqıda istifadə edirdilər. Gümüşün qızıla olan nisbəti 1:15 götürülürdü, yəni 1qr. qızıl 15 qr. gümüşə bərabər hesablanırdı və yaxud 1 dinar 6 dirhəmə bərabər idi.

 

Beləliklə, xilafətdə gümüş pul sistemi fəaliyyət göstərirdi. Bu zaman fəaliyyət göstərən çoxsaylı zərbxanalar içərisində Azərbaycan, Arran, Qandza, Al-Bab, Ərməniyyə, Dəbil, Marağanın adını çəkmək olar. Numizmat alim Seyfəddininin ehtimalına görə «Azərbaycan» adlı zərbxana indiki İran Azərbaycanında - Ərdəbildə yerləşmişdi. Ərməniyyə adlı zərbxana pulların üzərində cürbəcür formada, yəni Ərməniyyə-Bərdə, Ərməniyyə-Harunabad və ya Ərməniyyə kimi zərb edilmişdi. Bunlardan 2 zərbxana yalnız Azərbaycanın köklü torpaqlarına aiddir. Üçüncü - yəni Ərməniyyə isə Suriya və yaxud ermənilərin indiki İran ərazisində kompakt yaşadığı məkana aiddir. Abbasilərin dövründə xilafətdə 136 zərbxana fəaliyyət göstərmişdi. Onlardan 12-si Azərbaycanda yeni yaradılan zərbxanalar idi. Bu zaman pul sistemində dəyişikliklər edilməmişdi. Dəyişilən yalnız pulların üzərində olan yazılar və bəzəklər idi. Abbasilərə aid ilk mis pul - fels xəlifə Əbu Cəfərin (754-775) hakimiyyəti illərində Bərdədə zərb edilmişdi.

 

Xəlifələr tərəfindən Azərbaycana təyin edilmiş əmirlər pul zərbi hüququ əldə edirlər. Bu zaman zərbxanaların sayı yenidən artır. Bu zərbxanalar içərisində «Mədinət-Arran» - yəni Arranın şəhəri - Bərdə zərbxanasının sikkələri öz zənginlikləri ilə daha çox seçilir.