Mədəni irsimiz

Bülbülün ev muzeyinin Şuşa filialı

1992-ci ilə qədər Bülbülün Şuşadakı ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Muzey kiçik həyət, iki otaq və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdır.
 
Burada Bülbülün uşaqlıq illərinə aid şəkillər saxlanılırdı. Muzeydə onun şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları asılmışdı. Müğənninin ailəsi ilə və tək çəkdirdiyi şəkillər, 1914-cü ildə Gəncədə ona verilmiş pasport birinci otaqda sərgilənirdi.  Bülbül 1921-ci ildə konservatoriyaya daxil olur. O, vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə idi. Muzeydə Bülbülün tələbə bileti nümayiş olunurdu.
 
1931-ci ildə “Arte-Nostra” jurnalı Bülbülün böyük portretini və “Azərbaycanlı Bülbül” məqaləsini çap etmişdir. Muzeydə həmin məqalənin mətni saxlanılır. Məqalədə deyilir: “Bülbül müsəlman aləmində İtaliyaya təhsil almaq üçün gələn ilk vokalçıdır və özünəməxsus Şərq oxuma tərzinə malik olaraq Avropa vokal məktəbini keçmişdir”.
 
Mahir müğənninin 1933-cü ildə vokalistlərin Moskvada keçirilmiş birinci Ümumittifaq müsabiqəsində aldığı diplomun fotoşəkli, 1935-ci ildə Şuşada musiqi məktəbi və texnikumun təşkilində yaxından iştirakını əks etdirən sənədlər  ikinci otaqda nümayiş etdirilirdi. Ekspozisiyada Bülbülün 20-ci illərdə Gəncədəki fəaliyyəti, mədəni inqilab illərində Azərbaycanda musiqi quruculuğunda fəal iştirakı əks etdirilmişdi. Vitrinlərdə Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan sənədlərin foto surətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və ailəsi ilə şəkilləri nümayiş etdirilirdi. Foto şəkillərlə yanaşı  Bülbülün əlyazmaları, dərc edilmiş məqalə və məruzələri bu otaqda idi.
 
Burada həmçinin Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri sərgilənirdi. İkinci otaqda düzəldilmiş vitrinlərdə Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, eləcə də xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi. Burada Bülbülün iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkilləri, məruzələri, onun iştirakı və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi məktubların əsli və fotosurətləri yer almışdı. Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tuturdu.  Muzeyin fasadında vurulan memorial lövhələrin arasında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən hazırlanmış uşaqlıq illərinin portreti yer almışdı.
 
Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Əfsuslar olsun ki, Bülbülün Şuşadakı memorial muzeyi hazırda erməni işğalı altındadır. Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğalı nəticəsində muzeyin 10 mindən artıq eksponatı məhv edilmiş və talan olunmuşdur. Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edərək bır sıra ölkələrdə nümayiş etdirirlər.